Arazdəyəndə tikiləcək zavod təhlükə mənbəyidir
Digər xəbərlər

Arazdəyəndə tikiləcək zavod təhlükə mənbəyidir

Ermənistanın gördüyü əməllər tamamilə insanlığa zidd və hüquqların kobud formada pozulması deməkdir. Bu günədək etdikləri azmış kimi, indi də Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır.

Qeyd edək ki, hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq zavodun tikintisinə 70 milyon ABŞ dolları sərf ediləcək. Zavodun ərazidə tikilməsi nəticəsində zəhərli kimyəvi tullantılar bölgədəki ekosistemə böyük zərbə vura bilər. Həmçinin zavoddan ixrac olan tullantıların Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də onun suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün zərərli ola bilər. İstehsalat səviyyəsinin aşağı düşməsi nəticəsində bölgədə yaşayan ciddi problemlərlə qarşılaşa bilər. Buna görə də iyunun 7-də Bakıda ekoloji yönümlü QHT-lər layihə əleyhinə Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə baş nazir Nikol Paşinyana açıq məktub ünvanlayıblar. 24 qeyri-hökumət təşkilatı nümayəndəsi tərəfindən göndərilən məktubda Ermənistan hökuməti məsuliyyətli idarəetməyə, regiona, planetə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırılıb.

Nümayəndələr arasında "Səma və Eko" Sosial-iqtisadi inkişafa yardım İB-nin sədri İradə Həsənova da yer alıb. İ.Həsənova bildirir ki, hələ Paşinyana məktub ünvanlamazdan qabaq Ümumi Beynəlxalq Təşkilatlara da bəyanat hazırladıq. Bəyanatda qeyd etdik ki, Arazdəyəndə metallurgiya zavodu tikilib və bu, sözün əsl mənasında Azərbaycana, transsərhəd qonşulara qarşı ekoloji terrordur. Bu, çox böyük bir təhlükədir. Bundan sonra çox ciddi araşdırmalar apardıq. Və nəticədə bəlli oldu ki, 24 bölgədə belə mədən zavodları var. Onların da əksəriyyəti, Bərgüşad, Arpa, Oxçuçay və digər çaylara yaxındır ki, həmin çayların da hamısı Araz çayı ilə birləşir. Eyni zamanda həmin bu metallurgiya zavodunun çaya atılan tullantıları da gəlib Araz çayına çıxır. Bu isə ümumilikdə faunaya, kənd təsərrüfatına və ən əsası da insan orqanizminə böyük zərər verir. Bildiyimiz kimi, bizim kənd təsərrüfatının böyük bir hissəsi Araz çayından suvarılır. Buna əsasən də belə bir bəyannamə hazırlamaq məcburiyyətində qaldıq. Orada biz bildirdik ki, bu, nəinki, Azərbaycana, həmçinin transsərhəd dövlətlərə, həm də Ermənistanın özünə də zərərlidir. Ermənistanın da kənd təsərrüfatı həmin sulardan istifadə edir. Havaya buraxılan bu qazlar ən çox elə onların öz əhalisinə zərər yetirir. Bu nöqteyi-nəzərdən biz belə bir müraciət hazırlamaq məcburiyyətində qaldıq.

Sözsüz ki, biz qarşı tərəfdən müsbət cavab gözləyirik. Əgər olmazsa, bizim müraciətlərimizin ardı kəsilmədən davam edəcək. Bu, təkcə bizim yox, yeni nəsil üçün də böyük bir təhlükədir. Ona görə də, mübarizəmiz  davam edəcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".