11 min fərarisi olan düşmən ordusu qadın döyüşçülərin ümidinə qalıb
Siyasət

11 min fərarisi olan düşmən ordusu qadın döyüşçülərin ümidinə qalıb

Belə bir atalar məsəli var: "qozbeli qəbir düzəldər". Belə ki, xain, xəbis xarakter heç vaxt dəyişmir. Əksinə, hələ bir az da artır ki, azalmır, varlığını bürüyən pisliklər, namərd əməllər ətrafını sarır. Belələri nə fərd, nə millət, nə də qonşu kimi yararlı olmur. Bunlar olduqları yeri, məkanı da xarabazara çevirirlər. Necə ki, bu gün dünya erməni bəlası kimi bir "epidemiya"ya yoluxub. Bəşəriyyət zamanla vəba, taun, koronavirus kimi yoluxucu epidemiylardan qurtula bilib, amma erməni bəlasından hələ ki, qurtula bilmir.

İllər öncə Ermənistan ordusu barədə fikirlər fərqli idi. Özünü güclü, nizami ordu qurucusu kimi qələmə verməyə çalışan haylar buna müəyyən qədər nail ola bilmişdilər. Lakin İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu haqqında illərlə yaranmış fikirlər tamamilə darmadağın oldu. Məlum oldu ki, ermənilərin orduları haqqında uydurulmuş miflər boş cəfəngiyyatdan başqa bir şey deyilmiş. Azərbaycan torpaqları işğal olunanda da əslində, Ermənistanda güclü, nizami ordu olmayıb. Ermənilərin özləri kimi xain arxası, dayağı olub.

Ancaq Ermənistan bir məsələni başa düşməyib ki, məğlub etməyə çalışdığı xalq bir gün ona əsl məğlubiyyətin nə olduğunu göstərəcək. Nəhayət, həmin gün yetişdi. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə cəmi 44 günə başa çatdı.

Yəni, nizami, güclü orduya sahib Azərbaycan dövləti Ermənistana öz döyüş taktikası, əzmi və mərdliyi ilə dərs verdi. Rəşadətli Azərbaycan əsgəri ermənilərin qorxulu röyasına çevrilmişdi. Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun tərkibində könüllü dəstələr də döyüşürdü. Bu insanların hər birinin bir amalı, məqsədi torpaqlarımızı düşmən tapdağından azad etmək idi. Elə bu istək də istər əsgərlərin, istərsə də könüllü dəstələrin gücünə, qüvvəsinə çevrildi. 44 gün ərzində ordumuzun qəhrəman oğullarından bir nəfər də olsun fərari olmadı. Sinələrini düşmən gülləsinə, tankına sipər etdilər. Şəhid oldular, əlil oldular, amma fərari olmadılar. Düşmənin gözünə dik baxaraq döyüşdülər. Tankın, topun üzərinə şığıdılar. Azərbaycan əsgərinin bu misilsiz qəhrəmanlığı dünya hərb tarixinə yeni, şərəfli səhifə yazdı. Ermənistan ordusu isə döyüşlərin ilk günündən özünənəzarəti itirdi. Məlum oldu ki, orduda fərarilik baş alıb gedir. Yaxın günlərdə Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan da bunu etiraf etdi. Hətta, o da məlum oldu ki, sən demə Ermənistan ordusunda olan fərarilərin sayı, bu vaxta kimi açıqlanandan da çox imiş. Annanın verdiyi məlumata görə, İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda 11 min nəfərdən çox fərari olub. O, qeyd edib ki, "Bu gün mən reallığın nədən ibarət olduğunu deməliyəm. Reallıq budur ki, 44 günlük müharibə zamanı bizdə 11 min fərari var idi. Məhz fərarilər. Onları başqa cür adlandıra bilmərəm. Söhbətin nədən getdiyini başa düşürsünüz? 11 minin nə demək olduğunu təsəvvür edə bilərsiniz? Müharibə zamanı ali baş komandan könüllüləri vətənin müdafiəsinə çağıranda, bu çağırış yerinə yetirilmədi. Mən bir qadın olaraq dəstə yaradaraq göstərmək istədim ki, ehtiyac o dərəcədədir ki, qadınlar da müharibədə iştirak edirlər, amma buna da gözlənilən reaksiya olmadı. Bu barədə danışmaq lazımdır. Reallığı gizlətməməliyik".

