Ermənistanda hərbi xidmətdən yayınmaq üçün hər yola əl atırlar
Siyasət

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün hər yola əl atırlar

44 günlük Vətən müharibəsində Ermənistan Azərbaycanın gücü qarşısında müqavimət göstərə bilmədi.

Ordumuz saxta erməni mifini də dağıtdı. Noyabrın 8-də Azərbaycanın igid oğulları üçrəngli bayrağımızı Qarabağın mədəniyyət paytaxtı Şuşada dalğalandırdı, xalqımızın vətəninə, torpağına bağlılığını bir daha nümayiş etdirdi. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tez sağaldın, döyüş meydanına qayıdıb öz missiyamızı başa vurmalıyıq. Hər bir Azərbaycan döyüşçüsünün müqəddəs arzusu Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmaq idi.

44 günlük müharibədə bir nəfər belə fərarisi olmayan Azərbaycan ordusunun bölmələrinin şücaəti qarşısında düşmən ölkənin  10 mindən çox fərarisi oldu. Ermənistan öz rüsvayçı məğlubiyyətini pərdələmək üçün zor gücünə insanlara hərbi geyim və silah verib müharibəyə göndərirdi.

Hələ Birinci Qarabağ müharibəsi zamanı baş verənlərə nəzər yetirsək, görərik ki, Ermənistan döyüşlərdə muzdlulardan istifadə edib. Hətta düşmən tərəfindən muzdluların və terror təşkilatlarının üzvlərinin döyüşməsini təsdiq edən kifayət qədər dəlil və videogörüntülər də mövcuddur. 44 günlük Vətən müharibəsi zamanı da Ermənistanın muzdlulardan istifadə etdiyi barədə kifayət qədər sübutlar vardır. PKK və Yaxın Şərqdən bəzi terrorçular pul müqabilində Ermənistan ordusunun sıralarına qoşulublar. Lakin  onlar riyakarlıq göstərərək muzdlulardan istifadə etmədikləri haqda yalanlar uydurur, hətta öz günahlarını Azərbaycanın üstünə  yıxaraq guya ordumuzda muzdluların döyüşməsi barədə iddialar səsləndirirdilər. Şübhəsiz, Hayastanın bunu etməkdə əsas məqsədi ölkəmizə qarşı siyasi hücum təəssüratı yaratmaq idi. Amma İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə bir daha Azərbaycan ordusunun kənardan heç bir dəstəyə ehtiyacı olmadığını göstərdi. Cəmi 44 günə qarşı tərəf ağ bayraq qaldırmağa məcbur oldu. Vaxtikən öz ordusu ilə öyünən Ermənistan dünya ictimaiyyəti qarşısında rəzil duruma düşdü.

2020-ci ildə Paşinyan Azərbaycan tərəfindən darmadağın edilən ordu və hərbi sistemin yenilənəcəyini açıqlamışdı. Bu "yeniliklərdən" biri də qadınların orduda iştirakıdır. Belə bir addım əhalisinin az olduğu ölkələrin ordusuna aiddir. 44 günlük müharibədə məğlubiyyətdən sonra çoxlu sayda erməni ölkəni tərk etdi. Haylar özləri də etiraf edirlər ki, insan resursunun çatışmazlığı amilindən əziyyət çəkirlər.

Aprelin 18-də Ermənistan hökuməti hərbi xidmətə çağırış meyarlarının dəyişdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən yüngül əqli geriliyi, kəllə sümüyü kistinin əlamətləri, beyin şişləri və əvvəllər yararsız sayılmağa əsas verən digər problemləri olan şəxslər bundan sonra hərbi xidmətə yararlı sayılacaqlar. Bunun səbəbi də ildən-ilə yararsız hesab olunanların sayının artmasıdır. Görünür, gənc ermənilər hərbi xidmətdən yayınmaq üçün hər yola əl atırlar. Eyni zamanda digər bir səbəb ölkədə rüşvətxorluğun baş alıb getməsidir. Çünki vətəndaşlar rüşvət müqabilində övladlarını hərbi xidmətdən saxlayırlar.

Ordusu bu cür rəzil vəziyyətdə olan Ermənistanın Qərbə arxalanıb sülhə və sabitliyə təhlükə yaratmaq cəhdləri gülüncdür. Nikol Paşinyan hakimiyyəti isə Qərbin havasına oynayır.

Röya RÜSTƏMLİ,

"Respublika".