İdman: daim zirvələrdə
İdman

İdman: daim zirvələrdə

"Neftçi"nin final mərhələsindəki rəqibləri müəyyənləşib

Monqolustanın paytaxtı Ulan-Batorda sentyabrın 6-dan 17-dək 8 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının final mərhələsi baş tutacaq.

Təmsilçimiz "Neftçi" B qrupunda Çin, ABŞ millisi və "Yuanda" (Çin) klubu ilə üz-üzə gələcək. Bakı klubu qrupda ilk oyununu sentyabrın 16-da, ABŞ yığmasına qarşı keçirəcək. İkinci görüş Çin millisi, sonuncu isə  "Yuanda" klubu ilə olacaq. Qeyd edək ki, qruplarda ilk pilləni tutan komandalar yarımfinala, ikinci və üçüncü sıranın sahibləri isə "play-in" mərhələsinə vəsiqə qazanacaqlar.

 

Dünya çempionatında iştirak edəcək heyət bəlli olub

Azərbaycanın güləş yığmalarının Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyətləri məlum olub.

Sərbəst güləş üzrə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xanıyev (70 kq), Turan Bayramov (74 kq), Orxan Abasov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq), Georgi Meşvildişvili (125 kq) mübarizə aparacaqlar. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq), Beka Kandelaki (130 kq) heyətdə yer alıblar. Qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq), Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcəklər. Xatırladaq ki, sentyabrın 16-da başlayacaq dünya çempionatı ayın 24-də yekunlaşacaq.

 

"Sumqayıt"dan növbəti transfer

"Sumqayıt" futbol klubu  2023/2024-cü illər mövsümü üçün transfer çalışmaları çərçivəsində Şimali Makedoniyanın "AP Brera" klubunun futbolçusu Kristian Velinovski ilə 2 illik müqavilə imzalayıb.

24 yaşlı cinah oyunçusu "18" nömrəli formada çıxış edəcək. Kristian Velinovski karyerası ərzində Şimali Makedoniyanın "Breqalnitsa" və "AP Brera" klublarının üzvü olub.

Nərgiz İSMAYILOVA,

"Respublika".