Türkiyə-Azərbaycan qardaşlığına daha bir nümunə
İqtisadiyyat

Türkiyə-Azərbaycan qardaşlığına daha bir nümunə

"Qara qızılın" vətəni Azərbaycan demək olar ki, iki yüz ildir ki, neft və qaz sənayesi ilə məşğuldur. "Mavi yanacağa" kəskin tələbatın artdığı müasir dövrdə ölkəmiz dünyanın potensial qaz alan ölkələrinin maraq dairəsindədir. Uzun illər Azərbaycan qazının Avropa bazarlarına çıxarılması üçün müxtəlif variantlar irəli sürüldü və nəhayət, sonda bu məsələ öz həllini tapdı. Azərbaycanın enerji resursunun Avropaya ixracı üçün ən etibarlı yol seçildi.  Bu, Trans-Anadolu qaz kəməri (TANAP) marşrutudur.

TANAP Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Dəhlizin seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Bir sözlə, TANAP Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirən bir layihədir. Azərbaycanın və Türkiyənin birgə səylərinin nəticəsi olan bu layihə üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Çoxlarının əfsanə adlandırdığı bu layihənin 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda təməli qoyuldu. Bu münasibətlə keçirilən açılış mərasimində ölkə Prezidenti İlham Əliyev TANAP-ı gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsi adlandırıb. Onun sözlərinə görə, TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır.

Sözügedən layihənin həyata keçirilməsi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin siyasi nüfuzu, iqtisadi dəstəyi və Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olmasının bariz nümunəsidir. Bir sözlə, Trans-Anadolu təbii qaz boru kəmərinin açılışı Türkiyə ilə Azərbaycan arasındakı möhkəm dostluq və qardaşlıq əlaqələrinə əsaslanan münasibətlər sayəsində mümkün oldu və Xəzər bölgəsindən Avropaya qədər bütün ölkələrin inkişafına öz töhfəsini verdi.

Türkiyəyə ilk qaz həcmlərinin nəqlinə 2018-ci il 30 iyun tarixindən başlanılıb. Kəmər 1 iyul 2019-cu ildən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans -Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilib. 30 noyabr 2019-cu ildə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. 2019-cu il noyabrın 18-də TANAP vasitəsilə Türkiyəyə daşınan qazın həcmi 3,23 milyard kubmetrə çatdırılıb.

"TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda enerji təhlükəsizliyi layihəsidir. Bu gün dünya miqyasında enerji təhlükəsizliyi haqqında danışılır və bu məsələ dünyanın gündəliyini zəbt etmişdir. Hesab edirəm ki, burada çox gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələri və istehlakçı ölkələr birlikdə çalışır. Bizim mənafeyimiz də birdir, gəlirimiz də ədalətli şəkildə bölünür. Bir daha demək istəyirəm ki, bütün bu layihələr bölgədəki sabitliyi möhkəmləndirir. Mən əminəm ki, bundan sonra da birgə həyata keçirəcəyimiz bütün layihələr TANAP kimi, Bakı-Tbilisi-Ceyhan kimi, Bakı-Tbilisi-Ərzurum kimi, Bakı-Tbilisi-Qars kimi uğurlu olacaq, Türkiyə və Azərbaycan birlikdə gələcəyə inamla addımlayacaq". Bu sözləri dövlət başçımız İlham Əliyev TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində söyləyib.

TANAP Azərbaycan və Türkiyənin sülhpərvər baxışının konkret nümunəsidir. Dünya gündəmini ticarət müharibələrinin, terrorun, etirazların, qeyri-sabitliyin zəbt etdiyi bir dövrdə bu gün Avropa ilə Asiya TANAP vasitəsilə birləşir.

Röya RÜSTƏMLİ,

"Respublika".