DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

BAYDEN: ABŞ İRAQIN NÜVƏ SİLAHININ OLMASINI İDDİA ETMƏKLƏ SƏHVƏ YOL VERİB

ABŞ İraqın nüvə silahına malik olduğunu iddia etməklə yanılıb. “Report” agentliyinin xəbərinə görə, bu fikirləri ABŞ prezidenti Cozef Bayden “CNN” telekanalına müsahibəsində bəyan edib.

“Fikrimcə, İraqın nüvə silahına malik olduğunu düşünmək mənasız idi”, - deyə ABŞ lideri vurğulayıb.

Cozef Bayden qeyd edib ki, ABŞ bir sıra siyasi səhvlərə yol verib. İraqla yanaşı, o, Əfqanıstanı da birləşdirməyə çalışmağın mənasız olduğunu  diqqətə çatdırıb: “Ben Ladeni ələ keçirmək məntiqli idi, lakin Əfqanıstanı birləşdirməyə çalışmaq anlamsız idi”.

Qeyd edək ki, İraqın kütləvi qırğın silahlarına malik olması şübhəsi onun 2003-cü ildə ABŞ və müttəfiqləri tərəfindən işğalı üçün formal səbəb olmuşdu. Müharibə Səddam Hüseyn rejiminin devrilməsinə və regionda uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxardı. Bununla belə, Yaxın Şərq ölkəsində kütləvi qırğın silahı aşkarlanmadı. ABŞ və NATO qüvvələrinin Əfqanıstandakı mövcudluğu isə 2001-ci ildən başlayaraq 20 il davam etmişdi.

BVF: DÜNYA İQTİSADİYYATI ÜÇ BLOKA BÖLÜNÜB

Dünya iqtisadiyyatı geosiyasi problemlərə görə üç bloka bölünüb: Çin, ABŞ ətrafında birləşənlər və bloklara qoşulmayanlar. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini Qita Qopinat bildirib.

BVF rəsmisi qlobal iqtisadiyyatın artan parçalanmasına işarə edərək, xatırladıb ki, ABŞ idxalında Çinin payı son altı ildə ticarət mübahisələri səbəbindən 8 faiz bəndi azalıb, eyni dövrdə ABŞ-ın Çin idxalında payı 4 faiz azalıb.

Qita Qopinatın sözlərinə görə, Rusiya ilə Qərb ölkələri arasında birbaşa ticarət isə Ukraynada xüsusi hərbi əməliyyatın başlamasından və sanksiyalardan sonra iflasa uğrayıb.

Bununla yanaşı, BVF rəsmisi bildirib ki, Çin və ABŞ arasındakı rəqabət qlobal ticarətə elə də çox təsir göstərməyib, çünki üçüncü ölkələr, ilk növbədə, Meksika və Vyetnam, sanki “birləşdirici”yə çevriliblər.

Qlobal iqtisadiyyatda parçalanmanın öhdəsindən gəlmək üçün, Qita Qopinatın fikrincə, xüsusən də mövcud qanunvericilik bazasına hörmətlə yanaşmaq lazımdır.

NATO-NUN İYUL SAMMİTİNƏ VAŞİNQTON EV SAHİBLİYİ EDƏCƏK

ABŞ-ın paytaxtı Vaşinqtonda iyulun 9-dan 11-dək  NATO-nun sammiti keçiriləcək. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə alyansın saytında xəbər verilib.

“ABŞ 9-10-11 iyul 2024-cü il tarixlərində Vaşinqtonda NATO sammitinə ev sahibliyi edəcək. Görüşlər Uolter E. Vaşinqton konqress mərkəzində NATO baş katibinin sədrliyi ilə baş tutacaq” - deyə məlumatda bildirilir.

Məlumata əsasən, sammit çərçivəsində alyansın 75 illik yubileyinin qeyd edilməsi planlaşdırılır. Görüşün proqramı ilə bağlı  ətraflı məlumatın daha sonra ictimaiyyətə açıqlanması gözlənilir.

Xatırladaq ki, bu ərəfədə məlum olub ki, sammitdə müzakirə olunacaq mövzulardan biri NATO-nun alyansın Ukrayna münaqişəsinə birbaşa müdaxiləsindən imtinasını əks etdirən bəyannaməni təsdiq etməsi ola bilər.

AVROPADA GÖYÖSKÜRƏK XƏSTƏLİYİNƏ YOLUXMADA KƏSKIN ARTIM

Avropa İttifaqı (Aİ) və Avropa İqtisadi Zonasına daxil olan (AİZ) ölkələrdə  2023-cü ilin əvvəlindən bu ilin aprel ayına qədər göyöskürəyə yoluxma halları 2021-2022-ci illərlə müqayisədə 10 dəfədən çox artıb. “Trend” agentliyi bu barədə Avropa Səhiyyə Agentliyinin hesabatına istinadən xəbər verib.

