Türk dünyası ilə əməkdaşlıq prioritetdir
Siyasət

Türk dünyası ilə əməkdaşlıq prioritetdir

"Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır". Bu sözləri fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.

Bu gün türk dövlətləri öz tarixində heç zaman olmadığı qədər bir-birinə yaxındır. Dünyada inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsində türk dövlətləri birliyi əsas gücə çevrilib. Azərbaycanın qardaş türk dövlətləri ilə əməkdaşlığının güclənməsində ölkə başçımızın bu dövlətlərin rəhbərləri ilə möhkəm dostluğu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri də təsir göstərməkdədir.

Artıq 15 ildir ki, müstəqil türk respublikaları və xalqları arasında təhsil, elm, mədəniyyət, iqtisadiyyat, nəqliyyat, həmçinin turizm də daxil olmaqla, bir çox sahələrdə tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlmiş müzakirələrin aparıldığı, təkliflərin irəli sürüldüyü mühüm siyasi platforma yaranıb. Bu təşkilat türk dünyasında qarşılıqlı etimad mühitini möhkəmləndirmək, siyasi həmrəyliyi gücləndirmək, iqtisadi və texniki əməkdaşlıq imkanlarını sürətləndirmək və s. yöndə böyük işlər görüb. TDT-nin əməkdaşlıq sahələri 30-a çatıb, təşkilat çərçivəsində siyasət, iqtisadiyyat, ticarət, nəqliyyat, turizm, səhiyyə, təhlükəsizlik və təhsil üzrə 110-dan çox tədbir təşkil olunub. TÜRKSOY, TÜRKPA, Türk Akademiyası kimi təşkilatların fəaliyyəti də uğurlu olub. Həmçinin qeyd etməliyik ki, Türk Dövlətləri Təşkilatı təkcə üzv dövlətlərdə deyil, dünyada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönələn siyasət yürüdür.

TDT-nin bu günədək doqquz Zirvə Görüşü (Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənd) keçirilib. Həmçinin 31 mart 2021-ci il və 16 mart 2023-cü il tarixlərində TDT-nin növbədənkənar Zirvə Görüşləri baş tutub. TDT-nin bu günə qədər keçirilmiş bütün Zirvə görüşlərində tərəflər keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb və münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işlərinə töhfə verməyə hazır olduqlarını bildiriblər.

2019-cu ilin 15 oktyabr tarixində Bakı şəhərində TDT-nin 7-ci Zirvə Görüşü keçirildi və Özbəkistanın təşkilata üzvlüyü bu görüşdə təsdiq edildi. Həmçinin Zirvə Görüşündən bir gün əvvəl Biznes Forum təşkil olundu. Həmin Zirvə Görüşündən sonra təşkilata sədrlik Azərbaycan Respublikasına keçmişdir. 2021-ci ilin 12 noyabr tarixində İstanbulda keçirilən 8-ci Zirvə Görüşündə təşkilata sədrlik Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçdi. 2022-ci ilin 11 noyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində təşkil olunmuş TDT-nin 9-cu Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və görüşdə TDT ilə bağlı vacib qərarlar qəbul olunub.

Həmçinin Azərbaycan hər zaman İslam dəyərlərinin də dünyada təbliğinə böyük töhfələr verib və İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub. 1969-cu ildə Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında İslam Əməkdaşlıq Təşkilatı yaradılıb ki, bu da özündə 60-a yaxın dövləti birləşdirir. 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə də Azərbaycanın İslam dünyasındakı nüfuzu artdı. Hazırda Azərbaycan Respublikası İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir. Son illərdə ölkəmiz İƏT-in bir neçə konfransına evsahibliyi edib. Məsələn, 2014-cü ildə "İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu" mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirildi. Qeyd etmək lazımdır ki, bunun müqabilində İƏT (İCESCO vasitəsilə) islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirdi. Eyni zamanda 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi, ardınca IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ölkəmizin İslam ənənələrinə sadiqliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Bunun təkcə Azərbaycan, islam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün önəmi var. Bundan başqa, ötən ilin noyabrında paytaxt Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransı baş tutub. Burada bir daha təsdiqlənib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə də xüsusi əhəmiyyət verir və Təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə inkişaf etdirilməsinə öz töhfələrini verməyə daim hazırdır.

Bu gün dünyada baş verən hadisələr bir daha onu göstərir ki, türkün türkdən başqa dostu yoxdur. İstər Vətən müharibəsi, istərsə də indi türk qardaşlarımız daim yanımızda dayanıb bütün dünyaya türkün gücünü göstərdi.

Türk dövlətləri bundan sonra da əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişafına davamlı töhfələr verərək türk dünyasını daha da gücləndirəcəklər.

Röya RÜSTƏMLİ,

"Respublika".