Siyasət

"Biz və bizim dağlar" əzəmətli Azərbaycana baxacaq

Separatçı rejim artıq tarixin tozlu səhifələrinə qovuşub. Azərbaycanın öz şərəfli missiyasını yerinə yetirməsi nəticəsində regionda əsrlər boyu mövcud olan ədavətə son qoyulur. Ölkəmiz tarixi haqq-ədaləti bərpa edib. Lələtəpədən başlayan qəhrəmanlıq hekayəsinin davamı Azərbaycanın mirvarisi hesab olunan Xankəndidə yazılıb. Ordumuz Qarabağda tarixi Azərbaycan torpaqlarını müharibə qanunlarını qorumaqla azad etdi. Heç bir mülki əhaliyə və instrastruktura zərər gəlmədi. Qarabağda ermənilərə məxsus və erməniləşdirilmiş abidələr isə maraq doğurur. Separatçıların Xocalı və ümumiyyətlə, azərbaycanlı qatillərinə ucaldılmış "qəhrəmanlıq simvolları" bir-bir sökülür. Terrorçunu qəhrəman hesab edən "dövlət"in sonu süqutdur və həmin "abidə"lər də məhv edilməlidir. Lakin tarixi torpaqlarımızda erməniləşdirilməsinə çalışılan abidələr də mövcuddur. Bunların biri əvvəllər "Nənə və Baba" adı ilə adlandırılan, sonradan etirazlar nəticəsində adı dəyişdirilərək "Biz və bizim dağlar" olan Xankəndinin girişindəki məşhur abidədir.

Ermənistan hökumətinin havadarlıq etdiyi Qarabağda 30 il "mövcud"luğunu qoruyan separatçı rejim bu müddət ərzində Azərbaycanın bu ərazidə yerləşən tarixi abidələrində qanunsuz "restavrasiya" işləri aparmışdır. Tarixi torpaqlarımızda albanlara məxsus qədim Alban kilsələrinə, monastırlarına erməni xaçı yerləşdirərək, o abidələri erməni xalqının milli-mədəni dəyərləri siyahısında göstərməyə cəhd etmişlər. Lakin tarix yalançıları və ikiüzlüləri sevmir...

Hələ sovet dövründə bir çox mühüm tikililərin, abidələrin tikintisində erməni ustalarının, memarlarının əməyindən geniş istifadə olunması mövcud rejimin məqsədyönlü siyasətinin bir hissəsi idi. Sovet hökuməti azərbaycanlılarla ermənilər arasına daim ədavət salmaqla özlərinə təhlükəsiz zəmin yaratmaq siyasəti güdürdülər. Bu, əslində məkan və zaman cüzi dəyişsə belə, dəyişməyən "tarixi təkərrür" əlamətlərinin açıq təzahürüdür.

Ermənilərə aid bir daşın, bir divarın olmadığı qədim Azərbaycan torpaqlarında sonralar erməni ustalar guya qədimdən burada mövcud olan işarələr çəkməyə başladılar. Qarabağlılar dəfələrlə öz evlərinin tikintisi zamanı daşlara gizlincə xaç oyan erməni ustaları bu saxtakarlıq üstündə yaxalayıb tikintidən uzaqlaşdırmışlar.

"Biz və bizim dağlar" isə ermənilərin gələcək nəsillərə ötürməyə çalışdıqları utopik saxtalaşdırmanın məhsuludur. Ümumiyyətlə, ermənilər işğal etdikləri ərazilərimizdə olan qədim abidələri saxtalaşdırarkən qırmızı tuflardan, xaç daşlardan istifadə ediblər. Onlar elə hesab edirdilər ki, bu daşlar ancaq ermənilərə məxsusdur. Bu fikirlər isə mülayim və bədii dillə desək, təxəyyülün dialektik vəhdəti olan sürrealizmin nümunəsidir. Şahbulaq qalasına, Pənahəli xanın tikdiyi qalaya da xaç yerləşdirən "cəsur" haylar Laçında Ağoğlan kilsəsində də müasir erməni əlifbası ilə sözlər yazmışlar. Bunlar hamısı tarixi saxtalaşdırmaqdır.