Ermənistan baş nazirinin həyat yoldaşının çıxışından sonra belə bir qənaətə gəlmək olur ki, bu dövlətin ordusu da elə özü kimi qondarma, saxta imiş. Əslində, Anna Akopyan öz çıxışı ilə bir daha təsdiq edir ki, Ermənistan ordusu nə qədər acınacaqlı və səfil gündə olub. Özünün qadınlardan ibarət silahlı dəstə yaratması ilə öyünsə də, belə görünür ki, Ermənistan ordusu müharibə dövründə qadınların ümidinə qalıbmış. Reallıq, həqiqət sadəcə bundan ibarətdir. Eyni zamanda, 11 min erməni əsgəri fərari kimi ordudan qaçmasaydı, düşmən tərəfdən ölənlərin sayına 11 min də əlavə olunacaqdır. Demək ki, fərarilik edən minlərlə erməni döyüşçüsü reallığın nədən ibarət olduğunu Ermənistan rəhbərliyindən daha yaxşı anlayıb.

Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Müharibənin ilk günlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısının çağırışına bütün xalq ayağa qalxdı. Xalq-ordu birliyi, vəhdəti yarandı. Könüllü olaraq döyüşə getmək istəyən minlərlə insan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə can atdı. Silaha sarılaraq düşməni məhv etdi. Azərbaycan əsgərini nə erməni silahı, nə də ölüm qorxutmadı. Son damla qanına kimi döyüşdü, amma bir addım belə geri çəkilmədi. Düşmən gülləsindən yaralandı, yenə də döyüşə davam etdi. Ağır yaralanan Azərbaycan əsgəri qospitaldan müalicəyə deyil, yenə də müharibəyə, döyüşə yollandı. Çünki o öz torpağı, Vətəni uğrunda döyüşürdü. Və bunu da bir vətəndaşlıq borcu, şərəfi bilirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarının birində döyüşçülərimiz haqqında demişdir: "Azərbaycan Ordusunda bir nəfər də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz döyüş meydanına qayıdaq, öz missiyamızı başa vurmalıyıq. Azərbaycan xalqı öz böyüklüyünü, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz bilirik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik".

Dövlət başçısının da dediyi kimi, torpaqlarımızı işğaldan azad etmək bizim borcumuz idi. Onu da şərəflə, qürurla yerinə yetirdik. Azərbaycan oğlu Vətənin dar günündə sinəsini düşmən gülləsinə sipər, ürəyini səngər edər. Amma heç zaman Azərbaycan qadınını düşmən qarşısına çıxarmaz. Bu, millətimizin milli mənliyi, qeyrət, kişilik dərsidir. Bəli, müharibə bitsə də, hələ də düşmən həmləsi, xain hücumlar səngimək bilmir. Biabırçı məğlubiyyəti ilə barışa bilməyən Ermənistan və formal olaraq qalan ordusu hər vəchlə torpaqlarımıza soxulmağa, münaqişə yaratmağa çalışır. Bütün həmlələrdə də layiqli cavabını alır, böyük itkilərlə geri çəkilir. Ermənilər yaxşı bilir ki, bu gün Azərbaycan ordusu ilə üz-üzə döyüşəcək qüvvələri yoxdur. Ona görə də, tülkü kimi gecələr xəlvəti təxribatlara əl atırlar. Dumanlı hava şəraitindən istifadə etməklə gizlin dağ yolları ilə əraziyə silah-sursat, canlı qüvvə daşıyır, mina basdırılmasını davam etdirirlər. Əlbəttə ki, bütün bunların da qarşısını Azərbaycan əsgəri mərdliklə alır. Görünür, 44 günlük Vətən müharibəsində Ermənistan yaxşı dərs almayıb. Və yaxud da verdiyi itkilərin, döyüşdən canını götürüb qaçan fərarilərin fərqinə varmır. Əgər Paşinyan və onun komandası bütün bunları anlasaydı, o zaman özünə də, olmayan ordusuna da dayan əmri vermək cəsarəti tapardı. Əhalisinin sayı üç milyonun üzərində artıb-azalan bir dövlətin 11 min fərarisi olursa, o zaman hansı gücə arxalanaraq üçüncü müharibə eşqinə düşür? Məsələnin mahiyyətini anlamaq isə o qədər də çətin deyil.

Ramidə YAQUBQIZI,

"Respublika".