Vətəndaşların taksi xidmətindən narazılığı artır
Sosial həyat

Vətəndaşların taksi xidmətindən narazılığı artır

Günümüzdə bir yerdən başqa yerə çatmaq üçün bir neçə alternativ mövcuddur. İctimai nəqliyyat, şəxsi avtomobil, metro, taksi və sair. Hazırda paytaxtda 100-ə yaxın taksi şirkəti fəaliyyət göstərir. Sistem isə bu formada işləyir, siz olduğunuz yerdən gedəcəyiniz ünvana taksini sifariş verir və oradaca nə qədər ödəniş edəcəyinizi, neçə dəqiqəyə çatacağınızı öyrənmiş olursunuz. Bu ilk baxışda insanlara cəzbedici kimi görünə bilər.

Olduğunuz yerdən tərpənmədən sizi gəlib götürür və rahatlıqla istədiyiniz yerə aparır. Lakin bu, Aysberqin sadəcə görünən tərəfidir. Hazırkı taksi şirkətlərinin heç biri işə götürən zaman sürücünü müsahibədən keçirib onun psixologiyasını, sürücülük təcrübəsini və ya cərimə keçmişini araşdırmır. Eləcə 5 dəqiqə içərisində onlayn qeydiyyat vasitəsi ilə işə götürür. Hətta tətbiqə daxil olan zaman "sürücü ol", "öz şəxsi qrafikinlə yüksək gəlir qazan" kimi şüarlarla vətəndaşları cəlb etməyə çalışırlar. Xaricdən idarə edilən bu taksi proqramlarının hər birinin məqsədi isə daha çox vətəndaşın gözünü boyayaraq, sistemə cəlb etmək və ölkədə öz nüfuzunu artırmaqdır. Burada yaranan əsas problem isə işə götürülən vətəndaşların şirkət tərəfindən heç bir maşın və ya park yeri ilə təmin olunmamasıdır. Elə buna görə də şəhərdə tıxaclar daha çox artır və insanlar ictimai nəqliyyatdan üz döndərərək, əcnəbi taksi şirkətlərinə üz tutur. Əslində, bunun digər bir səbəbi də şirkətlərin mütəmadi şəkildə müştərilərə endirim kampaniyalarını təqdim etməsidir. Bəzən də sürücülərin çoxu, ilk növbədə, gedişi qəbul edib, sonradan qiyməti gördüyü təqdirdə, gəlməyib gecikən vətəndaşı daha da yubandırır.

Maraqlısı odur ki, taksilər ünvana daha tez çatmaq üçün nəzərdə tutulub. Bu zaman siz gecikməmək üçün taksi çağırır və bir neçə dəqiqə sonra təyin olunan sürücünü gözləyirsiniz. Lakin sürücü qiymət sərf etmədiyi və ya başqa bir səbəbdən 5-10 dəqiqə sonra gedişi ləğv edirsə, bu zaman siz artıq gedəcəyiniz ünvana 2 qat gecikirsiz. Əslində, bu hallar artıq adiləşib. Əcnəbi şirkətlərinin digər bir qəbahəti isə Azərbaycan qayda və qanunlarına riayət etməməsidir. Təəssüf ki, əcnəbi və transmilli şirkətlər buna riayət etmirlər. Bu zaman yerli taksiçilərlə əcnəbi şirkətlər arasında gedən rəqabət qeyri-sağlam xarakter alır.

Ən çox narazılıq yaradan məsələ isə müştərinin kartla ödəniş etdiyi zaman sürücünün gedişi ləğv etməsi və ya təklifi qəbul edib ünvana gəlməməsidir. Bu zaman sizin kartınızdan pul çıxılır,  lakin sürücü gəlmir. Həmçinin bir çox sürücülər tətbiqin sizə göstərdiyi puldan artıq da ala bilir. Bu zaman tətbiqdə bir problem olduğunu və əslində qiymətin daha çox göstərdiyini bildirərək, müştəriləri aldadırlar. İnsanların şikayətləri də elə ən çox buna görədir: "Sürücü dedi ki, kartla ödənişdirsə, aparmıram", "Avtomobili çox sürətlə idarə edir, söz deyirəm, aqressiv cavab verir", "Gəlib çatdı, gediləcək ünvanı biləndə aparmaqdan imtina etdi" və sair. Taksi şirkətlərinə həmin şikayətlərin ünvanlanmasına baxmayaraq, həll yolu tapılmır. Sosial şəbəkələrdə vətəndaşların şikayətlərindən o nəticəyə gəlmək olar ki, yazılan şikayətlər oxunmur, oxunsa da, nəzərə alınmır. Şirkətlərdə ciddi dərəcədə sürücü çatışmazlığını nəzərə alsaq, taksi şirkəti uzağı sürücünü çağırıb xəbərdarlıq edəcək və ya sadəcə bir töhmət verəcək. Çünki şirkətlər həmin şikayətlərə subyektiv yanaşır və hər şikayətə görə də əməkdaşını işdən çıxarmır. Əlbəttə, bu isə problemi həll etmir. Belə olduğu halda vətəndaşlar arasında sual ortaya çıxır ki, bəs biz problemimiz olan zaman hara müraciət edək? Əgər hüquqları istehlakçı kimi pozulursa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, sürücü onlarla kobud rəftar edibsə, Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti" ilə əlaqə saxlanılmalıdır. Kartların istifadəsi, nağd ödənişlə bağlı problem varsa, taksi xidmətinin ümumi fəaliyyətindən narazı qalıblarsa, Bakı Nəqliyyat Agentliyinə müraciət ünvanlamalıdırlar. Əlbəttə, məsələ daha ciddidirsə, bu zaman məhkəməyə də baş vura bilərlər. Ötən il şirkətlərin sosial şəbəkələrində minlərlə narazı  vətəndaşın rəyi olmasına baxmayaraq, rəsmi olaraq cəmi 50-yə yaxın şikayət ünvanlanıb. Buna əsasən, həmin sürücülər haqqında araşdırmalar aparılıb və müvafiq tədbirlər görülüb. Əlbəttə, yol polislərinin də nəzarəti bu mənada çox vacibdir. Sürücünün narkotik maddənin təsiri altında olması, sərxoş halda nəqliyyat vasitəsi idarə etməsi ilə bağlı şikayətlərin çoxluğu nəticəsində polis əməkdaşları müştəri qismində taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdə əyləşir və nəzarət profilaktik tədbirlərini həyata keçirirlər.

Digər bir tərəfdən, siz taksi şirkətinə sifariş vermək üçün qeydiyyatdan keçən zaman öz şəxsi nömrənizi sistemə qeyd edirsiniz. Nəticədə niyyəti pul qazanmaq olmayan bəzi sürücülər xanım müştərilərin nömrələrinə zəng edərək onları narahat edir. Həmçinin gecə vaxtı vətəndaşları aparan zaman onlara əxlaqsız təkliflər edirlər. Ötən günlərdə Daxili İşlər Nazirliyinin sürücülərin xanım sərnişinlərlə qeyri-etik formada davranışları, əxlaqsız təklifləri ilə əlaqədar keçirdiyi əməliyyatlar nəticəsində 63 sürücü müəyyənləşdirilərək saxlanılıb. Qeyd edək ki, belə hallar baş verdiyi zaman vətəndaşlar dərhal ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər. 

Töhfə SƏMƏDOVA,

"Respublika".