Ulu babalarının ruhu qarşısında mənəvi borcunu ləyaqətlə yerinə yetirən Vətən oğlu
Digər xəbərlər

Ulu babalarının ruhu qarşısında mənəvi borcunu ləyaqətlə yerinə yetirən Vətən oğlu

Belə igidlik göstərən oğullarımızdan biri, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Sabir oğlu Cavanşirdir. Onun İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin rəhbəri kimi keçdiyi şərəfli döyüş yolu təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.

Bu yerdə sevimli şairimiz Məmməd Arazın bu misralarını xatırlamamaq mümkün deyil:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Zaur Sabir oğlu Cavanşir (Məmmədov) 21 sentyabr 1974-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olmuşdur. 1991-ci ildə Hindarx kənd orta məktəbini qızıl medalla bitirən Zaur Cavanşir ata-babalarının yolunu davam etdirərək vətəninin keşiyində dayanmaq üçün Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. Məktəbin kursantı kimi 1993-cü ilin fevral ayından mənfur düşmənə qarşı Kəlbəcər, Ağdərə istiqamətlərində şiddətli döyüşlərə qatılmış və bölmələrə komandirlik etmişdir. 1994-cü ilin yanvar ayından may ayının 12-si atəşkəs elan edilənədək öz yaşıdları olan əsgərləri ilə Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildən 2000-ci ilin iyul ayınadək Tərtər ərazisində cəbhə bölgəsində birbaşa ön xətdə taqım komandiri vəzifəsindən tabor komandiri vəzifəsinədək xidmət etmişdir.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaranması ilə 2000-ci il iyul ayında kapitan Zaur Cavanşir XTQ məktəbinə rəis, iki il sonra isə yeni formalaşmış Xüsusi Təyinatlı alayın qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

2002-ci il iyul ayında Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olmuş və təhsildə nailiyyətlər qazanaraq 2004-cü ilədək Türkiyə Silahlı Qüvvələrin Quru Qoşunları Hərbi Akademiyasında təhsil almışdır.

2004-cü il avqust ayından 2006-cı ilin may ayınadək XTQ-nin "Yaşma" xüsusi təyinatlı alayının komandiri olmuş və dəfələrlə düşmən arxasında mühüm əməliyyatlarda iştirak etmişdir.

2005-ci ildə xüsusi əməliyyatlarda rəşadət və mərdlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Zaur Cavanşir 2006-2011-ci illərdə Füzuli və Beyləqan bölgəsində "N" saylı hərbi hissələrdə polkovnik-leytenant rütbəsində xidmət etmişdir. 2011-ci ilin may ayından 2013-cü ilin noyabr ayınadək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kafedra rəisi kimi gələcək zabitlərin hazırlığında mühüm rol oynamışdır.

2013-cü ilin noyabr ayında polkovnik Zaur Cavanşir XTQ komandanının müavini vəzifəsinə təyin edilmiş, 2013-2015-ci illərdə dəfələrlə düşmən arxasında xüsusi əməliyyatların həm iştirakçısı, həm də rəhbəri olmuşdur.

2016-cı ilin sentyabrından öz arzusu ilə ordu sıralarından ehtiyata tərxis edilmişdir.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsinin başlanması ilə polkovnik Zaur Cavanşir dərhal aktiv döyüşlərə qatılmışdır. O, XTQ hücum qruplaşmasının idarə edilməsi kimi şərəfli və çətin vəzifəni üzərinə götürərək Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşun qruplaşmasının rəhbəri olmuş, torpaqlarımızın azad edilməsində müstəsna igidlik və qəhrəmanlıq nümunəsi göstərmiş, Azərbaycan bayrağını ata-baba yurdu Şuşaya sancmışdır. Polkovnik ulu babası Pənahəli xan Cavanşirin əsasını qoyduğu Şuşanın ilk komendantı olmuşdur.

General-mayor Zaur Cavanşir Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin nəslindəndir.

