Bol məhsul, yaxşı güzəran
Region

Bol məhsul, yaxşı güzəran

Qazax

Hazırda rayonda yaz-tarla işlərinin qızğın çağıdır. Kəndlinin çörəyi torpaqdan çıxar deyiblər. Bu baxımdan insanlar çəkdiyi zəhmətin bəhrəsini görmək üçün həvəslə bağlarda və əkin sahələrində çalışırlar. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Barat Vəliyev söhbət zamanı bildirdi ki, rayonda 21 min hektar əkinəyararlı torpaq sahəsi mövcuddur. Bundan 18800 hektar suvarma altında, 2200 hektar dəmyə torpaqlarıdır.

Ötən təsərrüfat ilində 11854 hektar sahədə taxıl səpilib becərilib. Fermerlər arpa əkməyə daha çox üstünlük verirlər. Çünki heyvandarlığın inkişafında yemə olan tələbatın ödənilməsində arpanın xüsusi yeri var. 5243 hektar ərazidə buğda becərilmiş, 6600 hektar ərazidə arpa səpini həyata keçirilmişdir. Hər hektardan orta hesabla 35 sentner buğda, 32 sentner arpa əldə olunmuşdur.

Cari təsərrüfat ilində 11315 hektar payızlıq, 130 hektar yazlıq, cəmi 11445 hektar, o cümlədən 4507 hektar buğda, 6938 hektar arpa səpini aparılmışdır. 4166 hektar taxıl zəmisində birinci suvarma suyu aparılıb.

Müsahibim qeyd etdi ki, taxıl sahələrinə yemləmə gübrələri verilmiş, 4500 hektar sahədə alaq otlarına qarşı dərmanlama aparılmış, 6130 hektar sahədə gəmiricilərə və digər zərərvericilərə qarşı fitosanitar tədbirlər həyata keçirilmişdir.

Son illərdə Qazaxda bağçılığın inkişafı diqqətdə saxlanılır. Rayon ərazisində 284,7 hektar üzüm plantasiyasına yüksək aqrotexniki qulluq göstərilir. Mövcud üzüm bağlarının 4,7 hektarı son dörd ildə salınmışdır. Cari ildə cavan bağlar da bar verəcəkdir. Bağların böyük hissəsində suvarmada müasir üsullardan istifadə olunur, damcılama metodu ilə suvarma həyata keçirilir ki, bu zaman su itkisi minimuma endirilir, keyfiyyətli suvarmaya nail olunur.

Ötən il 287,7 hektar sahədən 3790 ton məhsul əldə olunub. 200 hektar süfrə 80 hektar texniki sort üzüm bağlarında əsasən "Kaberna", "Pino" texniki üzüm sortları və 200 hektar bağda isə "Təbriz", "Kardinal", "Merlota" süfrə sortları yetişdirilir. Əldə olunan yüksəkkeyfiyyətli məhsul əsasən yerli bazarlarda bolluq yaradır, texniki sort üzümlər isə Gəncə şəhərində fəaliyyət göstərən üzüm emalı zavoduna təhvil verilir.

Qazaxda son 10 ildə fermerlər fındıqçılığa meyil göstərirlər. Hazırda fermerlərə məxsus 410.8 hektar fındıq bağı mövcuddur. Bağların 370 hektarı bar verən, 40.8 hektarı isə cavan ağaclardır. 2023-cü təsərrüfat ilində 370 hektar fındıq bağından 1297.8 ton (hər hektardan 35 sentner) yüksəkkeyfiyyətli məhsul əldə olunmuşdur.

Respublikanın digər bölgələrində olduğu kimi, son zamanlar ölkəmiz üçün gəlirli sahələrdən olan ipəkçilik, baramaçılıqda nailiyyətlər əldə olunur. Dövlətin bu sahəyə göstərdiyi qayğı, eləcə də qısa zaman kəsiyində insanların əldə etdiyi gəlir baramaçılığa marağı artırır. Bu il 17 kümçüyə 60 qutu baramaqurdu paylanmışdır. Əvvəlcədən kümxanalara baxış keçirilmiş, bütün zəruri tədbirlər görülmüşdür.

Vəli VƏLİYEV,

"Respublika".