Ucal,  bayrağım ucal!
Digər xəbərlər

Ucal,  bayrağım ucal!

Qədim Azərbaycan şəhəri İrəvanda beynəlxalq yarışda bayrağımızı yandırmağa cəsarət edən ermənilərin iyrənc və rəzil hərəkətləri onların dəyərsiz,  paxıl,  həyasız bir toplum olduğunu bir daha nümayiş etdirdi. Ermənilər indi hər səhər gözlərini açanda  qapılarının ağzında, başlarının üstündə üçrəngli bayrağımızın dalğalandığını görür, bu möhtəşəm mənzərə “yanları” təpədən dırnağadək odsuz-ocaqsız yandırır. Tüstüsü təpəsindən çıxan erməniləri qalib Azərbaycan Ordusunun bölmələrinin şərti sərhəddəki strateji yüksəkliklərdə yerləşərək torpaqlarımızın etibarlı müdafiəsini təşkil etmələri, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsi ağlaşmaya adət edən hayları təşvişə salıb,  yəqin ki,  havadarlarına arxalanan ermənilər belə qətiyyətli  addım atılacağını gözləmirdilər.  “Ara, başımıza haranın daşını salaq” deyərək ermənilər bir-birini ittiham edirlər, satqın, xain axtarırlar. Unudurlar ki, xainlik və satqınlıq bu toplumun bətnindədir.

Laçın-Xankəndi yolunda qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsi Vətən müharibəsində qazandığımız tarixi qələbənin uğurlu davamıdır. Qalib Ali Baş Komandanımız İlham Əliyevin çox fədakarlıqla və siyasi qətiyyətlə yürütdüyü siyasət və nəyi,  necə,  nə vaxt etmək lazımdır,  bunu mən bilirəm sözləri öz əməli təsdiqini tapır. Politoloqların fikrincə, 44 günlük Vətən müharibəsindən sonra Laçın yolunda bu məntəqənin qurulması zəruri idi.  Bu,  bizim uğurumuzdur.  Bu zamana qədər biz strateji yüksəklikləri nəzarətə götürmüşük,  amma giriş-çıxışa nəzarət çox önəmlidir.  Mina,  silah-sursat daşınmasının qarşısını ancaq belə almaq olar. Azərbaycan tarixində ilk dəfə bu ərazidə sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə,  Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-nəzarət-buraxılış məntəqəsində şəhid qanına boyanmış müqəddəs bayrağımız qürurla dalğalanır,  dosta sevinc, düşmənə göz dağı verir. Burada yeni bir lövhə quraşdırılıb.  Lövhədə qeyd edilir: “Diqqət! Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz!”. Xəbərdarlıq qeydi,  həmçinin rus və ingilis dillərində yazılıb.  Siyasi icmalçı Anastasiya Lavrinanın Azərbaycan–Ermənistan sərhədində  sərhəd-nəzarət-buraxılış məntəqəsi sülhə aparan yeganə yoldur fikri daha dəqiq ifadə olunub.  Siyasi icmalçı qeyd edir ki,  hansı dövlət könüllü olaraq qonşu ölkəyə öz ərazisinə silah-sursat,  minalar və terrorçuların daşınmasına razılıq verər? Üçtərəfli Bəyanatın imzalanmasından iki il sonra Ermənistan iki ən mühüm müddəanı yerinə yetirməyib,  qanunsuz erməni hərbi birləşmələri hələ də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmayıb.  Azərbaycan rəhbərliyinin və xalqının səbri sonsuz deyil.  İrəvanın məsələləri sülh yolu ilə həll etmək üzrə istəkli olmadığını görən Bakı öz sərhədini nəzarətə götürmək kimi suveren hüququndan istifadə etdi.  Aprelin 23-də Ermənistanın Azərbaycan ərazisinə canlı qüvvə,  silah-sursat,  minalar,  həmçinin hərbi təyinatlı digər vasitələr göndərməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəd xidmətinin bölmələri tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi quruldu.  Bununla da İrəvanın Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirmək,  sülh sazişinin imzalanmasını gecikdirmək planlarına son qoyuldu.

                                             Salman ALIOĞLU,

                                               “Respublika”.