BMT və ATƏT kimi təşkilatlarda islahata ehtiyac var
Siyasət

BMT və ATƏT kimi təşkilatlarda islahata ehtiyac var

Bu gün dünyada baş verən qanlı müharibələr, uzun illərdir həllini tapa bilməyən ərazi məsələləri və yaxud da hər hansısa bir ölkənin işğal altındakı torpaqlarını öz gücü hesabına geri qaytarması hələ də bəşəriyyətin gündəmini zəbt etmişdirsə, onda belə bir sual ortaya çıxır. Böyük ümidlərlə təsis edilən beynəlxalq təşkilatlar hansı funksiyanı yerinə yetirməklə məşğuldur?

Universal beynəlxalq təşkilatın yaradılması ideyası siyasi düşüncə tarixində qədim zamanlardan meydana çıxmışdı. Lakin XX əsrə qədər bu ideya reallaşdırılmasa da, Birinci Dünya müharibəsindən sonra yaranan Millətlər Cəmiyyəti 26 illik fəaliyyətindən sonra öz yerini 1945-ci il oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatına verdi. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqqiyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış ən böyük qurumdur. Ölkəmiz müstəqillik əldə etdikdən sonra 1992-ci ildə bu təşkilata üzv olmuş və həmin gündən etibarən BMT Nizamnaməsinə sadiqliyini bəyan etmişdir.

BMT təsis olunduğu gündən etibarən, ilk növbədə, tərk-silah və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində bir sıra mühüm və faydalı qətnamələr qəbul etmişdir. Onlardan misal olaraq bir neçəsini qeyd etmək olar: silahlanmanın ümumi tənzimlənməsi və ixtisarını müəyyənləşdirən prinsiplər (1946), hərbi cinayətkarların təhvil verilməsi və cəzalandırılması (1946), yeni müharibənin təbliğatına qarşı yönəldilmiş tədbirlər (1947), dövlətlər arasında sülh və mehriban qonşuluq münasibətlərinin bərqərar edilməsi və möhkəmləndirilməsi tədbirləri haqqında (1957 və 1958), ümumi və tam tərk-silah (1959) və s.

Bütün bu qətnamələr ilk baxışdan bəşəriyyətin sülh və təhlükəsizlik içində yaşamasına xidmət etdiyi kimi görsənsə də, lakin bunun belə olmadığı elə müasir dövrümüzdə açıq-aşkar ortaya çıxır. Çünki BMT bütün ölkələrin problemlərinə ədalətli şəkildə yanaşma sərgiləmir. Hətta son vaxtlar bu təşkilatı qərbin "sanksiya maşını" adlandırırlar. Xüsusilə, ABŞ və Fransanın əsas rıçağı olan BMT-nin aldığı qərarlar bu təşkilatın yalnız müəyyən dairələrə xidmət etdiyini göstərir. Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı dərhal kütləvi sanksiyalara başlayan BMT-nin 30 il ərzində işğalçı Ermənistana qarşı heç bir ciddi tədbir görməməsi qurumun özünü ifşa etməsindən xəbər verir. Ermənistan öz qanunsuz və əsassız şəkildə ərazi iddialarını həyata keçirmək üçün 1991-ci ilin sonu və 1992-ci ilin əvvəlində Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlamış və bunun nəticəsində ölkəmizin əhəmiyyətli bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, habelə Birinci Qarabağ müharibəsi on minlərlə insanın həyatına son qoymuş, şəhərlər, qəsəbələr və kəndlər dağıdılmışdır. İşğal olunmuş bütün ərazilərdə 700 mindən çox həmyerlimiz etnik təmizləməyə məruz qalmışdır. Eyni zamanda, 1980-ci illərin sonunda Ermənistanda vaxtı ilə sayı yarım milyon olmuş və həmin dövrə təxminən 250 000 qalmış azərbaycanlı da öz əzəli torpaqlarından vəhşicəsinə qovulmuşdur. BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri Azərbaycan torpaqlarının işğal olunmasına cavab olaraq qəbul edilmiş və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət edilməli olduğunu bir daha təsdiqləmişdir. Həmin qətnamələrdə Ermənistan silahlı birləşmələrinin qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməsi göstərilsə də ötən illər ərzində nə Ermənistan buna əməl etdi, nə də əlində hər cür güc olan BMT işğalçı ölkəni buna vadar etdi.