Ehtiyatda olan polkovnik Zaur Cavanşir İkinci Qarabağ müharibəsinin ilk günündən savaşa qatıldı və ön cəbhədə XTQ hücum qruplaşmasının idarə edilməsi kimi ən ağır, ən çətin və olduqca şərəfli bir yol seçdi. Çünki onun ən böyük arzusu Azərbaycanın işğal altında olan torpaqlarının - ulu babalarının əmanəti olan doğma Qarabağın, Şuşanın azad edilməsi idi. Bu şərəfli yol Kəlbəcər istiqamətində başladı və Susuzluq yaşayış məntəqəsi azad edildi. Tezliklə polkovnik Zaur Cavanşir Füzuli-Cəbrayıl istiqamətində aparılan əməliyyatlara qatıldı. Cəbrayılın azad edilməsindən sonra Hadrut-Şuşa istiqamətində hücum edən bütün qoşunların rəhbəri kimi daha məsuliyyətli, daha şərəfli bir ömür yolu keçdi. Bu yol - düşmənin müdafiə mövqeləri daha güclü olan Hadrutun ətraf yüksəkliklərinin götürülməsi, Xankəndi yolunun bağlanması və Hadrutun düşməndən təmizlənməsi, Məngələn ata yüksəkliyinin götürülməsi və Füzuli şəhərinin düşməndən təmizlənməsi; Məmməddərə, Tuğ, Azıx, Zoğal Bulaq, Qırmızı bazar, Məlikcanlı yaşayış məntəqələrinin əlbəyaxa döyüşlərlə azad edilərək milli ordumuza təhvil verilməsi, Şuşanın mənfur düşməndən azad olunmasına aparan Zəfər yolunun açılması ilə nəticələnən yol oldu.

General-mayor Zaur Cavanşirin Şuşanın azad olunması ilə bağlı dediklərini olduğu kimi diqqətə çatdırmaq istəyirəm: "Real olaraq Şuşaya noyabrın 6-da gecə girsək də, ondan bir həftə əvvəl artıq biz Şuşa ətrafında idik və burada mövqelərimizi qururduq. Əməliyyatların hər anının düşmən üzərində qələbəmiz üçün nə qədər əhəmiyyətli olduğunu bildiyimə görə hər şeyə şəxsən nəzarət etməli və anında qərar qəbul etməliydim.

Bütün bölmələrimizi əməliyyat planına uyğun olaraq yerləşdirmişdik və noyabrın 6-dan 7-nə keçən gecə Şuşa ətrafındakı sıx meşəlik və sərt qayalıq olan yüksəkliklərlə hərəkət etməyə başladıq. Öncə Zarıslı kəndinin yaxınlığında Laçın-Xankəndi yolu üzərində bölmələrimizi yolu bağlamağa hazır vəziyyətdə yerləşdirdim. Sonra İsa bulağı ətrafındakı yüksəklikləri tutduq. Digər bölmələrimizi Keybalı kəndi üzərindən keçərək Xankəndi-Şuşa arasındakı yolun üzərində, əsas bölmələrimizi isə Cıdır düzü istiqamətində qayalarla dırmaşaraq orada yerləşdirdim. Düşmənin bütün yollarını bağladıq və beləliklə Şuşa ətrafında möhkəmlənməyə başladıq. Noyabrın 7-si gecə saat 03-dən etibarən Şuşaya hücum əmri verdim. Komandanla bölmələrimiz düşmənin bütün hərəkət yollarını bağlayaraq şəhərə 3 istiqamətdə - İsa bulağı, Xankəndi və qayalıqla dırmaşaraq Cıdır düzü istiqamətindən daxil olub Şuşanı düşməndən azad etməyə başladıq. Bizim hər tərəfdən gəldiyimizi görən düşmən pərakəndə halda hara gəldi qaçırdı. Hava buludlu və dumanlı olduğuna görə nə Bayraqdar, nə də artilleriyamız işləyə bilmirdi. Texnikaları gətirmək mümkün deyildi. Ancaq atıcı silahlar və süngü-bıçaqlarla döyüşürdük. Noyabrın 7-si səhər alatoranlıqda artıq düşmənin müqavimətini qırdıq və şəhərin mərkəzi küçələrini düşməndən təmizləməyə başladıq. Düşmən dəlicəsinə Şuşanı artilleriya atəşinə tutmuşdu. Şuşanın hər kvadratmetrinə mərmi düşürdü. Toz-duman bir-birinə qarışmışdı. Dərhal şəhərin dairəvi müdafiəsinin qurulmasına, bütün məhəllə və evlərin aranıb təmizlənməsinə göstəriş verdim. Biz müdafiəni təşkil edəndən sonra mənim sərəncamıma verilmiş digər bölmələr də gəldi. Düşməndən bizə qənimət qalmış mühəndis texnikaları ilə Zarıslı kəndi yaxınlığında Laçın-Xankəndi və Xankəndi-Şuşa asfalt yolunu 3 metr enində və 3 metr dərinliyində qazdırdım. Artıq Şuşaya gələn bütün yollar düşmən texnikası üçün keçilməz idi. Babalarımın tarix boyu böyük rəşadətlə qoruduğu Şuşa doğrudan da bir qala idi və biz bu üstünlükdən istifadə edərək düşmənin 3 gün (11 noyabr 2020-ci il saat 01:00-dək) hər gün 3 dəfə olmaqla Laçın və Xankəndi istiqamətində eyni zamanda olan bütün hücumlarının qarşısını aldıq. Onlara böyük itki verdik və geri otuzdurduq. Noyabrın 8-i qələbəni Ali Baş Komandan cənab İlham Əliyevə məruzə etdim".

