Yaşıl enerji keçidində Azərbaycanın rolu
İqtisadiyyat

Yaşıl enerji keçidində Azərbaycanın rolu

Dövləti dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən başlıcası onun qlobal miqyasdakı imicidir. Tədbirlər keçirilərkən ölkənin imkanları və resursları ilə bərabər, beynəlxalq arenadakı mövqeləri də nəzərə alınır. Həm də təhlükəsizlik qaydalarına riayət etməsi mühüm məsələdir. Çünki keçirilən tədbir, yarış və ya festivallara yüzlərlə xarici vətəndaş gəlir. Bu günə qədər respublikamızda çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirlər keçirilib.

Buna misal olaraq Formula 1 Azərbaycan Qran-Prisini, "Eurovision" mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarının, Bakı Beynəlxalq Humanitar Forumunu, Mədəniyyətlərarası Dialoq Forumunu, Qlobal Bakı Forumunu və Qlobal Media Forumunu, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü misal göstərmək olar. Bütün bunları nəzərə alsaq, əminliklə deyə bilərik ki, ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır. Çoxsaylı görüşlərin ünvanına çevrilən Odlar yurdu bütün tədbirlərə layiqincə ev sahibliyi edir. Cari ildə isə Azərbaycanda ən böyük beynəlxalq tədbir - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bu günə qədər minlərlə əcnəbi yurdumuza gəlib, təhlükəsiz də gedib. Beynəlxalq tədbirlərə layiqincə ev sahibliyi edən Azərbaycan COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının təşkilini də ən yüksək səviyyədə həyata keçirəcək.

İki həftə davam edəcək görüş bir çox mənalarda mühüm əhəmiyyət kəsb edir. Sözün əsl mənasında yarım ay dünyanın nəbzi paytaxt Bakıda döyünəcək. Xüsusi qeyd etməliyik ki, şəhər təqribən 70 mindən çox xarici qonağı qarşılayacaq. Tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına mühüm töhfə verməklə yanaşı, sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin bəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək.

Hazırda dünyada ciddi iqlim dəyişiklikləri baş verir. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) araşdırmalarına əsasən, 2023-cü il bu günə qədər ən isti il olub. El Nino effekti ilə birlikdə rekord qıran temperaturlar həssas və yoxsul ölkələri ekstremal və şiddətli hava hadisələrinin cərəyan etdiyi məkana çevirib. Qeyd edək ki, El Nino effekti xüsusilə, Sakit okeanın mərkəzi və şərq hissəsində dəniz suyunun istiliyinin artması ilə ölçülür. Alimlərin araşdırmasına əsasən, ötən il baş verən temperatur rekordlarının arxasında duran ən mühüm amillərdən biridir. Bu effekt okeanın mərkəzi və şərq hissəsində dəniz suyunun istiliyinin artması olaraq təyin olunur. El Nino adətən iki illə yeddi il arasında təkrarlanır. Təsiri 9-12 ay davam etsə də, illərlə öz təsirini qoruyub saxlayır. Yer kürəsində hava və dəniz hadisələrini araşdıran qurumlardan biri olan ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına əsasən, El Nino effektinin tezliyi ötən il həddindən artıq çox olub. Nəticədə Konqo Demokratik Respublikası, Keniya, Liviya və bir çox şəhərlərdə ölümcül daşqınlar baş verib. Bir şəhərin dörddəbirini yerlə-yeksan edən bu təbii fəlakətlər Afrikada son dərəcə böyük insan tələfatına səbəb olub. Bütün baş verənləri diqqətə alaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşü zamanı COP29-la bağlı müzakirələr aparıb, dünyada mövcud olan iqlim məsələləri ilə bağlı ciddi narahatlığını bildirib. O, 2050-ci ildədək qlobal istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmağı və bütün insanları iqlim dəyişmələrinin təsirlərindən qorumağı diqqətə çatdırıb. İcraçı katib COP29 tədbirinin təşkili, həmçinin enerji və ətraf mühit aspektlərində diqqət yetirilməli məsələlərlə bağlı fikirlərini bölüşüb, sıx əməkdaşlıq edilməklə Katibliyin prosesə dəstəyini ifadə edib. Saymon Stil Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi təcrübəsinin COP29-un da uğurla keçirilməsinə töhfə verəcəyini açıqlayıb. Ölkəmizin COP28 tədbirində bir sıra qlobal təşəbbüslərə qoşulduğunu qeyd edən azərbaycanlı nazir isə bildirib ki, Azərbaycan COP29-a sədrliyi dövründə "yaşıl inkişaf"la bağlı kursun icrasını davam etdirməklə və dekarbonizasiyanı sürətləndirməklə yanaşı, qlobal miqyasda iqlim dəyişikliyinə qarşı mübarizəyə ciddi yanaşır. BMT rəsmisinə ənənəvi enerji ölkəsi Azərbaycanın bərpa olunan enerjinin istehsalçısı və ixracatçısına transformasiyası istiqamətində həyata keçirilən islahatlar, "yaşıl enerji"dən geniş istifadə, elektroenergetika sektorunun müasir tendensiyalara uyğun inkişafı, enerji səmərəliliyini təmin edən yeni qanunlar, enerji sisteminə 2027-ci ilədək 2 QVt-dək "yaşıl güclərin" inteqrasiyası, həmçinin Xəzərdən Avropaya uzanan "yaşıl enerji dəhlizi"nin reallaşdırılması planları və görülən işlər barədə ətraflı məlumat verilib.

Hazırda beynəlxalq tədbirə hazırlıq işləri sürətlə davam edir. Tədbirin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də komitənin ilk iclası baş tutub. Burada COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüləcəyi, həmçinin ölkə başçısının COP29-la bağlı tapşırıqlarının icrası istiqamətində görülmüş işlər barədə məlumat verilib. Bundan başqa, ölkəmizin COP29-a hazırlıq prosesində dövlətlər, beynəlxalq təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri, yerli və beynəlxalq media, digər tərəf müqabilləri ilə konstruktiv əməkdaşlığa və dialoqa hazır olduğu bildirilib. Görüşün sonunda Təşkilat Komitəsinin Katibliyinin, COP29 prezidentinin, Baş danışıqçı heyətinin, Əməliyyat şirkətinin fəaliyyəti, COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının yekunlaşdırılması və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verilib.

Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib. Belə ki, təşkilatın tərkib hissəsi daha da genişlənib və bu işə öz töhfələrini verə biləcək nümayəndələr cəlb olunub. Şübhəsiz ki, hər bir əməkdaş ölkəmizin bu sessiyalarda layiqincə təmsil olması və ev sahibliyi etməsi üçün öz qüvvələrini əsirgəməyəcək. Aydın məsələdir ki, COP29 qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu nümayiş etdirən platforma olacaq.

Töhfə SƏMƏDOVA,

"Respublika".