BMT-nin bu gün bəşəriyyətin çağırışlarına adekvat cavab verməməsinin əsas səbəblərindən biri də təşkilatda daimi fəaliyyət göstərən, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan Təhlükəsizlik Şurasının daimi üzvlərinin say tərkibi və onlar arasında münasibətlərin qütbləşməsidir. Belə ki, ABŞ, Fransa, Böyük Britaniya qərb blokunda, Rusiya və Çin şərq blokunda öz maraqlarından çıxış edir. Belə olan halda isə hər hansısa bir məsələnin BMT Təhlükəsizlik Şurasında ədalətli şəkildə həllini gözləmək heç bir məntiqə uyğun deyil. Üstəlik də dünyada mövcud olan 200-dən çox ölkənin, BMT-yə üzv 193 dövlətin və yer kürəsində yaşayan milyardlarla insanın taleyinin cəmi beş ölkənin əlində cəmləşməsi absurd olan məsələlərdəndir. `Ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "dünya beşdən böyükdür" ifadəsini səsləndirməklə bu məsələyə xüsusi diqqət çəkmişdir. Prezident Ərdoğan hər zaman bu beş ölkənin BMT-nin hadisələrə müdaxiləsinə mənfi təsir etdiyini bəyan edib və Təhlükəsizlik Şurasının say tərkibinin sayının artırılmasının zəruri olduğunu dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə hazırkı beynəlxalq təşkilatların xüsusilə, BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini qeyd edib və BMT-də ciddi islahatların aparılmasının qaçılmaz olduğunu vurğulayıb. BMT Təhlükəsizlik Şurasını keçmişin qalığı adlandıran dövlətimizin başçısı hazırkı reallıqları əks etdirmədiyini və bu baxımdan, Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunmasının tərəfdarı olduğunu deyib və öz təklifini də irəli sürüb. O, BMT Təhlükəsizlik Şurasına Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqına sədrlik edən ölkələrin veto hüququ ilə rotasiya əsasında yer almalı olduğunu bildirib. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın BMT haqqında söylədikləri haqlı iradlar günümüzün reallığı ilə tam uzlaşır. Necə ki, bir zamanlar böyük ümidlərlə yaranan Millətlər Cəmiyyəti İkinci Dünya müharibəsinin qarşısını almaqda acizlik göstərdisə, BMT-nin indiki durumu da bundan fərqli deyil. Əgər verilən təkliflər vaxtında dəyərləndirilməsə dünya Üçüncü Cahan savaşına ev sahibliyi etməyə çox yaxındır.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində yetərsiz olan digər bir təşkilat da ATƏT olub. Təşkilat 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərlərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalaması ilə yaradılıb. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır. ATƏT-in əsas məqsədi ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən etmək olsa da, 30 il davam edən Qarabağ problemi bu qurumun da BMT kimi bəzi məsələlərə qeyri-ciddi, ikiüzlü və qərəzli yanaşdığını göstərib. ATƏT-in nəzdində yaradılan Minsk qrupu münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün təsis edilmiş, lakin sonrakı proseslər bu qurumun yalnız münaqişəni həll etmək üçün deyil, vaxtını uzatmaq üçün fəaliyyət göstərdiyi məlum oldu. 30 illik fəaliyyəti dövründə keçmiş Minsk qrupuna rəhbərlik etmiş 3 ölkə - ABŞ, Fransa və Rusiya münaqişənin həllində heç bir uğur əldə edə bilmədi. Ələlxüsus da Fransa və ABŞ ermənipərəst mövqe nümayiş etdirərək keçmiş "status-kvonu" saxlamaqda maraqlı olmuşdular. Hələ o zaman ulu öndər Heydər Əliyev Minsk qrupuna başçılıq edən ölkələrin içərisində Fransanın yer almasına etiraz etmiş, Fransanın açıq-aşkar ermənilərə dəstək göstərdiyindən narahatlığını ifadə etmişdi. Lakin Fransanın dövlət başçısı ümummilli liderə müraciət edərək münaqişənin həllində ədalətli olacaqlarına dair söz vermişdi. Yalnız bundan sonra Azərbaycan tərəfi Fransanın Minsk qrupuna başçılıq etməyinə icazə vermişdi. Amma verdiyi sözü unudan Paris rəsmiləri bu gün olduğu kimi, danışıqlar prosesində hər zaman Ermənistanı dəstəklədilər.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın fəaliyyəti dövründə heç bir nəticəyə nail ola bilmədi. Əksinə, Ermənistan işğalçı dövlət olmasına baxmayaraq, bu illər ərzində Azərbaycana şərtlər irəli sürür, torpaqlarımızda qanunsuz məskunlaşma aparırdı. Onlar buna qarşı çıxmaq, torpaqlarımızı işğaldan azad etmək əvəzinə, dövlət başçımızı münaqişənin yalnız sülh yolu ilə həllinə inandırırdılar. Dövlətimiz də hər zaman buna sadiq olduğunu bildirsə də, lakin bunun üçün ciddi bir addım atılmırdı. Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən işğalçı dövlət bu prosesdə də səmimi olmamış, əksinə, 30 il ərzində tarixi və mədəni irsi məhv etmiş, təbii resurslardan qeyri-qanuni istifadə etmişdir.

Beləliklə, 2020-ci il sentyabrın 27 də başlayan İkinci Qarabağ müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndikdən sonra Minsk qrupu da öz fəaliyyətini dayandırmışdır. Artıq tarixə qovuşan Minsk qrupu bu illər ərzində öz yarıtmazlığı, beynəlxalq hüquqa əməl etməməsi və işğalçını dəstəkləməsilə yaddaşlarda qaldı. Qarabağ münaqişəsinin nizama salınmaması bir daha göstərir ki, ATƏT-də də böyük dəyişiklik olmalıdır.

Musa BAĞIRLI,

"Respublika".