Qarşılıqlı etimada əsaslanan münasibətlər
Siyasət

Qarşılıqlı etimada əsaslanan münasibətlər

Tarixi zəfərimizdən sonra siyasi prioritetlərimizdə bir sıra dəyişikliklər aydın şəkildə müşahidə edilir. Prezident İlham Əliyev 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimində məhz yeni prioritetlər və hədəflərimiz haqqında kifayət qədər önəmli mesajlar verdi. Türk dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verən dövlət başçımız Türk dünyasının bizim ailəmiz olduğunu da xüsusilə qeyd etdi.

Münasibətlərimizin tarixi inkişaf mərhələləri də bu faktı özündə ehtiva edir. Türk dünyası hər zaman haqq mübarizəmizdə bizim yanımızda olaraq ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin təmin olunması istiqamətində atdığımız addımları dəstəkləyib. Eyni zamanda Qarabağın işğaldan azad olunmasından sonrakı dövrdə də diplomatik platformada birmənalı şəkildə Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi və ədalətin bərqərar olunması ilə bağlı kifayət qədər qətiyyətli mövqe nümayiş etdirməsi Azərbaycanın Türk dövlətləri ilə münasibətlərində qarşılıqlı etimadın möhkəmləndirilməsinə təsir edir.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Qazaxıstan ilə münasibətlərdə ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf dinamikasının, qarşılıqlı səfərlər, imzalanan sənədlər və strateji tərəfdaşlığın gələcək yol xəritəsinin tarixi köklərimizə, ortaq mədəni dəyərlərimizə və milli kimliyimizə əsaslanan güclü bağları özündə ehtiva etdiyini aydın şəkildə ifadə edə bilərik. Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsü ilə Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunaraq keçmiş məcburi köçkünlərin istifadəsinə verilməsi də buna bariz nümunədir. Çünki cənab Prezidentin Qarabağın dirçəlişi ilə bağlı çox aydın və prinsipial mövqeyi var ki, bu da dost ölkələrin qarşılıqlı olaraq quruculuq işlərinə töhfə verməsi ilə bağlıdır. Digər tərəfdən isə bu Mərkəzin açılması ortaq mədəniyyətimizin, tariximizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır.

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 kimi mötəbər bir tədbirə hazırlıq prosesində Qazaxıstan ilə əməkdaşlıq imkanlarımız olduqca genişlənir. İki dövlət arasındakı münasibətlər qarşılıqlı şəkildə uğurların təşviq edilməsinə köklənib. Münasibətlərin gələcək dinamikası ilə bağlı verilən mesajlar bir daha sübut edir ki, Azərbaycan və Qazaxıstan arasında əlaqələr müttəfiqlik mərhələsində daha da inkişaf edərək bütün strateji sahələri əhatə edəcək.              

Aytən QURBANOVA,

politoloq.