TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ BÖLGƏLƏRİMİZDƏ QEYD EDİLİB
Səhiyyə

TİBB İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ BÖLGƏLƏRİMİZDƏ QEYD EDİLİB

Gəncə

Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhər Səhiyyə İşçiləri Həmkarlar Şurasının dəstəyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Gününə həsr edilmiş konfrans keçirilib. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin direktoru, tibb üzrə fəlsəfə doktoru İlkin İsmayılov açaraq  bu sahədə çalışan hər kəsi Tibb İşçiləri Günü münasibətilə təbrik edib. O qeyd etmişdir ki, ulu öndər  Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin yarandığı gün -  iyunun 17-si Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Azərbaycan xalqına xidmətin ən bariz nümunələrindən biri kimi Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsinə, millətin genefondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri sonsuz olmuşdur. Onun layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, Gəncədə,  bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa edilərək müasir avadanlıqlarla təchiz olunur.

Şəhər icra hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ-nin mütəxəssisləri, konfransda  Bakı şəhərindən və Gəncə şəhərindəki özəl xəstəxanalardan dəvət olunmuş həkim mütəxəssislər konfransdageniş və aktual məruzələrlə çıxış ediblər. İki gün davam edən konfransda mövzular kardiologiya, travmatologiya, transplantasiya, urologiya, radiologiya, ümumi cərrahiyyə, ginekologiya, oftalmologiya, nevrologiya sahələrini əhatə edib.                                                               

Naftalan

17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günündə Naftalan Şəhər Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş keçirilib. Görüşdə şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov, millət vəkili Anar Məmmədov, Mərkəzi Xəstəxananın direktoru Samir Allahverdiyev, şəhər icra hakimiyyətinin məsul əməkdaşları, tibb işçiləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər gül dəstələri düzərək, bir daha ulu öndərin əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. Tibb işçilərini, peşə bayramı münasibətilə təbrik edən şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov və millət vəkili Anar Məmmədov qeyd ediblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində  yeni müasir dünya standartlarına uyğun tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa edilərək müasir avadanlıqlarla təmin edilir. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir..    

Çıxışlarda qeyd edilib ki, müstəqil Azərbaycanının mövcudluğu, yüksəlişi, dünyanın ən mütərəqqi ölkəsinə çevrilməsi məhz ümummilli lider, fenomen şəxsiyyət  Heydər Əliyevin adı ilə bağlıdır. Odlar yurdu Azərbaycanın ən parlaq yaradıcısı, qurucusu, dinamik inkişafının tənzimləyicisi kimi, ümummilli lider Heydər Əliyev,  Azərbaycanın çiçəklənməsini təmin etmiş, bütün sahələrdə olduğu kimi,  Azərbaycan tibb elmi və tibb təhsili sistemlərinin təməlini qoymuşdur.

Onun layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyevin müdrik siyasəti  nəticəsində bütün sahələrdə olduğu kimi, ölkənin tibb sahəsində də geniş, məqsədyönlü islahatlar aparılmışdır. İnnovasiya, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramları qəbul edilmiş, ölkənin elmi-tibbi potensialı gücləndirilmiş, bu sahənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Tədbirin sonunda bir qrup tibb işçisi Fəxri fərmanlarla təltif olunublar.

 

Masallı

Rayonun səhiyyə işçiləri peşə bayramlarını yeni uğurlarla, xoş ovqatla qeyd ediblər. Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru İlqar Ramizoğlu kollektivi bayram münasibətilə təbrik edib, görülmüş işlərdən, qazanılmış uğurlardan danışıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov səhiyyə işçiləri qarşısında çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu hər iki dövrdə səhiyyənin inkişafına misilsiz qayğı göstərdiyini, bu sosial siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Masallı rayonunda əhalinin sağlamlığı sahəsində vəzifələrin işgüzarlıqla icra olunduğunu, tibb işçilərinin koronavirus pandemiyası ilə mübarizədə, 44 günlük Vətən müharibəsində peşə borclarını yüksək məsuliyyətlə, fədakarlıqla yerinə yetirdiklərini bildirib. İcra başçısı bayram münasibətilə kollektivə təbrik sözlərini, səmimi, xoş arzularını çatdırıb.

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri  Seyfəddin Əliyev ölkəmizdə səhiyyənin inkişafına göstərilən davamlı dövlət qayğısından, həyata keçirilən islahatlardan söhbət açıb və rayonun tibb işçilərini peşə bayramları münasibətilə təbrik edib.

Sonra Masallı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə bir qrup qabaqcıl tibb işçisinə fəxri fərmanlar,  Yeni Azərbaycan Partiyasının  sıralarına yeni daxil olan gənclərə partiya biletləri təqdim olunub. Tibb işçiləri səhiyyənin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

"Respublika".