Gözün aydın, Vətən! Xankəndiyə, Xocalıya da dönürük
Sosial həyat

Gözün aydın, Vətən! Xankəndiyə, Xocalıya da dönürük

Uzun illər işğala məruz qalsaq da, ərazilərimizin azad edilməsi məsələsini ən vacib problem bilmişik. Torpaq itkisinin nisgilini, ağrısını yaşamaqla bərabər, həm də yaralarımıza məlhəm olacaq qələbənin qazanılmasına bütün varlığımızla çalışmışıq. Vətən sevgisində yumruq kimi birləşib xalq-dövlət vəhdəti nümayiş etdirmişik. Eyni zamanda, dünyaya göstərmişik ki, biz həm qalib, həm də haqlı xalqıq. Haqlı olduğumuz üçün də Zəfər çalan Azərbaycan olmuşuq.

 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla 30 il işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etmişik. Məğlub Ermənistana barışıq təklif edib, Qarabağ və Şərqi Zəngəzur bölgəsində olan qeyri-qanuni silahlı dəstələrini, separatçı qüvvələrini ərazilərimizdən çıxarmasını tələb etmişik. Lakin qarşı tərəf öz xain mövqeyindən çıxış edərək nə verdiyi sözə, nə də tələb olunan şərtlərə əməl etməyib. Müharibənin bitməsindən ötən üç il ərzində böyük dözüm və səbir nümayiş etdirən Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başladı. 2023-cü il sentyabr ayının 19-20-də işğaldan azad edilmiş torpaqlarda olan separatçı erməni silahlı dəstələri zərərsizləşdirildi. Düşmən Azərbaycan əsgərinin qarşısında diz çökərək ağ bayraq qaldırdı. Dövlətimiz öz humanistliyini, sülh tərəfdarı olduğunu bir daha sübut etdi. Qarabağ və Şərqi Zəngəzur bölgəsində məskunlaşan erməni əsilli vətəndaşlara Azərbaycanda qalıb yaşamaq təklif olundu.

Bəli, ötən il Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və suverenliyinin əldə olunduğu il kimi tarixin yaddaşına əbədilik yazıldı. Oktyabr ayının 15-də üçrəngli dövlət bayrağı Xankəndinin, Xocalının və bir neçə yurd yerlərinin mərkəzi meydanında dalğalandı. 8 noyabr Zəfər bayramı Qarabağın mərkəzi şəhəri olan Xankəndidə böyük çoşqu və fərəh hissilə keçirildi. Bütün bunlar yaşadığımız dövrün reallıqları olmaqla yanaşı, tarixdən bu günümüzə gəlib çatan problemlərinin uğurlu həllidir. Bu baxımdan, qədəm qoyduğumuz 2024-cü ildən də gözləntilərimiz böyükdür. Çünki Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu hər kəsdən yaxşı bilir. Yaşadığımız zəfərlərə, böyük qələbələrə baxmayaraq, dövlət başçısı hər çıxışında yeni planların, xoş gələcəyin müjdəsini verir. Prezident İlham Əliyev Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edərkən də gələcək müjdələrin anonsunu verdi. Deməli, tarixi Zəfərimizin davamı hələ irəlidədir. 44 günlük Vətən müharibəsindən həmən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan irimiqyaslı tikinti-quruculuq işləri bunu bir daha təsdiq edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur bölgəsi nəhəng tikinti meydançasını xatırladır. İşğal dövründə Ermənistan tərəfindən dağıdılıb xarabazarlığa çevrilən yurd yerlərimiz mərhələli şəkildə tikilib yenidən qurulur. Bölgəyə yeni həyat gəlir. Ərazilərimiz dirçəlib əzəli, əbədi görkəminə qovuşur. Uzun illər yurd həsrəti çəkən insanlar artıq öz doğma yurdlarına dönürlər. Ardıcıl şəkildə həyata keçirilən köç prosesi artıq öz miqyasına görə daha geniş əraziləri əhatə edir. Füzuli rayonundan sonra böyük yaşayış massivləri öz sakinlərinin yolunu gözləyir. Bunlar Ağdam, Kəlbəcər, Şuşa və digər şəhər və kəndlərimizdir. Ardınca isə daha möhtəşəm, nisgilimizə, yurd həsrətimizə son nöqtəni qoyacaq müjdələr bizi gözləyir. Ölkə başçısı da xüsusi olaraq qeyd etdi ki, 2024-cü ildə Böyük Qayıdış planına uyğun olaraq daha genişmiqyaslı layihələr həyata keçiriləcək: "2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar". Prezident vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq.

İşğaldan azad edilən bütün ərazilərimizdə sakinlərin firavan yaşayışı da təmin edilir. Böyük uğurlar davam edir, Qarabağda, Şərqi Zəngəzurda xalqı xoş günlər gözləyir. Ötən ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtdılar. 28 may tarixində Laçın, avqust ayında isə Füzuli şəhəri və Zabux kəndinin sakinləri doğma ocaqlarına qovuşdular. Proses bu gün də davam edir. Düşmən vəhşiliyinin ən ağır zülmünü görmüş gözü yolda olan Xocalı, xanlar, xaqanlar yurdu Xankəndi də öz sakinlərini gözləyir. Hətta, məlumata görə, xaricdə xeyli sayda Xankəndi sakini yaşayır. Onlar da doğma yurdlarında yaşamaq arzusundadırlar .

Hər il Bakıda, "Ana harayı" abidəsi önündə Xocalı faciəsi qurbanlarını yad edirdik. Artıq Böyük Qayıdış prosesi nəticəsində xocalılıların öz ocaqlarına döndüyü gün onların qanayan yaralarına bir məlhəm olacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".