Türk dünyasının qızıl dövrü
Siyasət

Türk dünyasının qızıl dövrü

Ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunduqdan sonra fevralın 7-də keçirilən növbədənkənar seçkilərdə qələbə qazanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk səfərini qardaş ölkə Türkiyəyə edib. Heç təsadüfi deyil ki, ölkə başçısının andiçmə mərasimində türk dünyası ilə bağlı hərarətli nitqi, böyük Türk ailəsinin bundan sonra daha da sıx birləşməsinin vacibliyi barədə fikirləri, Azərbaycan və Türkiyə arasında qardaşlıq körpülərinin daha da möhkəmləndirilməsi gələcək üçün hərtərəfli inkişaf vəd edir.

2018-ci ildə də prezident seçkilərindən sonra məhz ilk səfərini Ankaraya edən dövlət başçımız Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında nitq söyləmişdi. Son prezident seçkilərində də xalqın etimadını qazanaraq 92,12 faiz səslə qalib olan cənab İlham Əliyev ilk səfərini qardaş ölkəyə etdi.

Bütün dünyaya qardaşlıq mesajı verən iki ölkə türk dünyasının güclənməsi yolunda əhəmiyyətli addımlar atır. Prezident İlham Əliyevin Türkiyədə qarşılanma mərasimində mavi xalçadan istifadə edilməsi, türk dövlətlərinin bayraqlarının nümayiş etdirilməsi və mərasim özlüyündə böyük mesajdır. Sözsüz ki, türk ailəsinin nüfuzunun getdikcə artması Azərbaycan-Türkiyə dostluğundan keçir. 20 il ərzində bütün sahələr üzrə imzalanan anlaşmaların zirvəsi isə Şuşa Bəyannaməsi hesab olunur. 16 avqust 2010-cu il tarixində imzalanmış "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"nin davamı olaraq 15 iyun 2021-ci ildə Şuşamızda imzalanan Müttəfiqlik Bəyannaməsi iki qardaşın dünyaya verdiyi mühüm ismarış idi.

Bir soydan, eyni kökdən gələn bir millətin münasibətləri daim qardaşlıq səviyyəsində olub. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın acısı bizim acımız, sevinci bizim sevincimizdir" kəlamına qarşılıq olaraq ölkəmiz də daim öz qardaşının yanında olduğunu göstərmişdir. Ötən il Kahramanmaraşdan başlayan və bir çox şəhərdə baş verən dağıdıcı zəlzələ zamanı Azərbaycan kömək üçün dərhal qüvvələri səfərbər etdi. "Türkiyənin acısı bizim acımızdır", - deyən Azərbaycan xalqı yardım əlini əsirgəmədi, humanitar yardım maşınlarının ucu-bucağı görünmədi. Kədər paylaşdıqca azalır dedik, doğma qardaşlarımızın, bacılarımızın ağır günündə onlarla birgə olduq. Məhz bu qardaşlıq nümunəsi bütün dünyanın gözü önündə baş verdi.

Azərbaycan Türk Dövlətləri Təşkilatı (TDT) kimi mühüm siyasi, iqtisadi, hərbi və mədəni birliyin daha da gücləndirilməsi istiqamətində səylərini artırır. TDT heç bir quruma, birliyə və ölkəyə qarşı qurulmuş təşkilat deyil, Türk dünyasını birləşdirmək, onun inkişafını təmin etmək üçün güc mərkəzidir.

Çağdaş dövrdə gedən proseslərə hakim olmaq, müəyyən qlobal məsələləri həll etmək üçün TDT-nin daha da güclənməsinə ehtiyac var və bu baxımdan, Azərbaycan prosesdə açar rolunda çıxış edir. XX əsrin əvvəllərində Türkiyədə və türklərin yaşadıqları digər ərazilərdə Türk birliyi ideyası uğrunda canlarını qurban verən insanlar olmuşdur. Buna görə də bu ideya bir məfkurə halına gətirilib. Türk xalqları ötən əsrin əvvəllərindən bəri bu ideya üzərində çalışıblar. Görkəmli alimlər, ziyalılar Türk birliyinin mühümlüyü haqqında çoxsaylı yazılar dərc ediblər. Lakin 1937-1938-ci illərdə xüsusilə, sovet dönəminin repressiya dalğası türkdilli əhalinin bu məfkurə uğrunda canlarından keçməsinə səbəb olmuşdur. Xalqların qəlbində heç zaman alovu sönməyən Türk dünyasının birliyi ideyası hökm sürürdü. Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan keçmiş SSRİ-nin tərkibindən çıxıb müstəqil olduqdan sonra bu ölkələrin ziyalıları Türk birliyi məsələsini zamanla gündəmə gətiriblər. Nəhayət, 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında türkdilli dövlətlərin başçıları bir araya gəldilər və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını yaratdılar. Həmin dövrdən bəri inkişaf edən TDT-nin əsas aparıcı qüvvələri sözsüz ki, Azərbaycan və Türkiyədir. Fevralın 19-da Türkiyədə Prezident İlham Əliyevlə qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatında iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının növbədənkənar Zirvə görüşünün keçiriləcəyi bildirildi. Bu isə onu göstərir ki, iki ölkədə keçirilən görüşlər TDT-nin əsas fəaliyyət istiqamətini təşkil edir.