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC) tədqiqatına əsasən, bu dövr ərzində Aİ/AİZ ölkələrində təqribən 60 min yeni yoluxma halı aşkarlanıb. Qeyd edilir ki, 2023-cü ildə - 25130 yoluxma halı, bu ilin yanvar-mart aylarında - 32037 yoluxma halı qeydə alınıb.

Verilən xəbərə görə, əksər təsdiq olunmuş halların pediatrik yaşın (86 faiz), xüsusilə 10-13 yaş arasında uşaqların (21 faiz) və 1 yaşadək uşaqların (20 faiz) payına düşür.

Bununla yanaşı, ECDC-nin məlumatına əsasən, peyvənd olunmayan və ya qismən peyvənd olunan 6 aya qədər olan körpələr daha çox risk qrupuna daxildirlər. Avropa Səhiyyə Agentliyi ölkələrə vaksinasiya proqramlarını gücləndirməyi tövsiyə edir.

MACARISTAN NATO-NUN UKRAYNA İLƏ BAĞLI TƏKLİFİNİ DƏSTƏKLƏMƏYƏCƏK

Macarıstan NATO-nun baş katibi Yens Stoltenberqin yaradılmasını təklif etdiyi Ukrayna üçün 100 milyard avroluq fonda qoşulmayacaq. “Röyters” agentliyinin verdiyi xəbərə görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.

“Macarıstan, təzyiqlərə baxmayaraq, NATO-nun ağlasığmaz fondundan kənarda qalacaq”, - deyə XİN başçısı vurğulayıb.

Eyni zamanda, Peter Siyarto rəsmi Budapeştin NATO təkliflərini dəstəkləməyəcəyini bildirən Macarıstan hökumətinin mətbuat katibi Zoltan Kovaçın mövqeyini təsdiqləyib.

Xatırladaq ki, bir müddət öncə NATO-nun baş katibi Yens Stoltenberq Alyans üzvlərinə beş il ərzində Ukraynaya 100 milyard avroluq yardım toplamaq təklifini göndərmişdi.

ABŞ-DA ETİRAZÇILARIN QƏZZA ZOLAĞINA GÖNDƏRİLMƏSİ TƏKLİF EDİLİR

ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvləri tələbə kampusunda qanunu pozmuş şəxslərin Qəzza zolağına göndərilməsini nəzərdə tutan qanun layihəsi irəli sürüb. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bildirilir ki, sözügedən qanun layihəsi mayın 8-də Tennessi ştatından respublikaçı Endi Oqlsla konqresmenlər Rendi Veber və Ceff Dunkan tərəfindən ölkə daxilində tələbə kampuslarında davam edən İsrail əleyhinə nümayişlərə cavab olaraq təqdim edilib.

Xəbər verilir ki, qanun ləyihəsinə görə, məhkumlar İsrailin hərbi əməliyyatlar keçirdiyi Qəzza zolağında azı altı ay ictimai xidmət göstərməyə məcbur olacaqlar.

“Əgər siz terror təşkilatını dəstəkləyirsinizsə və kampuslarda qanunsuz fəaliyyətlərlə məşğul olursunuzsa, öz əlacınıza baxmalısınız. Əminəm ki, bu HƏMAS tərəfdarları bir gün də dözə bilməzlər, lakin gəlin onlara bu fürsəti verək”, - deyə Rendi Veber vurğulayıb.

Məlumata görə, “Fox News” qanun layihəsinin təsdiqlənməyəcəyi qənaətindədir. Çünki sənəd Nümayəndələr Palatasından keçsə belə, Senat, yəqin ki, onu rədd edəcək.

DÜNYANIN ƏN VARLI VƏ YOXSUL ÖLKƏLƏRİNİN SİYAHISI AÇIQLANIB

Beynəlxalq maliyyə şirkəti olan “Global Finance” dünyanın ən varlı və yoxsul ölkələrinin reytinqini açıqlayıb. “Trend” agentliyinin xəbərinə görə, reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub.

Məlumata əsasən, reytinq cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143383 dollardır. İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ tutublar.

Eyni zamanda, reytinq cədvəlində adambaşına düşən ÜDM-nin həcmi 455 dollar təşkil edən və dünyanın ən kasıb ölkəsi kimi göstərilən Cənubi Sudan qərarlaşıb. Sosial parçalanmalar, bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da pisləşdirib.

Dənizə çıxışı olmayan Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir. Ölkə təbii sərvətlərə malik deyil və 1993-2005-ci illərdə davam edən vətəndaş müharibəsindən əziyyət çəkib.

Bununla yanaşı, üçüncü yerdə Mərkəzi Afrika Respublikası dayanır. Belə görünür ki, qızıl, neft, uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar yaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer alıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.