Məsələ Fransadan silah almaq deyil, postu qoyub qaçmayacaq əsgər yetişdirməkdir
Siyasət

Məsələ Fransadan silah almaq deyil, postu qoyub qaçmayacaq əsgər yetişdirməkdir

Ermənistanın müdafiə naziri Suren Papikyanla fransalı həmkarı Sebastyan Lekornu İrəvana silah tədarükü məsələsini də müzakirə ediblər. Nəticədə, Fransa və Ermənistan arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair sənəd imzalanıb. Məlum məsələdir ki, Ermənistan ordusu 44 günlük müharibədə zirehli texnika, hava hücumundan müdafiə vasitələri və artilleriya sursatlarının 60-70 faizə qədərini döyüş meydanında qoyub qaçmışdı.

İndi Paris ilə İrəvan arasındakı bu razılaşmaya əsasən, Fransa Vətən müharibəsindən sonra Ermənistan silahlı qüvvələrində yaranmış boşluğu doldurmaq üçün İrəvana hərbi texniki avadanlıqlar satacaq, bunun üzərindən əməkdaşlığı genişləndirəcək. Ermənistan Müdafiə Nazirliyinin istəyinə uyğun olaraq, ilkin mərhələdə Hərbi Hava Qüvvələrinin tərkibində olan hava hücumundan müdafiə sistemləri silahlandırılacaq. Xüsusən də, Ermənistan hava hücumundan müdafiə raket komplekslərini də Fransadan alacaqlar. Bu raket komplekslərini dəstəkləmək üçün "Ground Master 200" (GM200) radar sistemlərini də almalıdırlar ki, ən azından hava hücumundan müdafiə sisteminin təhlükəsizliyini təmin edə bilsinlər. "GM 200" "Thales" şirkəti tərəfindən istehsal olunan orta mənzilli AESA 3D radarıdır. Bu sistem hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə sistemi üçün sensor kimi fəaliyyət göstərir. "GM 200"lər, həmçinin raket, artilleriya, minaatana qarşı xəbərdarlıq etmək qabiliyyətinə də malikdir. Sistem 20 fut ISO sığınacağına uyğun gəlir və on tondan az çəkisi var. Buraya enerji generatoru bloku, mast və radio səs və məlumat rabitəsi dəsti olan 2 iş stansiyası üçün otaq daxildir. "GM 200" avtomobil, dəmir yolu, taktiki təyyarə (C-130 tipli) və ya helikopterlə daşına bilər. Sözügedən radar sistemləri uzaqdan və ya birbaşa idarə olunur.

Növbəti mərhələdə isə Fransa 155 millimetrlik artilleriya qurğularını, eləcə də, tank əleyhinə raket sistemləri olan "Javelin"ləri Ermənistana satmaqda maraqlıdır. Piyada döyüş maşınları və 50 ədəd "SHERPA LİGHT", "VAB MK3" və "ACMAT BASTİON" zirehli transpartorlar da İrəvana ötürüləcək. Hətta, Fransa koordinasiyanı təmin etmək üçün yüksək rütbəli zabitlərini də Ermənistan Müdafiə Nazirliyinə ezam edəcək. Artıq Fransa Ermənistana hərbi müşavir göndərəcəyi və onların erməni xüsusi təyinatlılarına təlim keçəcəyini də açıqlayıb. Ermənilər, həmçinin qərarlıdırlar ki, öz quru qoşunlarının, xüsusən də daimi heyətin zabitlərinin hazırlanmasında da Fransa ordusu ilə əməkdaşlıq etsinlər.

Bütün bunlara baxmayaraq, rəsmi Paris israrla bildirir ki, atılan addımlar müdafiə məqsədlidir. Hərçənd, Fransanın Cənubi Qafqaza göndərəcəyi silah partiyasının məhz Azərbaycana qarşı mümkün müharibədə istifadə ediləcəyi istisna deyil, hətta rəsmi açıqlanan silahların müdafiə məqsədli olması Ermənistanın sərhədboyu təxribat törətməyəcəyinə və hərbi hədəflərdən daha çox, siyasi hədəflərə hesablanmış eskalasiya yaratmayacağına zəmanət verə bilməz. Fransanın bu siyasəti Cənubi Qafqazda hərbi gərginlik riskini artırmaqla yanaşı, hərbi sahədə yeni dayaq tapan Ermənistanı sülh danışıqlarında tələblər irəli sürməyə və prosesi uzatmağa da sövq edir.

Doğrudur, indiki mərhələdə Ermənistan üçün ən uyğun versiya sülh sazişini imzalayıb, bu qədər xərcin altına girməmək idi. Amma əgər onlar silahlanmanı seçirlərsə, qarşılığına da hazır olmalıdırlar. Sülh sazişi imzalanmadığı təqdirdə biz atəşkəs rejimində Ermənistanın şərti sərhəddə hər hansı bir təxribat, diversiya fəaliyyətləri törədə biləcəklərini hesaba almalıyıq. Amma Paşinyan hökuməti unutmamalıdır ki, Fransa bütün zamanlarda müxtəlif coğrafiyalarda Ermənistan kimi ona ehtiyac duyan ölkələrə hərbi-texniki dəstəyini göstərir, sonra da arxasında dayanmır. Fransızlar üçün əsas odur ki, konfliktin üzərindən silah ticarətini həyata keçirsin və maliyyə baxımından qazanclı çıxsınlar. Üstəlik, Fransa ilə yanaşı, bir sıra digər Avropa ölkələrinin də Ermənistanın silahlanması üçün çağırışlar etməsi, eləcə də Niderland parlamentinin Ermənistana hərbi dəstəklə bağlı ölkə hakimiyyətinə müraciəti də bunun bariz göstəricisidir. Təbii ki, Fransanın maraqlı olduğu bu proses Ermənistanın təhlükəsizliyinə təminat vermir. İrəvan üçün ən doğru yol tez bir zamanda Azərbaycanla masaya oturmaq, sülh sazişini imzalamaq, Azərbaycanın təkliflərini praktiki həyata keçirməkdən ibarətdir.

Yekunda onu qeyd etmək lazımdır ki, əsas məsələ Ermənistana hansı silahların verilməsi deyil. Ən vacib məqam Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin o silahları atıb qaçmayacaq səviyyədə yetişdirilməsindədir. Amma biz bu yaxın tariximizdə ermənilərin postlarını necə qoyub qaçdıqlarının şahidi olduq. Görünən odur ki, Paşinyan Administrasiyası öz mövcudluğu üçün ən təhlükəli yolda addımlayır.

Jalə QASIMZADƏ,

"Respublika".