Vaşinqton katalizator rolunda
Siyasət

Vaşinqton katalizator rolunda

ABŞ-ın dövlət katibi Antoni Blinken İsrail rəhbərliyi ilə görüşmək, həmçinin İordan çayının qərb sahilinə gedərək Fələstin hakimiyyətinin nümayəndələri ilə danışıq aparmaq məqsədilə regiona yenidən səfər edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin sosial media hesabında paylaşdığı məlumatda deyilir: "Dövlət katibi Antoni Blinken bütün girovların azad edilməsi və Qəzza sektoruna humanitar yardımın çatdırılması məsələlərini müzakirə etmək üçün İsrail və Fələstin rəhbərliyi ilə görüşəcək".

Antoni Blinkenin İsrail rəhbərliyi ilə Qəzza sektorunun cənubunda aparılacaq hərbi əməliyyatları müzakirə edəcəyi, İordan çayının qərb sahilində Fələstin Prezidenti Mahmud Abbasla danışıqlar aparacağı gözlənilir. ABŞ İsraildən döyüşlər zamanı mülki şəxslər arasında itkiləri azaltmaq və infrastruktura dəyəcək zərəri minimuma endirmək məqsədilə daha ehtiyatlı hərəkət edilməsini tələb edib. Göründüyü kimi, ABŞ yenə öz sülh maskasını taxıb, maskanın arxasında isə qan qoxusu almış köpək balığı kimi ovunu parçalamağa hazır vəziyyətdə gözləyir. ABŞ-ın bəzi dövlətlərdə sabitliyi pozmaq, sülhü baltalayıb çaxnaşma yaratmaq, dövlət çevrilişi etmək cəhdləri artıq hər kəsə məlumdur.

ABŞ hakimiyyəti bildirib ki, Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək. Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden İsrail rəsmiləri ilə təmasda "ABŞ-ın HƏMAS-la müharibədə İsrailə dəstəyini davam etdirəcəyini" vurğulayıb.

ABŞ-ın hazırda yürütdüyü bu siyasət Ukrayna ssenarisini xatırladır. Bir qədər irəli getsək, görərik ki, rəsmi Vaşinqton tarixən bu kimi hadisələrdə ara qarışdıran, münaqişələri alovlandıran tərəf kimi xatırlanır. "Rəngli inqilablar" tarixinin əsas simalarından olmasa da, ABŞ o "üzlər"in arxasında dayanmış "demokratiya" sərkərdəsi rolunda olub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün "Telegram" kanalında yazıb ki, "Amerika entomoloqları" həşəratlar üzərində təcrübələr aparmağı çox sevirlər. Hər cür müxtəlif hörümçəkləri bir bankaya qoyub, onların bir-birini udmasını səbirsizliklə izləmək onların milli əyləncəsidir".

Bir müddət öncə "Reuters" agentliyinin jurnalistləri qeyd edib ki, Vaşinqtonun Ukrayna silahlı qüvvələrinə hərbi dəstəyi sayəsində Amerika ştatları 27 milyard dollar həcmində qazanc götürüb.

Bu yaxınlarda "Washington Post" qəzetində dərc olunmuş məlumatda isə deyilir ki, Vaşinqtonun Ukrayna ordusunu dəstəkləmək üçün ayırdığı maliyyə vəsaitlərinin çox hissəsi ABŞ-da qalır, bütün vəsaitlər Kiyevə çatmır. Çünki ABŞ hakimiyyəti o vəsaitdən yeni silahlar hazırlamaq və ya Ukraynaya tədarük üçün hərbi texnikanı əvəzləmək məqsədilə istifadə edir. "Vaşinqtonun Kiyevə hərbi yardımının ən mübhəm sirri odur ki, vəsaitin böyük hissəsi burada ABŞ-da xərclənir", - deyə yazıda qeyd olunur. Materialda vurğulanır ki, amerikalıların Ukraynaya yardım üçün ayırdıqları 68 milyard dolların təxminən 90%-i ABŞ-da xərclənəcək.

Buradan da aydın şəkildə bəlli olur ki, ABŞ sadəcə öz maraqları naminə digər dövlətlərdə münaqişələri alovlandırır, sırf məkrli siyasətini reallaşdırmaq məqsədilə ölkələrdə sülhü baltalayır. Ukraynanın başını müxtəlif vədlər, şirin sözlərlə aldadaraq savaşa çəkən rəsmi Vaşinqton indi də bunu İsrail, Ermənistan kimi ölkələrdə tətbiq etmək istəyir.

ABŞ-ın anti-Azərbaycan siyasəti müharibədən sonra daha da artıb, Azərbaycanı öz istədikləri kimi yönəltmə cəhdləri davam edir. Geosiyasi maraqlarını ölkəmiz üzərindən gerçəkləşdirmək istəyən rəsmi Vaşinqton unutmamalıdır ki, Azərbaycan onların idarə edə biləcəyi bir dövlət deyil, müstəqil, qalib bir ölkədir. ABŞ rəsmiləri deyəsən bir az da olsa bunu başa düşüblər. Belə ki, noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Rəsmi Vaşinqton təzyiq mövqeyindən geri addım atıb. Hər kəsə aydın olmalıdır ki, Azərbaycana qarşı atılan məkrli addımların heç bir nəticəsi olmayacaq. Azərbaycan öz siyasətində qəti və prinsipialdır, onunla təzyiq və təhdid dilində danışılmasına icazə verməyəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".