9 May: Ölkəmizin də payı olan Qələbə
Tarix

9 May: Ölkəmizin də payı olan Qələbə

79 il bundan öncə məhz bu gün insanlıq 6 illik mübarizədən sonra alman faşizmi üzərində zəfər çaldı. "Hər şey cəbhə üçün, hər şey qələbə üçün". Bəşər tarixinin ən ağır, çətin dövrü kimi xarakterizə olunan İkinci Dünya müharibəsində keçmiş sovet xalqları bu şüar altında birləşərək faşizm bəlasından xilas oldu.

1939-cu ildə Almaniyanın Polşaya hücumu ilə başlayan İkinci Dünya müharibəsi 1941-ci ildə SSRİ ərazisinə də keçdi, digər xalqlar kimi Azərbaycan xalqının da həyatına böyük məhrumiyyətlər, ağrı və iztirablar gətirdi. Milyonlarla sovet vətəndaşı düşmənin hücumunu dəf etmək üçün könüllü olaraq cəbhəyə yollandı.

Müharibənin başladığı ilk dövrlərdə alman qoşunları bir çox əraziləri zəbt edərək irəliləyə bilsə də, SSRİ bütün gücünü ortaya qoyaraq müharibənin gedişində dönüş yarada bildi. Alman qoşunları nəinki ölkə ərazisindən çıxarıldı, işğal altında olan bir çox Avropa dövlətlərini də azad edərək Almaniyaya doğru irəliləməyə başladı. Qanlı döyüşlərdə 20 milyondan artıq sovet vətəndaşı həlak oldu. 1945-ci ilin yanvarında sovet ordusu Berlinə hücuma keçdi. Döyüşlərin yekunu olaraq may ayının 9-da baş komandanlıqlar arasında Almaniya qeyd-şərtsiz təslimolma aktı imzaladı. SSRİ Ali Soveti Rəyasət Heyəti 1945-ci il mayın 9-nu qələbə günü elan etdi. Elə həmin gün axşam təntənəli atəşfəşanlıq oldu. 1945-ci il iyunun 24-də isə Qələbə Paradı keçirildi.

Xalqımız həmişə olduğu kimi, bu sınaqdan da mətanətlə çıxmış, öz mübarizliyi, fədakarlığı ilə dünyaya örnək olmuşdur. 1941-ci ildə Almaniyanın SSRİ-yə hücumunun ilk günlərindən etibarən minlərlə azərbaycanlı faşist işğalına qarşı mübarizə aparmaq üçün könüllü olaraq müharibəyə qatılmış, hərbi əməliyyatların ən qızğın nöqtələrində qəhrəmancasına vuruşmuşdur. 1941-1945-ci illərdə 700 min nəfərə yaxın azərbaycanlı faşizmə qarşı mübarizədə iştirak etmiş, onlardan 300 min nəfəri qəhrəmancasına həlak olmuşdur. Məhz bütün bu qəhrəmanlıqlarına görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox soydaşımız müxtəlif orden və medallarla təltif edilmişdir. Bundan başqa, 30 nəfər azərbaycanlıya "Şöhrət" ordeni verilmişdir. Başqa sözlə desək, müharibədə iştirak edən hər 4-5 azərbaycanlıdan biri göstərdiyi şücaətə görə hərbi komandanlıq tərəfindən təltif edilmişdir.

Azərbaycan İkinci Dünya müharibəsində həm də milli diviziyalarla təmsil olunmuş, bu diviziyaların bir çoxu Berlinə qədər gedib çatmışdır. Belə ki, 77, 223, 336, 402 və 416-cı milli atıcı diviziyaların hər biri böyük qələbəyə tarixi töhfə bəxş etmişdir. Faşizmə qarşı ön cəbhədə vuruşan soydaşlarımız yalnız Azərbaycanın və ya sovet dövlətinin deyil, Qərbi və Şərqi Avropanın, Polşa, Çexoslovakiya, Yuqoslaviya, İtaliya, Fransa və digər ölkələrin müdafiəsində iştirak edərək bütün bəşəriyyətin azadlığı və rifahı uğrunda mübarizə aparmışdır. Bu mənada faşizm təhlükəsinə qarşı silaha sarılan 700 minlik azərbaycanlı sözün həqiqi mənasında "azadlıq ordusu" yaratmışdır. Nümunə üçün qeyd edək ki, Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçımız Mehdi Hüseynzadə Yuqoslaviya və İtaliyanın faşizmdən müdafiəsində iştirak etmiş, çoxsaylı diversiya tapşırıqlarını uğurla yerinə yetirmişdir. Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılov Fransanın faşizm əsarətindən xilas olunmasında fəal iştirak etmiş, Paris azad edildikdən sonra burada general Şarl de Qolla görüşmüşdür. Azərbaycanlı döyüşçü tək bir əməliyyat zamanı 500 fransız uşağın alman həbs düşərgəsinə aparılmasının qarşısını almışdı.

Azərbaycan faşizm üzərində qələbənin qazanılmasına yalnız hərbi tərəfdən deyil, iqtisadi baxımdan da böyük töhfə vermiş, öz iqtisadi resursları, xüsusilə nefti ilə müharibənin gedişatını və nəticəsini dəyişmişdir. Bakı neftinin müharibənin taleyinə hansı miqyasda təsir göstərdiyini anlamaq üçün sadəcə bəzi statistik rəqəmlərə nəzər salmaq kifayətdir. 1941-ci ildə Azərbaycanın tarixində maksimum səviyyədə - 23,5 milyon ton neft hasil olunmuşdur ki, bu da SSRİ-də istehsal edilən neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan müharibə illərində cəbhəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermiş, bununla da nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmişdir. Müharibə vaxtı hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illərdə bütün sovet məkanında istifadə edilən neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşürdü. Bu fakt faşizm üzərindəki tarixi qələbədə qəhrəman Bakı neftçilərinin əvəzolunmaz əməyinin bariz göstəricisidir.