Azərbaycan və Türkiyənin ötən 20 il ərzində ən çox əməkdaşlıq etdiyi sahələrdən biri də sözsüz ki, müdafiə sənayesidir. Hər il iki ölkənin ordularının birgə 10-dan çox təlim keçirməsi buna əyani sübutdur. Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyevin Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olması və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izləməsi bu əməkdaşlığın dərin məna daşıdığını bir daha sübut edir. Prezident İlham Əliyevin PUA Akademiyasında yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri və Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktarla səmimi xatirə şəkli çəkdirməsi də əslində bir millətin iftixar zirvəsidir. Təbii ki, bir soydan gələn xalqların bu cür qardaşlıq bağları ilə yaşaması da olduqca qürurvericidir. Sadəcə, dünyada bu cür səmimi dostluq və mehriban qardaşlıq nümunəsinə demək olar ki, rast gəlmək mümkün deyil.

Ən mühüm beynəlxalq tədbirlərdən biri olan İqlim Dəyişmələri üzrə Tərəflər Konvensiyasının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi iki qardaş ölkənin müttəfiqlik imkanlarını daha da artırır. Türkiyənin tədbirin Azərbaycanda keçirilməsi üçün verdiyi dəstək bu gün də öz təsirini göstərir. Belə ki, fevralın 19-da Prezident İlham Əliyev ilə görüşən Rəcəb Tayyib Ərdoğan ölkəmizin COP29-a bu il ev sahibliyi etməyindən böyük məmnunluq duyduğunu qeyd edib. Bu da öz növbəsində doğma qardaşın hər zaman köməyə hazır olduğunun mesajı idi.

Görüş zamanı müzakirə olunan mövzulardan biri də Orta Dəhliz layihəsi oldu. Bildirildi ki, geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslər Orta Dəhlizin etibarlı marşrut olduğunu bir daha göstərdi. Bu baxımdan qeyd olundu ki, 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti Orta Dəhlizin strateji mərhələsi olub. Bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsi ortaq mənfəətimizə xidmət edir. Çünki təmirlə əlaqədar yaşanan plansız bağlanma səbəbindən yükdaşıyıcıları çətin vəziyyətdə qalıb. Bundan başqa, uzun müddət bağlı qalan xətt beynəlxalq səviyyədə cazibəsini itirir. Quru yolu ilə tranzit daşımalarını ən qısa zamanda sərbəst vəziyyətə gətirməyin də əhəmiyyətli olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu məsələdə ölkə başçımızın dəstəyinə güvəndiyini bildirib.

Təhsil sahəsində əlaqələrin inkişafından da söhbət açan iki qardaş ölkənin rəhbərləri bu çərçivədə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumunun ali təhsil sahəsində əməkdaşlıq baxımından yeni bir dönüş nöqtəsi olacağını qeyd ediblər. Təhsil əlaqələrində dost ölkə ilə əməkdaşlıq 90-ci illərin sonu, 2000-ci illərin əvvəllərindən başlayır. Türkiyə ilə olan bu tarixin xüsusi səhifələrindən biri də 2000-ci il dekabrın 1-də Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Milli Təhsil Nazirliyi arasında imzalanmış təhsil və elm sahəsində əməkdaşlıq Sazişidir. Məhz həmin Sazişə əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan ali məktəblərinin müvafiq ixtisaslarının tanınması sahəsində irəliləyişə nail olunmuşdur. Azərbaycan-Türkiyə təhsil əlaqələri 2000-ci ildən sonra da yüksələn xətt üzrə inkişaf etmişdir. Çox sayda qarşılıqlı səfərlər təşkil olunmuş, keçirilən görüşlər zamanı əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli kadrların hazırlanması üçün peşə təhsilinin əhəmiyyəti diqqətə alınaraq, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın müəyyənləşdirdiyi hədəflər çərçivəsində peşə təhsili sahəsində təcrübənin öyrənilməsi ilə bağlı bir sıra əməli işlər görülmüşdür. Türkiyə Respublikasında hazırda 24000-dən artıq Azərbaycan vətəndaşı ali təhsilin müxtəlif pillələri (bakalavr, magistratura, doktorantura, rezidentura və s.) üzrə təhsil alırlar. Qarşılıqlı olaraq ölkəmizdə təhsil alan türkiyəli tələbələrin də sayı kifayət qədərdir.

Ümumilikdə, dövlət başçılarının son görüşü daim yenilənən qardaşlıq əlaqələrini daha da gücləndirdi. Məhz sonda ölkə başçısı Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Bakıya dəvət etməsi də artıq ənənəyə çevrilib. Türk Dövlətləri Təşkilatının birgə səylərlə inkişaf etdirilməsinin zəruriliyini vurğulayan cənab İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan türk qüdrətinin çağdaş dövrdə dirçəldilməsi üçün bütün imkanlarını səfərbər edən iki müzəffər dövlət xadimidir. Qardaşlıq əlaqələri gələcəkdə türk dünyasının qızıl dövrü olacaq.

Tacir SADIQOV,

"Respublika".