Abidənin hazırlanması və qoyulması ərəfəsində onun ilk adı "Nənə və baba" olub. Həmin dövrdə Azərbaycan hökuməti bu ada etiraz edib. Moskvada niyə məhz belə adın qoyulması sualına ermənilər cavab verə bilməyiblər. Azərbaycan tərəfinin də etirazlarından sonra haylar bu adı dəyişdirməyə məcbur olublar. "Biz və bizim dağlar" adının qoyulmasını isə belə əsaslandırırlar ki, Qarabağ uzunömürlülər diyarı olduğundan bu abidə yaşlı insanlara həsr olunur. Ermənilərin Moskvaya cavabı belə olur. Əslində isə millətçi ermənilər "Biz və bizim dağlar" adında da Qarabağın onlara məxsus olduğunu tarixə sırımaq istəyiblər. Guya Qarabağa "yaşlı insanların episentri" görüntüsünü verməyə çalışan ermənilər əslində bir növ öz yaşlanmış, kif iyi verən saxtalaşdırma hekayələrini ifşa ediblər.

1965-ci ildə ermənilər öz tarixi uydurmalarının pik nöqtələrindən biri olan "erməni soyqırımı"nın 50 illiyini qeyd edirlər. Bu vaxt Qarabağda iki azərbaycanlının başı kəsilir. Bunu getdikcə yaşlanan, lakin hələ də canında su qalmış tarixin səhifələri deyir. Bu hadisədən ruhlanan başda erməni memarı Sarkis Baqdasaryan və bir neçə erməni ünsürləri yeni saxtalaşdırma fikirləri haqqında düşünürlər: "Yox, yox... Bu torpaqlardan əl çəkmək olmaz. Yalan da olsa, gələcək nəsilləri buranın bizim olduğuna inandırmalıyıq, Serj".

Deyilənə görə, müəllif Sarkis Baqdasaryan abidədə milli erməni geymində öz nənə və babasını canlandırıb. Lakin heç ermənilər də əsl həqiqəti bilmirlər. Necə bilsinlər axı, qurma planlar həmişə bir yerdə boşluq yaradır. 1967-ci ildə Azərbaycan SSR hesabına Əsgəran rayonunda, Xankəndiyə girişdə tikilən bu abidənin yarı hissəsinin torpağın altında olması siyasi hiyləgərliyin növbəti göstəricisidir. Bununla haylar sübuta yetirmək istəyiblər ki, bu yaşlı ermənilər məhz bu torpaqda dünyaya gəliblər. Təxəyyülü güclü olan ermənilər artıq öz səviyyələrini də aşaraq mifik ideologiyanın sonsuzluğuna varıblar.

Marionet rejim bu abidəni özlərinin əsas və dəyişməz simvolu kimi təqdim edirdilər. Qondarma qurumun "gerb"ində və "pul vahid"lərində də bu abidə öz əksini tapmışdı. Azərbaycan bu sərsəmləşmiş təxəyyülü də alt-üst etməyi bacardı.

2009-cu ildə də sözügedən abidə ilə bağlı qalmaqal yaşanmışdı. Buna Azərbaycan ərazisindəki həmin abidənin təsvirinin erməni ifaçılarının reklam çarxına daxil edilməsi səbəb olmuşdu. Azərbaycan XİN-in etirazından sonra "Eurovision"un təşkilat komitəsi ermənilərin bu hərəkətini siyasi addım hesab etmiş və "Biz və bizim dağlar" abidəsinin görüntüsü Ermənistan mahnısının reklam çarxından çıxarılmışdı. Lakin riyakar ermənilər bu atributdan gizli də olsa, öz çarxında istifadə etmişlər. Daha sonralar abidə erməni iş adamları tərəfindən dəfələrlə restavrasiya edilmişdir.

Azərbaycan Qarabağ ərazisində öz suverenliyini tam olaraq bərpa etdi. Artıq "Biz və bizim dağlar" "Azərbaycan dağlar"ına çevrilir. Ermənilərin Qarabağda özününküləşdirməyə çalışdığı bütün abidələr ölkəmizin himayəsi altına alınır. Ümumiyyətlə, tarixi abidələri məhv etmək vandalizmdir. Azərbaycan bu düşüncələrdən tamamilə uzaqdır. Ölkəmiz sadəcə erməni saxtakarlığının qarşısını almaq istəyir.

Tacir SADIQOV,

"Respublika".