Mərd, cəsarətli komandir
Digər xəbərlər

Mərd, cəsarətli komandir

Torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Rahib Bəxtiyar oğlu Babayev 19 iyun 1985-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. İlk təhsilini kənd məktəbində alıb, daha sonra Naxçıvan şəhər 14 nömrəli məktəbdə davam etdirib. 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirib. 2002-2006-cı illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə hərb sənətinin incəliklərinə yiyələnib. 2006-cı ildən leytenant rütbəsi alaraq peşəkar fəaliyyətə başlayıb. İlk xidmət yeri Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindəki hərbi hissə, ilk komandiri isə Polad Həşimov olub.

Şəhidimizin həyat yoldaşı Aygün xanım bildirir ki, Rahib həmişə Polad Həşimovla fəxr edərdi: 18 illik xidmətinin 8 ilini Murov dağlarında keçirmişdi. Qüsursuz xidmətə görə dəfələrlə fəxri fərmanlar, medallar və Ali Baş Komandanın xüsusi mükafatı ilə təltif olunmuşdu. Nədənsə Kəlbəcəri daha çox sevirdi. Bəlkə də bu rayonun azadlığını görmək onun ən böyük arzusu idi...

Döyüş yoldaşları söyləyirlər ki, o, öz vəzifəsini döyüşlər başlayanda da layiqincə yerinə yetirib. Düşmənin strateji əhəmiyyətli "Canavar" sol döyüş mövqeyinin götürülməsində şəxsən özü iştirak edib. "Canavar" sağ adlanan yüksəkliyin götürülməsində istiqamət komandiri kimi iştirak edib. Hər iki yüksəklik döyüşlərin ilk günündə mayor Rahib Babayevin rəhbərliyi ilə düşməndən tam təmizlənib. "Canavar" postu Vətən müharibəsi başlanandan ermənilərdən alınan ilk post idi. 30 sentyabr tarixinə qədər düşmənin əks-həmlə edib geri götürməyə çalışdığı həmin yüksəkliklərin müdafiəsində taboru ilə mərdliklə iştirak edib".

Qızı üçün atası onun qəhrəmanı, ən yaxın dostu idi. O, həm vətənini, həm də övladlarını çox sevərdi. Şəhidin qızı atasından qürurla danışır: "Mən onu çox tez itirdim. Amma o bizə çox şey öyrətdi. Vətəni sevməyi, bayrağı sevməyi bizə o öyrətdi. Mənim atam şəhid olmazdan əvvəl də qəhrəman idi, indi də qəhrəmandır. Mən hiss edirəm ki, o bizim yanımızdadır. Mən fəxr edirəm ki, elə bir atanın qızıyam. O bizi çox sevərdi. İstəyirəm ki, o gəlsin. Mən onunla söhbət edim. O yenə bizi gəzintiyə aparsın. Son dəfə də olsa, onu qucaqlayım öpüm və söhbət edim".

Silahdaşlarının sözlərinə görə, 27-30 sentyabr tarixləri arasında düşmənin həmin strateji yüksəkliklərdə qoyub qaçdığı iriçaplı silahlardan elə onların özünə qarşı istifadə edərək bir neçə düşmən texnikasını məhv edib. Onu həm də mərd, qorxmaz, cəsarətli komandir kimi xarakterizə edirlər: "Rahib düşmən üzərinə cəsarətlə gedirdi. Döyüşdə qolundan ağır yaralansa da döyüş meydanını tərk etməyib. Yaralı halda vuruşaraq yaralanmış əsgərlərinin həyatını xilas edib. Xeyli sayda düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv edib. Həmin gün düşmənin atdığı artilleriya mərmisindən ikinci dəfə ağır yaralanıb və şəhid olub".

Şəhidimiz Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Rahib Babayev ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

M.MİRZƏ,

"Respublika".