Bakı neftinin faşizm üzərindəki qələbədə rolu zaman-zaman çoxsaylı siyasətçilər, generallar və tarixçilər tərəfindən də etiraf edilmişdir. Sovet İttifaqı marşalı F.İ.Tolbuxin bu gerçəkliklə bağlı demişdir: "Qızıl Ordu qazandığı çoxlu qələbələrinə, hücum edən hissələrə vaxtlı-vaxtında keyfiyyətli yanacaq göndərdiyinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Donda, Donbasda, Dneprin, Dnestrin sahillərində, Belqradda, Budapeştdə, Vyanada Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayan bizim cəbhənin döyüşçüləri neft Bakısının cəsur zəhmətkeşlərini salamlayırlar".

Ümummilli lider Heydər Əliyev faşizm üzərində qələbədə Bakı neftinin həlledici rol oynadığını vurğulamış, dünyanı bu qələbədə Azərbaycan faktorunu unutmamağa çağırmışdır: "Bugünkü və gələcək tarix Böyük Vətən müharibəsində Azərbaycan Respublikanın xidmətlərini, rolunu unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin insanlarımız, neft sənayesində çalışan və tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla təmin edən neftçilər hər cür şərəfə layiqdirlər".

Müharibə illərində Azərbaycan böyük hərbi sənaye kompleksinə çevrilmişdir. Respublikamızın bütün fabrik-zavodları, istehsalat müəssisələri ordunun ehtiyacları üçün səfərbər olunmuş, hərbi idarəetmə rejimində fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə ölkəmizdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verilmiş, 300-dən artıq mühüm ixtira istehsalatda tətbiq olunmuşdur. Məhz bütün bunların nəticəsində 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının istehsalı təmin edilmişdir. 130 adda silah-sursat, hərbi texnika üçün hissələr istehsal olunmuşdur.

1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlanmış, 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərilmişdir. 1942-ci ilin iyulunda Bakıda məşhur "Katyuşa" zavodu yaradılmış, qısa zamanda bu texnikanın kütləvi istehsalı təmin olunmuşdur. "UTİ-4" B təyyarəsi bazasında 15 B döyüş variantı "UTİ-4" tipində yığılmış, 1942-ci ilin yanvarında Bakı zavodunda 20 "UTİ-4" maşını buraxılmışdır. "YAK" qırıcılarının istehsalı da doğma Bakımızın adı ilə bağlıdır. Müharibə illərində 782 təyyarə Azərbaycanda təmir olunaraq yenidən ön xəttə yola salınmışdır.

1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsi fonunda bəzi müxalif qüvvələrin tariximizin müxtəlif dönəmlərinə, o cümlədən İkinci Dünya müharibəsi dövrünə absurd yanaşmaları müşahidə edilməyə başladı. Onlar iddia edirdi ki, guya İkinci Dünya müharibəsi Almaniya və Rusiya arasında gedən mübarizə olmuş, Azərbaycan bu müharibəyə qatılmaqla "böyük tarixi səhvə" yol vermişdir. Bu, təbii ki, qəbuledilməz iddia idi. Çünki faşizm yalnız postsovet məkanını deyil, bütün dünyanı əsarət altına almağı qarşısına məqsəd qoymuşdu. Azərbaycan da dünyanın bir parçası kimi bu mübarizədən kənarda qalmamış, azadlıqsevər xalqların qələbəsinə öz töhfəsini vermişdir.

1993-cü ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi ilə bu iddialara son qoyuldu. Ümummilli lider haqlı olaraq bəyan etdi ki, İkinci Dünya müharibəsi və Azərbaycan xalqının bu müharibədə iştirakı tariximizin ayrılmaz və şərəfli səhifəsidir. Beləliklə, dahi şəxsiyyət Heydər Əliyevin sayəsində 9 May Qələbə Günü ölkəmizdə yenidən qeyd olunmağa başladı. İkinci Dünya müharibəsi veteranları, onların ailə üzvləri dövlətimizin diqqət və qayğısını öz üzərlərində hər zaman hiss etmişlər. Bu gün də belədir. Prezident İlham Əliyevin may ayının 2-də imzaladığı "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam buna ən bariz nümunədir. Müzəffər Ali Baş Komandan həmin Sərəncamla İkinci Dünya müharibəsi veteranlarına, onların ailə üzvlərinə, eləcə də arxa cəbhədəki fədakar əməyi ilə seçilən şəxslərə birdəfəlik madi yardımın göstərilməsinə qərar vermiş, Heydər Əliyevdən qalan tarixi ənənəni - veteranlara qayğı siyasətini davam etdirməkdə qətiyyətli olduğunu sübut etmişdir.

İllər, əsrlər keçəcək, İkinci Dünya müharibəsində faşizmin bəşəriyyətə yaşatdığı dəhşətlər heç bir vaxt unudulmayacaq. Azərbaycan xalqının faşizm üzərindəki qələbəyə verdiyi həlledici dəstək isə dünya xalqları tərəfindən hər zaman minnətdarlıq hissi ilə yad ediləcək. Və İkinci Dünya müharibəsində iştirak edən hər bir azərbaycanlının mübarizə ruhu, müharibədə göstərdiyi qəhrəmanlıq dünya xalqlarına, beynəlxalq ictimaiyyətə indiki azad həyatına görə kimlərə minnətdar olması gərəkdiyini xatırladacaq.

Mehparə ƏLİYEVA,

"Respublika".