Viran qalmış kəndimizin unudulmayan xatirələri
Sosial həyat

Viran qalmış kəndimizin unudulmayan xatirələri

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbə, bizə xalqımızın əsrlər boyu üzləşdiyi fəlakətlərin, soyqırımı aktlarının hesabını çəkmək, tarixi ədaləti bərpa etmək imkanı yaradıb. Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilmiş Azərbaycanın bu gün növbəti hədəflərindən biri Qərbi azərbaycanlıların pozulan hüquqlarının tanınmasına nail olmaqla, onları əzəli yurdlarına qaytarmaqdır. Bu hədəf öz tarixi ata-baba torpaqlarından zorla deportasiya edilmiş yüz minlərlə soydaşımızın ən böyük arzusu, xəyalıdır.

Ermənilər tarix boyu soydaşlarımıza qarşı dəfələrlə soyqırımı törədiblər, onları öz yurdlarından didərgin salıblar. Təkcə bu gün Ermənistanda bir nəfər belə azərbaycanlının yaşamaması faktının özü kimin haqlı, kimin haqsız olduğunu sübut edir. 1991-ci ildə azərbaycanlıların vaxtilə əhalisinin mütləq əksəriyyətini təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması başa çatdırıldıqdan sonra həmin torpaqlar ermənilər tərəfindən mənimsənilib. Dünyaya özlərini məzlum xalq kimi sırımağa çalışan bu soysuzlar tarixi yurd yerlərimizin bir qismində yaşasalar da yüzlərlə kəndlərimiz mədəni irsimizlə birlikdə tamamilə dağıdılaraq xarabalığa çevrilib. Bu kəndlərin böyük bir qismi 1918-1920-ci illərin faciəli soyqırımının, bir qismi 1948-1953- illərdəki, sonuncusu isə - 1980-ci illərin sonlarında ermənilər tərəfindən misli görünməmiş qəddarlıqla həyata keçirilmiş deportasiyanın şahidləridir. Hər bir kənd xarabalığı Qərbi azərbaycanlıların başına gətirilən faciələrdən xəbər verir arxiv sənədlərində bu kəndlərin bir çoxunda ötən əsrin əvvəllərində Cənubi Qafqaza axın edən ermənilər tərəfindən kütləvi qətliamların həyata keçirilməsi haqqında məlumatlar mövcuddur. Həmin kəndlərin təkcə insanlarına qarşı qətliamlar törədilməyib, tarixi abidələr, məscidlər, mədəni irs nümunələri, qəbiristanlıqların böyük bir qismi erməni barbarlığı nəticəsində tamamilə yer üzündən silinib.

''35 ildir Vətən həsrətiylə alışıb yanıram. Hər gecə kəndimizi, qayğısız - xoşbəxt günlərimi, atamın anamın əlimdən tutaraq kəndimizin mərkəzində yerləşən rəhmətlik Təyyar dayının dükanından sevdiyim şirniyyatları almalarını, rayon mərkəzinə gedərkən ermənilərdən qorxaraq atamın qucağına çıxmağımı görürəm. Demək ki, mən yuxumda heç böyüməmişəm''. Bu fikirləri əslən Göyçə mahalının, Basarkeçər rayonu, Nərimanlı (Hüseynquluağalı) kəndində dünyaya gələn, 10 ildir İstanbulda yaşayan həmyerlimiz Aytən Kanber vurğulayıb.

Nərimanlı kəndinin adı yarandığı ilk gündən XIV əsrin sonu (1387-1388), XV əsrin əvvəllərindən (1410-1415) 1988-ci ilin dekabrına qədər dəfələrlə dəyişdirilib. Hüseynquluağalı 1387-1388-1926- ilə qədər, Nərimanlı 1926-1988-ci ilin dekabrına qədər olmuşdur.

Qazax mahalından Göyçə mahalına gələn dörd qardaş Quluağa (Böyük Məzrə), Vəliağa (Zod) Qaraiman (Oğruca), Hüseynquluağa (Nərimanlı) kəndin himini salmışdır. Kəndin sonuncu adı Nərimanlı isə böyük dövlət xadimi Nəriman Nərimanovun adı ilə bağlıdır. Sonradan isə 1991-ci ildə yenidən dəyişdirilib Şatvan qoyulmuşdur.

