Xankəndidən Bərdəyə yox, birbaşa Cenevrəyə...
Siyasət

Xankəndidən Bərdəyə yox, birbaşa Cenevrəyə...

Azərbaycanda ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkünlərə yardım, itkin düşmüş şəxslərin tapılması adı altında fəaliyyətə başlayan BQXK (Beynəlxalq Qızıl Xaç Komitəsi) bu istiqamətdə müəyyən işlər görsə də öz missiyasını tam yerinə yetirməyib.

Qurum tərəfindən 1998-2001-ci illərdə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilmiş məlumatlara əsasən Birinci Qarabağ müharibəsi zamanı əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistanda və işğal altındakı Qarabağ ərazisində QX-nin əməkdaşları tərəfindən saxlanma yerlərində baş çəkilib, onlar rəsmi qeydiyyata alınıblar. Daha sonra 54 nəfərdən 17 nəfərinin meyiti qaytarılıb, 4 nəfərin sonrakı taleyi barədə isə ümumiyyətlə məlumat verilməyib. 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də onların nəşləri hələ də qaytarılmayıb. Beynəlxalq humanitar hüquq normalarının pozulması ilə bağlı qeyd olunan faktların hüquqi məsuliyyəti Ermənistanın üzərinə düşür. Lakin BQXK-nın da bunda məsuliyyəti və günahı az deyil. BQXK görüşüb qeydiyyata aldığı azərbaycanlı əsirlərdən 17-nin öldürülməsinə, 37 nəfərin taleyinin isə hələ də naməlum qalmasına göz yumub.

Birinci Qarabağ müharibəsində sanki gözlərini yumaraq iş görən QX nədənsə 2020-ci ildə baş verən müharibədə haylara güclü dəstək göstərib, "erməni təəssübkeşliyi" bu qurumun da iliklərinə qədər işləyib. BQXK ermənilərin problemlərinin həllinə yönəlik proseslərə çox fəal şəkildə qoşularaq göstərdiyi "şücaət" sayəsində 1700-dən artıq erməni hərbçisinin cəsədi aşkarlanaraq Ermənistana təhvil verilib. QX müharibədən sonra sərgilədiyi qərəzli mövqeyini bir daha nümayiş etdirdi. Azərbaycan qanunlarına hörmətsizlik edərək rəsmi Bakının icazəsi olmadan Xankəndi şəhərində özbaşına fəaliyyət göstərməyə başlayan BQXK beynəlxalq hüququ da heçə saydı. Lakin məsələ bununla da bitmirdi. Komitə separatçılarla birgə qaçaqmalçılıq fəaliyyəti göstərirdi. Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Laçın buraxılış məntəqəsində BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin qarşısı alınmışdı. Elə həmin dövrdə qurumun iki əməkdaşı "persona non-qrata" elan edilərək ölkədən çıxarılmışdı. Məsələ ilə bağlı BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilsə də qanunazidd əməllər eyni ahənglə davam etmişdi.

Tənqidlərə baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən bərpa edib. Aprelin 8-dən BQXK-nın Xankəndi ofisi fəaliyyətini Bərdə ofisində davam etdirəcək. Lakin məsələ ondadır ki, bu addımla təşkilatın Azərbaycanda yenə iki ofisi fəaliyyət göstərmiş olur. 30 ildir Azərbaycana heç bir xeyri dəyməyən erməni quldurları öz maşınları ilə qaçıran və müxtəlif qaçaqmalçılıq əməlləri törədən QX-yə daha ehtiyac yoxdur. Çünki müharibə artıq bitib və fəaliyyətsiz komitənin iki ofisdən idarə edilməsi çox mənasızdır. Müstəqilliyini və suverenliyini tam olaraq bərpa etmiş Azərbaycanda QX yalnız vahid mərkəzdən, Bakı ofisindən idarə olunmalıdır. Hələ işğal davam edən zaman - 2000-ci illərdə BQXK rəsmi Bakının razılığı olmadan Xankəndidə "ofis" açmış, hətta separatçı rejimlə "saziş" də imzalamışdı. Ölkəmizin dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq, həmin "saziş" konfidensiallıq adı altında gizlədilirdi. Rəsmi Bakının israrlı araşdırmalarından sonra təşkilatın "Xankəndi ofisi"nin İrəvandakı nümayəndəliyə tabe etdirildiyi faktı üzə çıxdı.

Ötən ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinə qədər BQXK-nin qərəzli əməlləri barədə demək olar ki hər gün yeni informasiya yayılırdı. Qurumun Qarabağdakı "humanitar fəaliyyət"inə zərbə vuran hadisələrin kulminasiya nöqtəsi isə Xocalı rayonunun Meşəli kəndində 27 insanın ölümündə əli olan Vaqif Xaçaturyanın sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılması idi. Soyqırımı cinayətləri törədən bu şəxs məhz mələk cildində iblis olan QX tərəfindən Ermənistana "xəstə" adı ilə aparılırdı. Bu hadisə ilə adıçəkilən komitə artıq həddini aşmışdı. Cinayətkarların BQXK çətiri altında ədalət məhkəməsindən qaçmaq cəhdləri qurumun kirli fəaliyyətindən xəbər verir.

30 il ərzində öz səriştəsizliyi ilə ATƏT-in Minsk qrupu kimi Beynəlxalq Qızıl Xaç Komitəsinin də Azərbaycanda mövcudluğuna daha ehtiyac qalmayıb. Yaxşı olardı ki, QX öz ofisini Bərdəyə yox, birbaşa Cenevrəyə köçürərdi.

Tacir SADIQOV,

"Respublika".