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin azad edilməsinin nə qədər vacib olduğunu qeyd etmişdir. Ölkə başçımız Şuşa şəhəri düşməndən azad edildikdən sonra Zaur Cavanşiri şəhərin ilk komendantı təyin etmişdir.

25 noyabr 2020-ci il tarixində XTQ komandanının müavini vəzifəsinə təyin edilən polkovnik Zaur Cavanşir dekabrın 7-də general-mayor rütbəsi almış və Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətlərə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmüşdür.

O, Füzulinin azad olunmasına görə (25.12.2020); Şuşanın azad olunmasına görə (29.12.2020); Kəlbəcərin azad olunmasına görə (24.06.2021); Qubadlının azad olunmasına görə (24.06.2021); Xocavəndin azad olunmasına görə (24.06.2021) medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülmüşdür (24.06.2021). 2021-ci il noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması, dövlət sərhədinin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə verilən döyüş tapşırığını uğurla yerinə yetirmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərdiyinə görə "Hərbi xidmətlərə görə" (27.12.2021) medalı ulu Cavanşirlər nəslinin layiqli davamçısı olan general-mayor Zaur Cavanşirin bu şərəfli ömrünə çox şey sığdıra bilməsindən xəbər verir.

General-mayor Zaur Cavanşir Şuşaya sancdığı və Zəfər Bayrağı elan edilmiş Azərbaycan bayrağı ilə 2020-ci ildə Bakıda keçirilən Qələbə Paradında döyüş bayraqları qrupuna rəhbərlik etmişdir. Bununla da o, ulu babalarının, ən əsası Qarabağ xanlığının və Şuşa qala şəhərinin əsasını qoyan Pənahəli xan Cavanşirin ruhu qarşısındakı mənəvi borcunu ləyaqətlə yerinə yetirmişdir.

Sonda onu demək istəyirəm ki, ata yurdu hər kəs üçün sadəcə olaraq doğulduğu kənd deyil. Bizim hər birimizin, xüsusilə də bugünkü gəncliyimizin Ata yurdu bütöv Azərbaycandır. Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin mükəmməl sərkərdəlik və diplomatik bacarığı ilə Qarabağımızı mənfur düşməndən azad etməklə şanlı, qürurverici bir tarix yazdı. Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsində başlanan Azərbaycanın bütövləşməsi tarixi bu günlərdə, 19 sentyabrda ordumuzun Qarabağda apardığı antiterror tədbirləri nəticəsində başa çatdı. Bir daha bu şanlı tarixi bizə yaşadan, torpaqlarımızın, sərhədlərimizin bütövlüyünü təmin edən bütün hərbçilərimizlə fəxr edirik!

Güntəkin NƏCƏFLİ,

AMEA Tarix İnstitutunun aparıcı

elmi işçisi, tarix üzrə fəlsəfə doktoru,

dosent, Dövlət mükafatı

laureatı.