YAP Yasamal rayon təşkilatında “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
Digər xəbərlər

YAP Yasamal rayon təşkilatında “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı tədbir

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Veteranlar Şurasının üzvü, "91-lər"dən olan Şahlar Əsgərov, YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Ülvi Quliyev və başqa qonaqlar YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi üzrə partiya təşkilatlarının sədr, sədr müavinləri və partiya fəalları iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı videoçarx təqdim edilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nailiyyətlərin şah əsəri, heç şübhəsiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bu gün artıq işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir. Bu tarixi uğurlar isə vaxtilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi qayıdış siyasətinin dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə reallığa çevrilməsidir. Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu, ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

Tədbirdə çıxış edənlər YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev çıxışlarında bildiriblər ki, ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ümummilli lider Heydər Əliyev dövlətimizin müstəqilliyini qoruyacaq və onun inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etimad ünvanı onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının daha da genişlənməsini şərtləndirdi. Belə ki, ümummilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı ölkə rəhbəri cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi Azərbaycanın bugünkü və gələcək uğurlarının təməli oldu. Xalqımız hər zaman olduğu kimi, bu gün də öz Liderinə arxalanaraq Onun ətrafında dəmir yumruq kimi birləşib.

Çıxışlardan sonra bir qrup şəxsə fəxri fərmanlar və Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri verilib. Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları "Heydər Əliyev. 100 faktın tarixi" adlı kitablar tədbir iştirakçılarına təqdim olunub.

Tədbirə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin hazırladığı "Haqdan gələn səs - Dahi" adlı bədii hissə ilə yekun vurulub.

"Respublika".