''Uşaqlıq illərimin ən yaddaqalan günləri elimin, obamın, doğmalarımın əhatəsində keçirdiyim günlərdir. Yaddaşım kağız üzərində çəkilmiş rəsm əsəri kimidir. Aradan uzun illər keçməsinə baxmayaraq, bu rənglər solmur, tam tərsinə, daha da tündləşir. Doğma Vətənim, ən gözəl yuxum, qoynunda dünyaya göz açdığım, ayaq tutub torpağında yeridiyim Nərimanlı kəndi mənim yaddaşımda silinməz iz buraxıb. Kənddə cəmi 5 yaşıma qədər yaşasam da evimiz, qohumlarımız, bulaqlarımız, dağlarımız, ümumən Nərimanlıdakı qayğısız uşaqlıq illərim daim xatirimdədir. Çox xoşbəxt böyümüşəm. Kinin, nifrətin, kədərin olduğunu bilməmişəm. İndi isə bu xoş hisslərdən çox-çox uzaqlardayam'', - deyir Aytən Kanber.

''Kənddən ayrılanda 5 yaşım vardı. Atam işi ilə bağlı Bakıya köçmək məcburiyyətində qaldığından çox ağlamışdım. Mən onunla Bakıya getmək istəmirdim. Sanki hisslərim getmə, bir daha kəndə qayıtmayacaqsan deyirdi. Nənəmə, babama sarılaraq yalvarırdım ki, olar, məni qoymayın gedim Bakıya... Ailəlikcə Mehdiabad qəsəbəsinə yerləşdik. Hər il məktəbin bağlanmasını səbirsizliklə gözləyərdik. 3 ay yay tətilini kəndimizdə keçirirdik. Rəhmətlik babam Məsi kişi ilə Nərimanlı kəndinin yaylaqlarını gəzib dolaşmışam. Kəndimizdə insanlar tütünçülük, taxılçılıq, xalçaçılıq heyvandarlıqla məşğul olurdu. İnsanlar səmimi, mərd çox qonaqpərvərdi''.

1988-ci ilin qarlı-şaxtalı noyabr günlərinə qədər Nərimanlı kəndi mənə görə dünyanın ən təhlükəsiz bir yaşayış məntəqəsi idi. Lakin bir gün atamın narahatlığından, anamla xısın-xısın danışmalarından, nələr baş verdiyini öyrəndik biz qayğılanmağa başladıq. Çünki bütün qohum-əqrəbalarımızın hamısı kənddə yaşayırdı. Onlara kömək etmək üçün atam bizlərlə vidalaşaraq kəndə getdi. Atam danışırdı ki, yolda ermənilər bir neçə dəfə onların maşınlarına atəş açıblar, təsadüf nəticəsində maşında kimsə xəsarət almayıb. "Kəndə çatanda kəndimizi tanımaqda çətinlik çəkdim", - deyirdi atam. Kənd saqqallı qəddar ermənilərlə dolu idi. Kənd sakinləri gecələr evlərə erməni basqını olmasın deyə qadın, qoca uşaqları qorumaq məqsədilə səhərə kimi keşik çəkirdilər. Bu narahat dolu günlər 1988-ci ilin noyabrında başa çatdı. Göyçədən Kəlbəcər istiqamətinə bir-birinin ardınca düzülən, qarlı aşırımlarda sürüşüb qəzaya uğrayan köç karvanları ilə min cür əzab-əziyyətə qatlaşan kənd sakinləri, o cümlədən bütün qohum-əqrəbalarımız Azərbaycana pənah gətirdilər.

O vaxtdan düz 35 il keçib. Atam, anam, qardaşlarım doğmalarımın əksəriyyəti Vətən nisgili ilə köç edib bu dünyadan. Amma bu həyat mənə Nərimanlıda keçən 5 illik uşaqlıq illərimi əsla unutdurmayıb. Uşaqlığı müharibəyə düçar olan bir insan kimi daim yurd nisgilini ürəyimdə yaşatmışam. Şəhərdə yaşasam da orada rahatlıq tapa bilməmişəm, ruhən kəndimizə bağlı olmuşam. Ömür səhifəmi vərəqlədiyim zaman qayğısız, xoşbəxt 5 il yaşadığım günlər kino lenti kimi canlanır gözümdə. Kaş heç böyüməsəydim''.

A.Kanber deyib ki, Prezident İlham Əliyevin konseptual tövsiyələri əsasında Qərbi azərbaycanlıların təşkilatlanması, Qərbi Azərbaycan İcmasının yaradılması, "Qərbi Azərbaycana Qayıdış Konsepsiyası"nın qəbul edilməsi əsrlər boyu doğma yurd həsrəti ilə yaşayan soydaşlarımızın tarixi torpaqlarımıza qayıdışını şərtləndirən mühüm amilə çevrilmişdir. Bütün bunlar bizdə inam yaradır ki, Qərbi Azərbaycana qayıdış hərəkatının nəticələri özünü ən yaxın zamanda göstərəcək ermənilər soydaşlarımıza qarşı törətdikləri bütün cinayətlərin hesabını verəcəklər!

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.