Sən demə, Ermənistanın prezidenti də var imiş
Siyasət

Sən demə, Ermənistanın prezidenti də var imiş

Yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" əsəri əsasında ekranlaşdırılan "Axırıncı aşırım" filmində bir epizod var. Şura hökuməti tərəfindən qolçamaq Kərbəlayi İsmayılla danışığa göndərilən Abbasqulu bəy Şadlinskinin qarşısına çıxan Qəmlo "kimi istəyirsiniz", - deyə sual edir. Abbasqulu bəy təmkinini pozmadan "evin kişisini soruşarlar" deyir.

Müqayisəmiz yerlə-göy qədər fərqi olsa da, sual etmək istəyirik ki, Ermənistanı idarə edən baş nazir Nikol Paşinyandır, ya prezident Vaahn Xaçaturyan? Dövlətin idarə olunmasında bütün proses və danışıqlarda Paşinyan rol oynasa da, sən demə, Ermənistanın prezidenti də var imiş. Bu ölkənin konstitusiyasına əsasən baş nazir hökumətin başçısı və "hökumətin siyasətinin əsas istiqamətlərini müəyyən etmək, fəaliyyətinə rəhbərlik etmək və hökumət üzvlərinin işini əlaqələndirmək" üçün məsul şəxsdir. Həmçinin konstitusiyaya görə, ölkənin müdafiə siyasətinin əsas istiqamətlərini müəyyən edən Təhlükəsizlik Şurasına da baş nazir rəhbərlik edir. Yəni baş nazir faktiki olaraq Ermənistan silahlı qüvvələrinin komandanıdır. 2015-ci ilin yeni konstitusiyasına görə, baş nazir Ermənistan siyasətində ən güclü və nüfuzlu şəxsdir. Baş nazir Ermənistan prezidenti tərəfindən Milli Məclisin səsverməsi ilə təyin edilir. Belə halda sual olunur, əgər Paşinyan ölkəsini idarə edən birinci şəxsdirsə, o zaman prezident nə işə yarayır, hansı vəzifələri yerinə yetirir?

Son 20-30 il ərzində Ermənistana prezidentlik etmiş şəxsləri kifayət qədər tanıyırıq. Nə qədər qaniçən, terrorçu, oğru olduqlarını da yaxşı bilirik. Hətta o da məlumdur ki, zamanla bu ölkəyə rəhbərlik etmiş prezident və baş nazirlər arasında Azərbaycan vətəndaşlığını daşıyanlar da olub. Məsələn, onlardan biri - 1998-2008-ci ilə kimi ölkəyə prezidentlik etmiş Robert Köçəryandır. O, 31 avqust 1954-cü ildə Azərbaycanın qədim şəhərlərindən olan Xankəndidə anadan olub. Sovet İttifaqı illərində Xankəndidə bir sıra müəssisələrdə müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Qarabağda erməni millətçilərinin başlatdığı "miatsum" hərəkatına qoşularaq bir müddət sonra separatçıların liderlərindən birinə çevrilib. Köçəryan, eyni zamanda azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən, terror hadisələri həyata keçirən şəxslərdən biridir. Azərbaycan vətəndaşı olmasına baxmayaraq, işğal dövründə Qarabağda həyata keçirilən ən qanlı hadisələrə başçılıq edərək bölgədə separatçı qüvvələrin silahlanmasına şərait yaradıb.

1996-1997-ci illərdə Ermənistanın baş naziri və 2008-2018-ci illərdə prezidenti olmuş Serj Sarkisyan da Azərbaycan vətəndaşıdır. Ölkənin 3-cü prezidenti olan bu şəxs də 30 iyun 1954-cü ildə Xankəndidə doğulub. O, 1993-1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. Qaniçən, qəddar birinin bu vəzifədə işləməsi isə həmin illərdə Qarabağda baş verən terror hadisələrinin mahiyyətini təfsilatı ilə izah edir.

Hazırda Ermənistan baş naziri Paşinyanın daha çox tanındığı bir dövrdə, ölkə prezidentinin kim olduğu maraq doğurur. Belə ki, 2022-ci il martın 3-də Ermənistan parlamentində prezident seçkisi keçirilib. Yeganə iddiaçı olan hakim Vətəndaş Sazişi Partiyasının namizədi Vaahn Xaçaturyan 107 deputatı olan parlamentdə gizli səsvermə yolu ilə 71 səs toplayaraq dövlət başçısı postuna mandat alıb. Vaahn Xaçaturyan 1959-cu il aprelin 22-də doğulub. İxtisasca iqtisadçı olan Xaçaturyan "Razdanmaş" İstehsalat Birliyində çalışıb, "Mars" dövlət müəssisəsində baş direktorun müavini postunu tutub, paytaxt İrəvanın meri, Ermənistan prezidentinin müşaviri, parlamentin deputatı olub. Onu da qeyd edək ki, 7 il müddətinə seçilən prezidentin səlahiyyətləri məhduddur. Ermənistan konstitusiyasına görə, prezident parlamentin qəbul etdiyi qanunları 21 gün ərzində imzalayır və yaxud həmin müddət ərzində konstitusiya məhkəməsinə müraciət edir. Konstitusiya məhkəməsi qanunun konstitusiyaya uyğunluğuna rəy versə, prezident 5 gün ərzində onu imzalamalıdır. Əks halda, həmin qanunu imzalamaq hüququ parlament sədrinə keçir.

Digər tərəfdən, prezident hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq, baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq, xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək, ratifikasiya tələb etməyən beynəlxalq müqavilələri hökumətin təqdimatı ilə təsdiq və ləğv etmək, baş nazirin təqdimatı ilə ali diplomatik rütbələr vermək səlahiyyətlərinə sahibdir. Silahlı Qüvvələrlə bağlı səlahiyyətlər isə belədir: baş nazirin təqdimatı ilə qoşunların ali komandan heyətini vəzifəyə təyin və ya azad etmək, baş nazirin təqdimatı ilə ali hərbi rütbələr vermək.

Lakin Vaahn Xaçaturyan prezident seçildikdən dərhal sonra gələcək platforması haqqında bildirib ki, Azərbaycan ilə sülhün bərqərar olması və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır: "Qonşularla yalnız sülh şəraitində yaşaya bilər və yaşamalıyıq. "Sülhə məcburetmə" tezisi köhnəlib. Hamımız bilməliyik ki, sülh inkişafın və həyatın yeganə formasıdır. Məcburiyyətlə heç nəyə nail olmaq olmaz". Ermənistan prezidenti digər bir məqama da aydınlıq gətirib. O, başlayan erməni-türk dialoquna müsbət münasibət bəslədiyini də vurğulayıb. Ancaq əfsuslar olsun ki, bütün bunlar da söz olaraq qalıb. Anlaşılan isə ondan ibarətdir ki, ölkə prezidentinin işinə də nəzarəti məhz baş nazir həyata keçirir.

Ramidə YAQUBQIZI,

"Respublika".