Ulu Öndərin formalaşdırdığı müasir Azərbaycan ədliyyəsi
Digər xəbərlər

Ulu Öndərin formalaşdırdığı müasir Azərbaycan ədliyyəsi

Azərbaycan ədliyyəsinin zəngin tarixi, cəmiyyətdə aparıcı rolu var. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizdə ədliyyə işinin düzgün qurulması istiqamətində başlıca prioritetləri müəyyənləşdirmişdir.

1969-cu ildə Heydər Əliyevin respublikamıza hakimiyyətə gəlişi ilə ədliyyə sisteminin inkişafında mühüm mərhələ başlanmış, Ədliyyə Nazirliyi bir qurum kimi yenidən təşkil olunmuş, onun gələcək inkişafı üçün zəruri şərait yaradılmışdır. Ümummilli lider Heydər Əliyev müstəqil respublikanın ədliyyə, məhkəmə və prokurorluq orqanlarının formalaşdırılmasına xüsusi əhəmiyyət vermiş, ədalətli və demokratik dövlət qurulmasında ədliyyənin və ədalət mühakiməsinin vacibliyini önə çəkərək bu sahədə mühüm işlər görmüşdür.

Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına qayğı göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə orqanlarının fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə köklü hüquq islahatları aparılmış, məhkəmə və ədliyyə sahəsində mühüm əhəmiyyət kəsb edən bir çox qanunlar qəbul edilmişdir. Ümumiyyətlə, ədliyyə işi ölkənin əsas fundamental hüquqi zərurətlərindən biri kimi qiymətləndirilməlidir. Çünki dövlətin proporsional vahidləri qanunla tənzimlənir və bu missiyanı da məhz Ədliyyə Nazirliyi icra edir. Ümummilli liderimiz Heydər Əliyev bu sahədə də həmişə humanizmə, qanunun aliliyinə və ədalətə əsaslanmağın vacib olduğunu vurğulamışdı. 

Son illər Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri əhəmiyyətli dərəcədə genişləndirilmiş və nazirliyin üzərinə yeni vəzifələr qoyulmuşdur. Bununla da demokratikləşən cəmiyyətimizdə Ədliyyə Nazirliyi dövlətin hüquq siyasətini həyata keçirən orqanlardan birinə çevrilmiş və onun hüquqi dövlət qurulucuğunda rolu artmışdır.

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə məxsusi önəm verməsi Heydər Əliyev siyasətinin bariz ifadəsidir. İlham Əliyevin bilavasitə rəhbərliyi altında Ədliyyə orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi baza yeniləşmişdir.

Bildiyimiz kimi, Ədliyyə orqanlarında çalışanların ilk növbədə, dövlətçilik prinsiplərinə sadiq, yüksək nəzəri və peşə hazırlığına, tələbkarlığa və prinsipiallığa malik, xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan, yüksək mənəvi keyfiyyətləri ilə fərqlənən bir şəxs olması mütləq və vacibdir. Ulu öndərimiz Heydər Əliyev də hər zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarından müstəqil Azərbaycan dövlətinə sədaqətli olmağı, mənəvi saflıq və mənəvi paklıq tələb edirdi. Bu tələblər Ədliyyə Nazirliyində kadr siyasətinin düzgün təşkil olunması üçün əsas meyar olmuşdur.

Xüsusən gənc nəsildə Ədliyyə işinə münasibətin formalaşdırılması olduqca vacibdir. Çünki bu gənclər dövlətimizə şərəflə xidmət etmək məsuliyyətinin nə olduğunu ilk andan başa düşməli və bunu çalışdıqları sahələrdə tətbiq etməlidirlər. Məhz ədliyyə sistemində gənclərin daha mükəmməl olmaları üçün maarifləndirmə işi əsas arqumentdir. Bu gənclər ölkəmizdə dövlət orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, dövlət qulluğunun nüfuzunun artırılması, şəffaflığın təmin olunması üzrə aparılan mütərəqqi islahatlarda aparıcı qüvvə hesab olunurlar. Onların etik davranış qaydalarına riayət etmələri çox vacibdir. Hazırda ədliyyə sistemində çalışanların müəyyən hissəsi gənclərdir, onlar peşəkarlıq səviyyələrini artırmaq üçün daim səy göstərirlər. Bu və bu kimi məsələlər daim nazirliyin rəhbər heyətinin diqqət mərkəzindədir, orada çalışanlar öz vəzifə borcunu səmərəli yerinə yetirmək, dövlətimizin və ədliyyə orqanlarının nüfuzunu möhkəmləndirmək, öz adını və şərəfini uca tutmaq üçün böyük əmək sərf edirlər.

Konstitusiya Məhkəməsinin təsis edilməsi və fəaliyyətə başlaması da Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olmuşdur. Ədliyyə Nazirliyi məhkəmə sistemində çalışanların, həmçinin notariat fəaliyyəti ilə məşğul olanların peşəkarlıq səviyyəsinin artması üçün uğurlu addımlar atır. Bu əməli işdə əsas etibarilə davranış qaydaları, hakimlərin hakim adını və nüfuzunu qoruması, səbir və dözümü, hadisələrə düzgün müdaxiləsi, prosesləri qanunla düzgün müəyyən etməsi, notariusların öz fəaliyyətlərini qanunla yanaşı, inam, etibar üzərində qurması mühüm hədəflər kimi müəyyən olunub.

Əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması və bu prosesin müasir tələblər səviyyəsində təşkili Ədliyyə sisteminin ən vacib istiqamətlərindən biridir. O cümlədən notariat, vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin dövlət qeydiyyatı sahələrində tənzimləyici qanunvericilik bazasının daha şəffaf olması təkmil işlərdir. Azərbaycan Ədliyyəsi bu istiqamətdə öz fəaliyyətini çox uğurlu qurub. 

Son illər məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üzrə bir sıra tədbirlər həyata keçirilib, icra sənədlərinin düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət gücləndirilib. Ölkə Prezidentinin tapşırıq və tövsiyələri, fərman və sərəncamlarından irəli gələn vəzifələrə Azərbaycan Ədliyyəsi öz uğurlu fəaliyyəti ilə təkan verir.

Müstəqil Azərbaycan dövləti yeni müasir inkişaf dövrünü yaşayır.

Bildiyimiz kimi, 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli" elan edilib. 105 illik çətin və şərəfli yol keçmiş Azərbaycan Ədliyyəsi ümummilli lider Heydər Əliyevin qoyduğu tələb və vəzifələri layiqincə mənimsəyib, ölkə Prezidenti İlham Əliyevin bu sahədəki tapşırıq və tövsiyələrini müvəffəqiyyətlə icra edir. 

Sehra TALIBOVA,

Bakı şəhər 9 saylı notariat ofisinin hüquqşünası.