Zəfərlər partiyası
Siyasət

Zəfərlər partiyası

21 noyabr 1992-ci il Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, şərəfli səhifələrindən biridir. Məhz həmin gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyası yaranmışdır.

31 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb.

1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal - müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. 1990-cı ilin əvvəlində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.

Həmin dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Siyasətçilərin, siyasi analitik - ekspertlərin, ziyalıların, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların dilindən tez-tez belə bir ifadə eşidirik: "YAP ictimai tələb əsasında və siyasi zərurətdən yaranmış partiyadır". Əlbəttə, bu, ictimai-siyasi və tarixi reallığı əks etdirən, tamamilə doğru və dəqiq yanaşmadır. İnkaredilməz həqiqətdir ki, müstəqilliyin ilk illərində, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının ulu öndər Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bunun bariz nümunəsi, əyani ifadəsi idi.

Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. "Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər", - deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, ümummilli lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.

Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü, qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Bu gün sıralarında 700 mindən çox vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib".

Sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Cənab İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla, yüksələn xətt üzrə davam edir. Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir.

Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 31-ci ildönümü haqqında danışarkən, ilk növbədə, dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir, Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır.

Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.

Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılması, 19-20 sentyabr tarixlərində uğurlu lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və 15 oktyabr tarixində Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin, konstitusion hüquqlarımızın və tarixi ədalətin tam bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb.

Müzəffər Ali Baş Komandan kimi tarixi Zəfərə imza atan, ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyev hələ 2003-cü il oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında demişdi: "Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmaması və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək".

15 oktyabr tarixində isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bildirmişdi ki: "Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər".

İşğal altında olan torpaqlarımızı "dəmir yumruq"la azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu - Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin Baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.

Əldə olunmuş bu tarixi nailiyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir.

Qeyd edək ki, Cənubi Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlayıb. Həssas qruplardan olan insanlara, o cümlədən də şəhid ailələrinə, müharibə əlillərinə, qaçqın və məcburi köçkünlərə sosial vəziyyətlərinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm istiqamətini təşkil edir. Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti də partiyanın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verməsi baxımından olduqca əlamətdardır.

Fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. Vətən müharibəsindən sonra soydaşlarımızın əzəli yurdlarına ilk qovuşma xoşbəxtliyini yaşayanlar isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular.

Bu gün yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır.

Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inam və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin sayəsində yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq. Ona görə ki, Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 31 illik şərəfli tarixi yol əbədi olacaq və partiya ölkəmizin qüdrətinin artırılmasında öz dəst-xətti, imzası ilə yeni töhfələrini xalqımıza ərməğan edəcək.

Bəxtiyar NƏBİYEV,

YAP Yasamal rayon təşkilatının sədri.