Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir
Digər xəbərlər

Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birgə 19 iyun 2023-cü il tarixdə Bakı şəhərində Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirib.

20 iyun Dövlət Miqrasiya Xidmətinin məlumatında bildirilir ki, Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycana akkreditə olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, həmçinin qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak edib.

Tədbirdə Ümumdünya Qaçqınlar Gününün qeyd olunmasının əhəmiyyətindən danışılıb,  qaçqınların olduqları ölkələrdə təcrid olunmamalarının vacibliyi vurğulanıb.

Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanda beynəlxalq standartlara cavab verən effektiv milli sığınacaq sistemi yaradıldığını, ölkəmizin sığınacaq və qaçqın məsələləri ilə bağlı beynəlxalq müstəvidə də fəal olduğunu vurğulayıb. Vüsal Hüseynov Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının müvafiq qətnaməsi əsasında təsdiqlənmiş Qaçqınlar üzrə Qlobal Paktın qəbulunu ilk olaraq dəstəkləyən ölkələr sırasında olduğunu qeyd edib. Xidmət rəisi, birgə yaşayışın, birgə mövcudluğun önəmi baxımından Azərbaycanın nümunə ola biləcək ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

Tədbirdə həmçinin, BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisi Vladanka Andreeva çıxış edib.

“Respublika”.