Deputat: Fransanın antisemitizm siyasəti qəbuledilməzdir
Siyasət

Deputat: Fransanın antisemitizm siyasəti qəbuledilməzdir

Məlum olduğu kimi, son dövrlərdə Ermənistanla yanaşı, Qərbdə, o cümlədən Fransada da antisemitizm meyilləri özünü göstərir. Bu isə birbaşa Qərbin bəşəriyyətdə münaqişə ocaqlarını çoxaltmaq istəyindən irəli gəlir.

Məsələ ilə bağlı "Respublika"-ya açıqlama verən millət vəkili Aydın Hüseynov deyib ki, Fransanın, həmçinin Qərbin bu cür fəaliyyəti qəbuledilməzdir.

"Yaxın Şərqdə HƏMAS-la İsrail arasındakı baş verən toqquşmadan sonra bir çox ölkələrdə, o cümlədən Fransada antisemitizm tüğyan etməkdədir. Mən hesab edirəm ki, antisemitizm qəbuledilməz bir baxışdır və bu kimi proseslər mən pisləyirəm. Digər tərəfdən, bu münaqişənin xalqlara aid edilməsi, fələstinlilərin hədəf seçilməsi doğru deyil".

Deputat, həmçinin Azərbaycanın müharibələrin sülhlə həll olunmasında maraqlı olduğunu diqqətə çatdırıb:

"Ümid edirəm ki, Yaxın Şərqdəki bu münaqişə tezliklə sülh yolu ilə həll olunar. Dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin sözügedən müharibəni bəhanə edərək sıxışdırılması, onlara qarşı antisemitizm siyasətinin yeridilməsi yolverilməzdir. Ümumiyyətlə bu kimi məsələlərə üçüncü tərəflərin müdaxiləsi heç də ürəkaçan deyil".

Nəzrin ELDARQIZI,

"Respublika".