UĞURLU GƏLƏCƏYƏ HESABLANMIŞ STRATEGİYA
Siyasət

UĞURLU GƏLƏCƏYƏ HESABLANMIŞ STRATEGİYA

Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə subtropiklər diyarı Lənkəranın sosial-iqtisadi, mədəni inkişafına misilsiz qayğı göstərmişdir. Keçən əsrin 70-ci illərin əvvəllərindən başlayaraq bu müdrik, dahi şəxsiyyətin rəhbərliyi ilə Lənkəran sürətlə inkişaf etmiş, keçmiş SSRİ-də ümumittifaq meyvə-tərəvəzçilik mərkəzi kimi məşhurlaşmışdır.

Lənkəran əməkçiləri hər il 200 min tona yaxın tərəvəz istehsal edərək keçmiş ittifaqın 900-dən çox şəhərinə yola salırdı. O illərdə respublikada istehsal olunan tərəvəzin 30 faizi Lənkəranın payına düşürdü. Yaşıl çay yarpağı istehsalı 16 min tona, üzüm istehsalı 8 min tona çatırdı. Əhalinin rifah halı durmadan yaxşılaşır, həyat səviyyəsi yüksəlirdi. Lənkəran inkişaf etmiş abad, gözəl, yaraşıqlı diyar kimi SSRİ-nin hüdudlarından uzaqlarda da tanınırdı.

Ulu öndər çıxışlarının birində bu barədə deyib: "Azərbaycanda rəhbər işlədiyim dövrdə Azərbaycanın ən hörmətli bölgəsi Lənkəran zonası idi. Lənkəran zonasının adı Amerikadan gəlirdi, İngiltərədən gəlirdi, Fransadan gəlirdi".

Müdrik rəhbərin təşəbbüsü ilə iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı təmin olunurdu. Lənkəran zonasında kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, torpaqları suvarma suyu ilə təmin etmək məqsədilə 1976-cı ildə Yuxarı Xanbulançay su təsərrüfatı kompleksi tikilib istifadəyə verildi.

Lənkəran melioservis idarəsinin rəisi Talverdi Əhmədov o dövrdə gənc mütəxəssis kimi Xanbulançay dəryaçasında işləyib.

"Yaxşı xatırlayıram", - deyə Talverdi müəllim söhbətə başlayır:

- 1974-cü il idi. Azərbaycan Texniki Universitetinin hidromeliorasiya fakültəsini bitirib doğma Lənkərana təyinat almışdım. Yuxarı Xanbulançay su qovşağı istismarı idarəsində mühəndis vəzifəsinə qəbul olunmuşdum.

O illərdə təkcə Azərbaycanda deyil, keçmiş ittifaqda ən nəhəng obyektlərdən sayılan Tərtərçay və Xanbulançay dəryaçaları tikilirdi. Xanbulançayda yayın qızmarında, qışın çovğununda qızğın iş gedirdi. Dəryaçanı yaratmaq üçün 10 milyon kubmetr, başqa sözlə desək, 250 min vaqon torpaq daşınmış, 315 min kubmetr beton tökülmüş, 2400 ton metal konstruksiya quraşdırılmış, hündürlüyü 64 metr olan bənd çəkilmişdir. Bəndin üstdən uzunluğu 550 metrdir. O dövrün vəsaiti ilə obyektin tikilməsinə 50 milyon manat vəsait xərclənmişdir. Dağların ovcunda yerləşən, sututumu 52 milyon kubmetr olan iri göl Lənkəran və Astara rayonlarında 22 min hektar torpağı suvarmağa, kənd təsərrüfatı istehsalını intensivləşdirməyə imkan verirdi.

Bu möhtəşəm obyekt 1976-cı il dekabr ayının 28-də istifadəyə verildi. Açılış mərasimində xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevlə birlikdə respublikanın rəhbər işçilərindən Ə.İbrahimov, H.İbrahimov, nazirlər, baş idarələrin və qonşu rayonların rəhbərləri iştirak edirdi.

Ümummilli liderin mərasimdə dərin məzmunlu nitqi bugünkü kimi yadımdadır, - deyə Talverdi Əhmədov söhbətini davam etdirir:

- Azərbaycanın müdrik rəhbəri nəhəng tikintidə zəhməti olan insanları təbrik etdi, fədakarlıq göstərdikləri üçün onlara təşəkkürünü bildirdi. Qabaqcıl fəhlələrin, mexanizatorların, ustaların, iş icraçılarının adlarını çəkdi. Rəhbərin sadə zəhmət adamlarının əməyini qiymətləndirməsi hər birimizi sevindirdi və daha yaxşı işləməyə ruhlandırdı.

Açılışdan sonra Heydər Əliyev suvarma sistemlərinin işçiləri ilə görüşdü. Tövsiyə və tapşırıqlarını verdi. Fəhlələrin həyatı, məişət şəraiti, qayğıları ilə maraqlandı. Sonra dağ çayı Bəşəruda tikilmiş, Lənkərançayda işləyən suyığıcı qovşaqların, hidrotexniki qurğuların işi, tərəvəz və çay plantasiyalarının suvarılması vəziyyəti ilə yaxından tanış oldu.

Ulu öndər Heydər Əliyev 1982-ci il iyul ayının 1-də ikinci dəfə Yuxarı Xanbulançay su qovşağı istismarı idarəsinin kollektivi ilə görüşdü. İdarənin rəisi işləmiş Mirsəmid Abbasov işlərin gedişi barədə məlumat verdi. Müdrik rəhbər melioratorların vəziyyəti, çətinlikləri ilə maraqlandı. Kollektivimizin üzvü olan yaşlı bir qadın rəhbərə suvarma işçilərinin razılığını, minnətdarlığını çatdırdı. Sonra ulu öndərlə xatirə şəkli çəkildi.

Azərbaycanda meliorasiya və irriqasiya tədbirlərinin kompleks şəkildə həyata keçirilməsi ümummilli liderin adı ilə bağlıdır. 1993-cü ildə rəhbərin ikinci dəfə xalqın təkidli tələbilə hakimiyyətə gəlişi sayəsində meliorasiya və su təsərrüfatı sistemi yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin təşəbbüsü ilə 1996-cı ildə "Meliorasiya haqqında" Qanun qəbul edildi, bu sahənin hüquqi bazası yaradıldı. Onun "Meliorasiya və su təsərrüfatı obyektləti bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik" müdrik kəlamı meliorasiya və su təsərrüfatı işçiləri üçün fəaliyyət devizinə çevrildi.

Ümummilli liderin uzaqgörən siyasətinin, Azərbaycanın gələcəyinə hesablanmış inkişaf strategiyasının bəhrələri bu gün aydın görünür. O dövrdə tikilən Xanbulançay dəryaçası hazırda Lənkəran və Astara rayonlarının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli və suvarma suyu ilə təmin edir.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə meliorasiya və irriqasiya sistemində yeni, müasir layihələr həyata keçirilir. Əhalinin içməli su təminatı ilə tam ödənilməsi, əkilən torpaqların suvarılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür. Melioratorlar ölkəmizdə ərzaq bolluğunun yaradılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr verirlər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".