Uzaqgörən, məqsədyönlü siyasətin nəticəsi
Siyasət

Uzaqgörən, məqsədyönlü siyasətin nəticəsi

Cənubi Qafqazda yerləşdikləri vaxtdan etibarən Azərbaycan torpaqlarına göz dikən  ermənilər alçaq niyyətlərini  həyata keçirmək üçün hər zaman fürsət axtarmışlar. Mənfur qonşularımız düşmənçilik siyasətini mərhələli şəkildə həyata keçirməklə xalqımıza qarşı soyqırımları, qətliamlar törətmiş, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı amansız işgəncələr altında ata-baba torpaqlarından zorla deportasiya etmişlər. Ötən əsrin sonlarında isə  tarixi  yurd yerimiz olan  qədim İrəvanda etnik təmizləmə siyasəti  aparmış, azərbaycanlılar yaşayan kəndləri, qəsəbələri  viran qoymuşlar.

Ermənistanın 30 illik işğalçılıq siyasətinə, sərhədboyu ərazilərdə törətdiyi təxribatlara 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində layiqli cavab verildi. Öz ərazilərində əks-hücum əməliyyatı həyata keçirən Azərbaycan ordusunun bölmələri cəmi 44 günə  düşməni ram etdi. Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən döyüş əməliyyatlarında bir addım belə geri çəkilməyən Azərbaycan əsgəri ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Uzun illər erməni əsarətində qalan  şəhər və kəndlərimiz işğaldan azad edildi, düşmən məğlubiyyətə məcbur edilərək  kapitulyasiya aktı imzaladı. Azərbaycan Prezidenti İlham Əliyev,  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 9-dan 10-na keçən gecə imzaladıqları üçtərəfli Bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları  bir güllə atılmadan düşməndən geri alındı.

Həmin  tarixdən etibarən hərbi əməliyyatlar dayandırıldı. Bəyanatın 3-cü bəndinə əsasən Rusiya Federasiyasının 1960 nəfər silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti Qarabağda keçmiş təmas xətti və Laçın dəhlizi boyu yerləşdirildi. Erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel olaraq rus sülhməramlı kontingentinin yerləşdirilməsində məqsəd  münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarət olunması idi. Bəyanatın 4-cü bəndində Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddətinin 5 il olduğu göstərilir və qeyd olunur ki, müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Lakin bu müddətin  nəinki beş il uzadılmasına ehtiyac qalmadı, hətta sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılmasına qərar verildi. Belə ki, artıq rus sülhməramlılarının Qarabağdan çıxarılması prosesinə başlanılıb. Bunu Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də təsdiq edib və bildirib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirlər həyata keçirirlər.

Vətən müharibəsində ölkəmizin qalibiyyətini, qarşı tərəfin isə məğlubiyyətini  ehtiva edən üçtərəfli Bəyanata əsasən sülhməramlıların Qarabağda yerləşdirilməsi  Azərbaycanı narahat etmirdi. Çünki beynəlxalq hüquq normaları çərçivəsində siyasət yürüdən dövlətimiz 44 günlük müharibənin bitməsini, hərbi əməliyyatların dayandırılmasını əks etdirən 10 noyabr bəyanatının imzalandığı andan üzərinə götürdüyü bütün öhdəlikləri həyata keçirməyə başladı. Lakin heç bir vaxt verdiyi sözə əməl etməyən, öz çirkin əməllərindən əl çəkə bilməyən Ermənistanın siyasi rəhbərliyi  imza atdığı üçtərəfli Bəyanatın müddəalarına əməl etməkdən boyun qaçırdı. Müharibədən  üç ildən çox ötməsinə baxmayaraq, düşmən mütəmadi olaraq sərhədboyu ərazilərdə təxribatlar törədir, mənfur niyyətini həyata keçirməyə çalışırdı. Bu baxımdan, Qarabağ ərazisində sülhməramlıların yerləşdirilməsi düşünülmüş addım idi. Belə ki, "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarındakı  təbii sərvətlərimizin mənimsənilməsinə, faydalı qazıntı yataqlarının  erməni separatçıları tərəfindən qanunsuz istismarına, ekoloji terrora son qoyulmasını tələb edən azərbaycanlı ekofəalların 138 gün fasiləsiz olaraq keçirdikləri dinc  aksiyaları bütün dünya izləyirdi. Ötən il aprel ayının 23-də  Qarabağ və ətraf rayonlarımızda qeyri-qanuni yerləşən xuntaçılara   canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazilərimizdə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına tam hüquqi əsas var idi. Ermənilərin uydurduqları ağ yalanlara, böhtanlara əsaslanan ermənipərəst qüvvələr dövlətimizin haqq işinə müxtəlif siyasi don geyindirsələr də həmin ərazilərdə sühməramlıların yerləşməsi, hadisələrə onların nəzarət etməsi Azərbaycanın  haqlı  olduğunu və ədaləti bərpa etdiyini sübuta yetirdi.

Qarabağ və ətraf rayonlarda 23 saatlıq lokal xarakterli antiterror tədbirləri  də rus sülhməramlılarının bölgəyə nəzarəti zamanı həyata keçirilmişdi.  "Azərbaycan etnik təmizləmə siyasəti yürüdür" kimi  iftiralar, böhtanlar uyduran Ermənistan bu  yalanlarla  ayaq tutsa da uzaq gedə bilmədi. Çünki okeanın o tayından havadarlarının görə bilmədiklərini, iki addımlıqda olan sülhməramlılar yaxından izləyirdilər. Bütün bunlar  rus sülhməramlıların Qarabağda  müəyyən bir dövr üçün mövcudluğunun  vacib olduğunu və dövlətimizin uzaqgörən, məqsədyönlü siyasət yürütdüyünü bir daha təsdiqləyir.

Artıq Qarabağda kriminal xunta rejiminə son qoyulub, separatizmin kökü kəsilib. Tarixi torpaqlarımız müstəqil dövlətimizin nəzarəti altındadır, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Bütün bunlar isə ölkəmizdə artıq heç bir sülhməramlı qüvvənin yerləşməsinə ehtiyac olmadığını aydın göstərir.

Mehparə ƏLİYEVA,

"Respublika".