Ermənistan üçtərəfli Bəyanata əməl etmir
Siyasət

Ermənistan üçtərəfli Bəyanata əməl etmir

Azərbaycan dövləti uğurlu hərbi-siyasi gediş nəticəsində Ermənistan silahlı qüvvələrini qısa müddət ərzində darmadağın edərək işğal altındakı ərazilərimizi düşmən tapdağından xilas etdi. Hərb tarixində yeni reallıq olan 44 günlük Vətən müharibəsi Ermənistanın və havadarlarının növbəti işğal planını alt-üst etdi. Cənubi Qafqazda Azərbaycan lider ölkəyə çevrilərək dəyişən dünya nizamında öz mövqeyini bəlli etmiş oldu. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli iştirakı ilə imzalanan Bəyanatla düşmənin məğlubiyyəti bütün dünyaya agah oldu. Kapitulyasiya aktını imzalamış Ermənistan "Dəmir yumruq", güclü Azərbaycan diplomatiyası hesabına diz çökdü.

Lakin əfsuslar olsun ki, Azərbaycandan fərqli olaraq imzalanmış Bəyanatın müddəalarına digər 2 dövlət əməl etmir. Xüsusən də, baş verən təxribatlar, Rusiya sülhməramlılarının ərazidəki sabitliyə töhfə verə bilməməsi Ermənistanda yenidən revanşist hissləri oyadır. Belə ki, haylar Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində 10 min nəfərdən artıq şəxsi heyəti olan ordu yaradıb. Ermənistan tərəfindən bu qüvvələrin imkanları davamlı olaraq artırılır. Faktlar göz qabağındadır, lakin bütün bunlara rəğmən Rusiya Xarici İşlər Nazirliyi üçtərəfli Bəyanatın "ümumilikdə yerinə yetirildiyini" bildirir. Görünür, Moskva Bəyanatın 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin bölgədən çıxarılması ilə bağlı müddəanı diqqətə almır. Belə ki, sözügedən məramlılar ermənilərlə bu çirkin əməldə əlbir fəaliyyət göstərirlər. Bəyanatda qeyd olunur ki, "Rusiya sülhməramlıları kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir". Bu məqamda, qeyd edilən aktın yerinə yetirilməməsi açıq şəkildə görünür. Razılaşmadan üç ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan öhdəliyini icra etmir, "təhlükəsizlik missiyası" adı ilə Azərbaycan ərazisinə sülhməramlılarını yerləşdirən Rusiya bununla bağlı heç bir praktik addım atmır. Ermənistan və Rusiyanın mövcud vəziyyətə uyğun verdiyi açıqlamalar üçtərəfli Bəyanatın müddəalarının açıq-aşkar təhrifini sübut edir. Silahlı dəstələrin separatçıların qondarma "müdafiə ordusu" olduğunu bildirmək isə cəfəngiyyatdır. Gülünc olan daha bir məqam isə Ermənistanın sözügedən 4-cü bəndin azad olunmuş yeddi rayona aid olduğunu bildirməsidir.

10 noyabr Bəyanatını imzalayan Ermənistan təhlükəsizlik və stabilliklə bağlı öhdəlik daşıdığını bəyan etmişdir. Rusiya isə bu öhdəliklərin təmin edilməsinin qarantı olduğunu bildirmişdir. Lakin nə Ermənistan öhdəliyini icra edir, nə də Rusiya üzərinə düşən missiyanı həyata keçirir. Bu halda üçtərəfli Bəyanat legitimliyini itirmiş hesab edilə bilər və buna görə də məsuliyyət daşıyan tərəflər Ermənistanla Rusiyadır. Hər iki ölkə indiyə qədər 10 noyabr razılaşmasının legitimliyini itirməsi üçün əllərindən gələni ediblər. Hətta Ermənistanın anti-Rusiya təbliğatı aparması imzalanan Bəyanata mənfi təsir göstərir. Ermənistandakı Rusiya bazaları önündə şüarlarla çıxış edən haylar yeni havadar axtarışında Rusiyadan üz döndərməyə hazırdır. Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində demişdi ki, Azərbaycan-Ermənistan sərhədində nəzarəti Rusiya deyil, İrəvan özü həyata keçirəcək: "Bu, artıq bütün iştirakçı tərəfdaşlara aydındır ki, sərhədlərə bütün nəzarət Ermənistan tərəfində olacaq". Bunların fonunda "Qraparak" qəzeti yazır ki, Ermənistan-Rusiya münasibətlərində gərginlik finişə yaxınlaşıb. Materialda bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ardıcıl olaraq anti-Rusiya təbliğatı aparır. "Rusiya Ermənistanı dəhliz verməyə məcbur edir" və "Ermənistan Rusiyadan sifariş etdiyi və pulunu ödədiyi silahları almayıb" fikirləri də Armen Qriqoryana məxsusdur.

Digər tərəfdən, haylar dərk etməlidirlər ki, razılaşmaya əməl edilməməsi müharibənin yenidən başlaması fikrini gündəmə gətirir. Hayastan "Dəmir yumruğ"un ağrı-acısını yenidən hiss etmək istəmirsə, yaxşısı budur Bəyanatın müddəalarına uyğun hərəkət etsin. Eyni zamanda, Ermənistan Prezident İlham Əliyevin bu xəbərdarlığını unutmamalıdır: "Zəngəzur dəhlizi mütləq açılacaq". Ermənistan bunu ya könüllü edəcək ya da buna məcbur ediləcək. Odur ki, nə qədər gec deyil, Ermənistan razılaşmaya əməl etməli, Azərbaycanla Naxçıvan arasında kommunikasiya xətləri ən qısa zamanda işə düşməlidir.

Ermənistan başa düşməlidir ki, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatın bütün bəndləri qeyd-şərtsiz icra olunmalıdır. Erməni silahlı terror dəstələri birmənalı şəkildə Qarabağı tərk etməli, sülh müqaviləsi imzalanmalı, Zəngəzur dəhlizi açılmalı, iqtisadi əməkdaşlığa başlanılmalıdır.

Nurlan ABDALOV,

"Respublika".