DSMF və TƏBİB-dən əməkdaşlıq layihəsi
Sosial həyat

DSMF və TƏBİB-dən əməkdaşlıq layihəsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memoranduma əsasən ünvanlı dövlət sosial yardımı təyin edilmiş aztəminatlı ailələrin üzvləri icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana biləcəklər. Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov aztəminatlı ailələrin rifahında mühüm rola malik olan ünvanlı sosial yardım proqramının icrası barədə məlumat verib.

H.Məmişov  2022-ci ildə 60 mindən çox ailə üzrə 300 minədək şəxsin bu proqramla əhatə olunduğunu, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləğinin ötən il daha 40 faiz artaraq 392 manata çatdığını bildirib. H.Məmişov TƏBİB-lə imzalanan əməkdaşlıq sənədinin əhəmiyyətini vurğulayıb. Bu əməkdaşlıq sənədi ünvanlı yardım təyin edilən ailələrin zəruri tibbi müayinə xidmətləri ilə təminatında mühüm dəstək rolunu oynayır. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qeyd edib ki, imzalanan Memoranduma əsasən Fond tərəfindən təqdim edilmiş siyahılar əsasında TƏBİB-in tabeliyindəki tibb müəssisələri ünvanlı yardım təyin edilən ailələrin ümumi müayinə və yoxlanışları, habelə laborator, instrumental və digər tibbi müayinələrinə zəruri dəstəyi göstərəcək. Üç il müddətini əhatə edən memorandum sosial müdafiə və səhiyyə sahələrində qarşılıqlı faydalı, uzunmüddətli və effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq çərçivəsini və koordinasiya prosedurlarını müəyyən edir.

Mustafa KAMAL,

“Respublika”.