V İSLAM HƏMRƏYLİYİ OYUNLARI BİRLİYƏ VƏ QARDAŞLIĞA MÜHÜM TÖHFƏLƏR VERDİ
İdman

V İSLAM HƏMRƏYLİYİ OYUNLARI BİRLİYƏ VƏ QARDAŞLIĞA MÜHÜM TÖHFƏLƏR VERDİ

Qədim Konyada keçirilən bu oyunlar müsəlman ölkələri arasında yüksək dəyərlərə əsaslanan dostluq münasibətlərini təcəssüm etdirən və möhkəmləndirən bayram kimi yadda qaldı

Bu dəfə bu Oyunlar Bakıdan sonra Konyada keçirilir, qardaş ölkədə keçirilir... Əlbəttə, biz çox şadıq ki, bu Oyunlar qardaş Türkiyədə keçirilir. Əminəm ki, bu Oyunlar həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Sürətlə qloballaşan dünyamızda yeni beynəlxalq sistemin formalaşması prosesi inkarolunmaz həqiqətə çevrilib. Hazırda dünyadakı anarxiya və xaosun aradan qaldırılmasında "ədalət və bərabərlik" anlayışları alternativsiz çağırışdır. Belə bir vəziyyətdə Türk-İslam ictimaiyyətinin qarşısında da həmrəylik kimi ağır və məsuliyyətli missiya dayanır. Bəli, İslama qarşı ayrı-seçkilik, İslam dəyərlərini, dini çağırışların bir sıra hallarda məqsədli şəkildə gözdən salmaq cəhdlərinin qarşısının alınmasının yeganə yolu var: İslam həmrəyliyi, qarşılıqlı inam və ehtiram.

Qardaş Türkiyə V İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etdi. Həzrət Mövlanə şəhəri olan Konyada keçirilmiş bu oyunlar əsl idman bayramına çevrildi. Türkiyə həm öz adına, həm də dinimiz İslam adına layiq şəkildə evsahibliyi etdi. Avqustun 9-da Türkiyənin bu qədim şəhərində V İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılış mərasimində iştirakları qardaş Türkiyədə böyük rəğbətlə qarşılanıb. İslamiadada iştirak edən ölkələrin komandalarının paradında Azərbaycan idmançılarının stadiona daxil olması və keçidi böyük coşqu, məhəbbətlə qarşılandı. Bu, qardaşlığın təntənəsinin nümayişi idi.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Avqustun 18-dək davam etmiş V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə apardı.

Qardaş ölkənin evsahibliyi ilə keçirilmiş V İslam Həmrəyliyi Oyunları barış və sülh dini olan İslam dünyasında həmrəyliyə misilsiz töhfələr verdi. Hamımız Konyada beynəlxalq standartlara uyğun idman infrastrukturunun qurulduğunun şahidi olduq. Azərbaycan təcrübəsindən çıxış edərək deməliyik ki, İslamiada üçün yaradılan idman infrastrukturu sonrakı illərdə bütövlükdə ölkənin həm maddi, həm də mənəvi qazancına çevrilir. Yarışlarda iştirak edən bütün idmançıların təəssüratları yüksək səviyyədə idi. Bir-birindən maraqlı və həyəcanlı yarışlar keçirildi. Xatırladaq ki, Azərbaycanı İslamiadada 281 idmançı təmsil edib. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3x3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayıblar. Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarını 99 medalla 4-cü sırada başa vurub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür.

Qeyd etmək lazımdır ki, idman dünyada ən geniş yayılan mədəniyyət nümunəsidir. İdman, ilk növbədə, fiziki və mənəvi sağlamlıq deməkdir. Tarixin bütün dövrlərində əcdadlarımız öz övladlarını sağlam, cüssəli, cəsur, qorxmaz, mətin görmək istəyiblər. Adından da göründüyü kimi, bu Oyunlar ümmətimizin həmrəyliyinə xidmət edir. Eyni zamanda, bu Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin qeyri-müsəlman idmançıları üçün də açıq olması millət və ümmət olaraq humanistliyimizi təcəssüm etdirir. İslam Həmrəyliyi Oyunları ümumilikdə insanları, xalqları və ölkələri bir-birinə tanıdan, yaxınlaşdıran, sevdirən beynəlxalq hərəkatdır. Yəni, İslam Həmrəyliyi Oyunları idman diplomatiyası kimi yalnız müsəlman dünyasını deyil, beynəlxalq həmrəylik üçün də tarixi missiyadır.

