Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Ağdama səfər edib
Digər xəbərlər

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti Ağdama səfər edib

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində dekabrın 28-də Ağdam şəhərində olub.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar əvvəlcə Birinci Qarabağ müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

Bundan başqa, nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində olub, Cümə məscidini ziyarət ediblər.

Qonaqlara Ermənistanın viran qoyduğu məkanlar, yaşayış məntəqələri, tarixi-mədəni abidələr barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin fəaliyyəti, şəhərin baş planı və beynəlxalq konfrans zalı ilə tanış olub, Şahbulaq qalasını ziyarət edib.

Türkiyəli hakim və prokurorlar işğaldan azad edilmiş ərazilərdə qısa zamanda görülmüş genişmiqyaslı işlərin onlarda böyük təəssürat yaratdığını bildiriblər. Onlar Türkiyənin Vətən müharibəsində Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyin məntiqi davamı olaraq, qardaş ölkənin quruculuq işlərində də yaxından iştirakının önəmini vurğulayıblar.

Nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.