REGİONLARIMIZIN İNKİŞAF VƏ TƏRƏQQİ İLLƏRİ
İqtisadiyyat

REGİONLARIMIZIN İNKİŞAF VƏ TƏRƏQQİ İLLƏRİ

Cənab İlham Əliyev xalqın böyük səs çoxluğu ilə 2003-cü ildə Prezident seçildikdən sonra ölkəmiz tərəqqi yoluna qədəm qoydu. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması, əməkhaqqı və pensiyaların bir neçə dəfə artırılması, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi, güclü ordu quruculuğu məhz bu illər ərzində baş vermişdir.

İkinci Qarabağ müharibəsində 30 il işğal altında qalan torpaqlarımız müharibə yolu ilə azad olundu. 19-20 sentyabr tarixlərində isə lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütövlüyü, suverenliyi bir sutkadan da az müddət ərzində tam təmin olundu.

Ali Baş Komandan İlham Əliyev bəşər tarixində görünməmiş yeniliyə imza atdı. Torpaqlarımız işğaldan azad olunduqdan sonra dərhal həmin ərazilər əsl tikinti meydançasına çevrildi. Bu gün yüzlərlə kilometr yollar çəkilir, körpülər salınır, çətin relyefli ərazilərdə tunel tikintiləri sürətlə davam etdirilir. İrimiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Keçmiş məcburi köçkünlərin öz doğma vətənlərinə qayıtmaları üçün hər cür şərait yaradılır. Artıq insanların çox böyük sevinc və fərəh hissilə doğma yurdlarına qayıdışları davam edir. 

Azad olunmuş ərazilər minalardan təmizlənərək əkinəyararlı vəziyyətə gətirilir. İndi o yerlərdə aqrar sahənin innovativ metodlarla idarə olunması üçün müasir standartlara cavab verən aqroparklar yaradılır, bağlar salınır. Yeni sənaye müəssisələri qurulur. Münbit torpaqlarda əkin-biçin aparılır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad olunan ərazilərdə turizmin inkişafı üçün münbit şərait yaradılır. Dünya standartlarına cavab verən hava limanları inşa olunur. Yeni istirahət mərkəzləri yaradılır. Əminliklə qeyd etmək lazımdır ki, yaradılan şərait həmin ərazilərə turist axınına stimul verəcəkdir.

Dövlətimizin başçısı Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində şəhərlər, rayon mərkəzləri, kəndlər öz simasını sürətlə dəyişib. Ekoloji tarazlığın qorunması üçün ölkədə misilsiz işlər görülüb. Ağstafada da bu illər ərzində irimiqyaslı layihələr həyata keçirilib. Dövlət başçısı 20 il ərzində Ağstafa rayonuna yeddi dəfə səfər edib. 2008-ci ildə Ağstafaya səfəri zamanı şəhərdə Heydər Əliyev Mərkəzinin, "Akkord" tikiş fabrikinin açılışında olub. 

2012-ci ildə Ağstafa sənaye kompleksinin, Heydər Əliyev parkının, Səməd Vurğun parkının yenidən qurulmasından sonra, Yazıçılar Evi, Gənclər Evi, 7,5 kilometr uzunluğunda Poylu-Xətai-Yenigün avtomobil yolunun, Yeni Azərbaycan Partiyası Ağstafa rayon Təşkilatının İnzibati binasının açılışı baş tutub. Ölkə başçısı 2013-cü ildə Ağstafa şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasından sonra Tarix və Müasir Abidələr parkı, Ağstafa Atıcılıq-Peyntbol mərkəzinin açılışında iştirak edib. 

Bundan başqa, rayonda 2004-cü ildə Dövlət Xüsusi Mühafizə Xidmətinin binası, Ağstafa şəhərində doğum evi, Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsi yenidən qurulub, 2006-cı ildə Ağstafa poçtamtının binası, 2007-ci ildə Göycəli kəndində 35-10 kv elektrik yarımstansiyasının tikintisi başa çatdırılıb.

Sonrakı illərdə əlil və şəhid ailələri üçün yaşayış binaları, Dövlət Bayrağı Meydanı tikilib istifadəyə verilib. 2012-2023-cü il ərzində 17 ümumtəhsil məktəb yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. 2023-cü ildə rayonun Köhnə Qışlaq, Yaradullu və Tatlı kəndləri içməli su ilə təmin olunmuşdur. Yaşayış məntəqələrində qazlaşma 100 faiz həyata keçirilmişdir.

2017-ci ildə Ağstafaçay çayının üzərində avtomobil körpüsünün tikintisi aparılmışdır. 2019-cu ildə Dilbaz atçılıq kompleksi tikilib istifadəyə verilmişdir.

2003-2022-ci illər ərzində rayon ərazisində suvarmanın həyata keçirilməsi üçün 135 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmişdir. Bundan başqa, rayon ərazisində bir sıra mədəniyyət mərkəzləri, yeni avtomobil yollarının tikintisi uğurla davam etdirilmişdir.

Vəli VƏLİYEV,

"Respublika".