İslam Həmrəyliyi Oyunları dörd ildən bir keçirilən beynəlxalq idman tədbiridir. Burada İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən idmançılar iştirak edirlər. İlk dəfə bu Oyunlara Səudiyyə Ərəbistanı evsahibliyi etmişdir. İranda keçirilməsi planlaşdırılan İkinci İslam Həmrəyliyi Oyunları müəyyən siyasi səbəblərdən təxirə salınıb. Lakin 3-cü dəfə bu Oyunlar 2013-cü ildə İndoneziyada yüksək səviyyədə keçirildi və verilmiş fasilə aradan qaldırıldı. Prosesin inkişaf dinamikası pozulmadı. Azərbaycan 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarına böyük müvəffəqiyyətlə ev sahibliyi edərək müsəlman dünyasının həmrəyliyi yolunda fundamental nəticələr qazandı. Dünyanın aparıcı idman şərhçiləri əminliklə bildirirlər ki, İslam Həmrəyliyi Oyunlarına qazandırılan Bakı təcrübəsi həm təşkilatçılıq, həm də peşəkarlıq baxımından bu Oyunları sürətlə inkişaf etdirəcək. Konyada V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşü zamanı dövlət başçısı cənab İlham Əliyev demişdir: "Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir".

Beləliklə, İslam Həmrəyliyi Oyunları beynəlxalq səviyyəli mədəniyyət nümunəsi kimi böyük perspektivə malikdir. Bu Oyunlar, ilk növbədə, İslam ölkələrində idmanın sevilməsinə, onun faydalı və perspektivli məşğulluq kimi təşəkkül tapmasına böyük təsir göstərir. Xatırladaq ki, VI İslam Həmrəyliyi Oyunları 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

Keçmiş sovetlər birliyinin 70 ilə yaxın zaman kəsiyində mövcud olmuş əsassız məhdudiyyətlərə baxmayaraq, Azərbaycan xalqı böyük əzmlə İslam dəyərlərini qoruyub saxlaya bilmişdir. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra o vaxtkı rəhbərliyin savadsızlığı və bacarıqsızlığı, eləcə də kənar təsirlərin gücü nəticəsində ölkəmizdəki milli-İslam dəyərlərinə müdaxilələr olmuşdur. Lakin ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli xahişi ilə siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan xalqının birliyi və həmrəyliyi istiqamətində uğurlu dövlət strategiyası müəyyənləşdirildi.

Azərbaycanın mövcud Konstitusiyasına əsasən, din dövlətdən ayrı olmaqla yanaşı, bütün etnik qruplara və dinlərə qarşı dövlət qayğısı mövcuddur. Müəyyən edilmiş dövlət strategiyası bir tərəfdən kənar təsirlərin qarşısını alır, digər tərəfdən isə ölkəmizdə yaşayan bütün etnik qrupların və dinlərin dəyərlərinin qorunmasını təmin edir. Məhz bu düzgün siyasətin nəticəsidir ki, 2017-ci il mayın 12-dən 22-dək Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan, eləcə də bütün İslam dünyası üçün mötəbər idman təntənəsi kimi nüfuz qazandı. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Xəzərdən başlayan su səyahəti ilə start götürdü. Su aydınlıq, xeyir və bərəkət, həyat mənbəyidir. Elə həmin il, yəni, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi təbii ki, təsadüfi deyildi. Prezident cənab İlham Əliyevin bu barədə Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub.

Qeyd etmək lazımdır ki, Azərbaycanın İslam aləmində qazandığı nüfuz sayəsində 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri "İslam mədəniyyətinin paytaxtı" elan olunmuşlar. Hər iki şəhər böyük əzmkarlıq nümayiş etdirərək göstərilən etimadı doğrultmuşdur.

Avqustun 9-da təkcə dünya idman ictimaiyyətinin deyil, eləcə də beynəlxalq siyasi elitasının nəzər və diqqəti yenidən Anadolu torpaqlarına yönəldi. Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yenidən qardaş ölkədə işgüzar səfərdə olması, ilk növbədə, dünya mətbuatında Azərbaycan-Türkiyə müttəfiqliyi ilə bağlı fikirləri yenidən canlandırdı.

Bir daha xatırladaq ki, budəfəki Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya vilayəti həm də İslam sivilizasiyasının mühüm məkanlarındandır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Türk və İslam dünyalarının ən böyük sufilərindən olan Mövlanə Cəlaləddin Ruminin Konyanın Karatay səmtində yerləşən muzeyi nadir mədəniyyət mərkəzlərindən sayılır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir. Bu şəhərin səmazərlərinin ifaları insanı düşündürür, ruhunu sakitləşdirir.

Bu gün həmçinin beş il əvvəl - 2017-ci il İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmiş Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajları ünvanlandığını da qeyd etməliyik. Azərbaycan hər zaman olduğu kimi, növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Konya da Bakı kimi böyük beynəlxalq təşkilatlara evsahibliyi etmək təcrübəsinə malikdir. Bu tədbirə evsahibliyi etməklə qardaş Türkiyə həm də özünün zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə və dünyaya təqdim etdi.

Emin QASIMOV,

 "Respublika".