Seçici fəallığının şahidi olduq
Siyasət

Seçici fəallığının şahidi olduq

Xalq əmindir ki, İlham Əliyev əvvəlki prezidentlik dövrlərində olduğu kimi, yeni mərhələdə də etimadı layiqincə doğruldacaq

Növbədənkənar prezident seçkilərində indiyədək görünməmiş yüksək səviyyəli seçici fəallığının şahidi olduq. Əhalinin 70%-dən çoxunun iştirakı öz-özlüyündə bu seçkilərə verilən böyük önəmin göstəricisidir. Nəticələr də bütün xalqın gözlədiyi kimi oldu. Seçki prosesini izləyən beynəlxalq müşahidəçilərdən heç bir mənfi rəy səsləndirilməyib. Dünyanın müxtəlif bölgələrindən çoxsaylı dövlət rəhbərlərinin İlham Əliyevə təbrik məktubları daxil olmaqdadır.

Xalq sözünü dedi və indi mahiyyət və keyfiyyət etibarilə öz tarixinin yeni bir səhifəsinə başlayır. Seçkilərdən sonra qarşıda bölgədə sülhün etibarlı şəkildə təmin olunması, məcburi köçkünlərin azad olunmuş Qarabağa və Şərqi Zəngəzura, qaçqınların Ermənistandakı ata-baba torpaqlarına ləyaqətli qayıdışı və dayanıqlı iqtisadi inkişafın davam etdirilməsi kimi böyük vəzifələr dayanır. Xalq bu vəzifələrin yerinə yetirilməsini Prezident İlham Əliyevə etibar edib və əmindir ki, əvvəlki prezidentlik dövrlərində olduğu kimi, yeni mərhələdə də etimadı layiqincə doğruldacaq.

Astanasında olduğumuz yeni dövr yeni ideyalar və təşəbbüslər əsasında Azərbaycanın davamlı inkişafını təmin edəcək quruculuq və yaradıcılıq dövrü olacaq. Bu dövrdə Azərbaycan geosiyasi rəqabətdə öz mövqeyini daha da möhkəmləndirəcək, beynəlxalq sistemin bütün üzvləri ilə milli maraqlara əsaslanan qarşılıqlı əməkdaşlıq daha da dərinləşəcək və çox da uzaq olmayan perspektivdə ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulacaq. Bütün bu məqsədlərə nail olmaq üçün Prezident İlham Əliyevin düşünülmüş və aydın fəaliyyət proqramları var. Xalq tezliklə bu istiqamətdə aparılan işlərin nəticəsini görəcək.                        

Cavanşir FEYZİYEV,

Milli Məclisin deputatı.