Vətənpərvərlər ölkəsi
Siyasət

Vətənpərvərlər ölkəsi

Xalqımız Qalib Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur

"Bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olmuşdur. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev vurğulayıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycanın gənclər siyasəti bütün dövlətlər üçün nümunədir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması gənclər siyasətinin təməl prinsiplərindən biridir. Bu gün gənclərimizin vətənpərvərlik hissi arzuolunan səviyyədədir. Ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü, vətənpərvər yeni nəsil yetişib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Bu siyasət nəticəsində gənclərimiz dövlətçiliyə bağlı, intellektual, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşıblar. Bu dövrdə yetişən vətənpərvər gənclər torpaqlarımızın işğaldan azad edilməsində başlıca rol oynadı. 30 ildən artıq müddətdə nankor qonşularımızla üz-üzə dayandıq.  İllərlə əzəli, əbədi torpaqlarımız yağı düşmənin işğalında qaldı. Ona görə də gənclərin  vətənpərvərlik ruhunda tərbiyəsi başlıca vəzifəyə çevrildi.  Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə, obasına hörmət, soykökünə, ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə diqqətlə yanaşıb. Çünki bu amillər gənclərdə fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, inam hissini gücləndirir, qələbəyə ruhlandırır.

Gənclər 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən əks-hücum əməliyyatlarında canlarını əsirgəmədilər. Erməni faşistləri tərəfindən işğal olunan torpaqlarımızı azad etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələrini verdilər. Azərbaycan əsgərlərinin son damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənsevərlik duyğuları yüksəkdir. Xalqımıza o böyük zəfər sevincini yaşadan da vətənpərvər Azərbaycan gəncləri oldu. İllərdir xain qonşularımızın xalqımıza yaşatdığı iztirablarda gənclərimizin yarıda qırılmış şəhid ömürləri əks olunur. Əslində, bizlərə qürur yaşadan o  məqamın adı gəncliyin şəhidliyə gedən zirvəsidir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı.

Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təcavüzünə cavab olaraq Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusuna əks-hücum haqqında əmr verdi. Bu qərarı nəinki Azərbaycan Respublikasının vətəndaşları, bütün dünyaya səpələnmiş azərbaycanlılar dəstəklədi. İstər hərb meydanında, istər informasiya sahəsində Azərbaycan xalqının haqq mübarizəsi geniş vüsət aldı. Xalqın, ordunun birliyi fonunda mühüm qələbələrə imza atıldı. Qələbələrin zirvəsi Azərbaycanın dilbər guşəsi, mədəniyyət ocağı, milli qeyrət, milli mənlik simvolu olan Şuşa şəhərinin azad edilməsi oldu.

Dövlətimizin başçısı deyib ki, biz öz siyasətimizi ardıcıl şəkildə aparırıq. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Tarixi Zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. Biz gələcək nəsli də vətənpərvərlik ruhunda tərbiyə edəcəyik, necə ki, bunu həmişə etmişik və elə gözəl gənc nəsil yetişdirmişik ki, döyüş meydanında ölkəmizin bayrağını qaldırır.

Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Bu mənada, Vətən müharibəsi əsl reallığı ortaya çıxardı, cəmiyyət öz kökünə bağlı, heç vaxt görmədiyi doğma torpaqlarının tarixinə yaxından bələd olan, unutqan olmayan, gözünü qırpmadan Vətən uğrunda canını fəda edən cəsur gəncliyi gördü. Fəxr etdiyimiz gənclər məhz ulu öndər Heydər Əliyev siyasi məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tarixi qələbəmizdə əsas yükü, əsas vəzifəni bu gənc nəsil yerinə yetirdi: "2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi".

Bu döyüşlər, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. İkinci Qarabağ müharibəsinin Vətən müharibəsi adlandırılması heç də təsadüfi deyil. Çünki bu müharibədə Azərbaycan xalqı Vətəninin bütövlüyü uğrunda, vahid amal ətrafında dəmir yumruq kimi birləşərək əsl həmrəylik və birlik nümayiş etdirdi. Hər bir azərbaycanlı həm ön, həm də arxa cəbhədə ölkəmizin mənafeyini müdafiə etmək, qələbəmizə töhfə vermək üçün əlindən gələni etdi. Hətta Qarabağı görməyən gənclərimiz bu torpaqlar uğrunda düşünmədən canlarını fəda etdilər. Bu, bir daha göstərirdi ki, Azərbaycan xalqında Vətən sevgisi, vətənpərvərlik ruhu nə qədər yüksəkdir. Sıralanan qələbələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu, bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü təmin edəcəyini sübuta yetirdi.

Biz hər zaman gənclər bizim gələcəyimizdir deyirik. Bugünkü Azərbaycan gəncliyi həm gələcəyimizin qurucuları oldular, həm də bu günümüzün. Belə ki, məhz Azərbaycan gəncliyinin vətən sevgisi, azadlıq ruhu, cəsurluğu, Ali Baş Komandana inamı və etimadı nəticəsində Vətən savaşında misilsiz şücaətlər göstərildi, Qarabağımız azad edildi. Artıq Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız ata-baba yurdlarımızda - Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Xankəndidə... dalğalanır.  Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin mütəmadi olaraq xalqımıza müraciəti soydaşlarımıza, o cümlədən gənclərə böyük ruh yüksəkliyi verirdi. Bu gün Azərbaycan gənci cənab Prezidentin fəaliyyətini özünə örnək bilərək Vətənimizi göz bəbəyi kimi qorumağa hazırdır. Bu gün gənclərimiz Ulu öndər Heydər Əliyevin dediyi kimi, hər zaman azərbaycanlı olmaqları ilə fəxr edir və qalib ölkənin vətəndaşı olmaqdan qürur hissi duyurlar. Artıq üç ildir müzəffər xalq kimi yaşayırıq və bu qürurverici amil bizimlə bundan sonra əbədi olacaq.

Mustafa KAMAL,

"Respublika".