Koronavirusla ciddi mübarizə öz nəticələrini verir
Səhiyyə

Koronavirusla ciddi mübarizə öz nəticələrini verir

Artıq xeyli müddətdir ki, Çinin Uhan şəhərindən bütün dünyaya sürətlə yayılan COVİD-19 infeksiyası insanların həyatında ciddi dəyişikliklərə səbəb olmuş, hər kəs bu gözəgörünməz insan qatili ilə birgə yaşamaq məcburiyyətində qalmışdır. Virusun yayılma həddi o yerə çatmışdır ki, Ümumdünya Səhiyyə Təşkilatı aşkar edilmiş yeni növ koronavirusu pandemiya elan etmiş, xəstəliyə qarşı dövlətlər səviyyəsində mübarizə yolları araşdırılmış, insanların sağlamlığının qorunması yönündə ciddi tədbirlərə başlanmışdır.

Dünyada tüğyan edən, insan və heyvanlar arasında geniş yayıldığı sübut edilmiş, patogen xüsusiyyətlərə malik olan, viruslar ailəsinin insan həyatı üçün ciddi təhlükə yaradan bir üzvü - COVİD-19 infeksiyası ölkəmizdən də yan keçməmiş, ölkə əhalisi arasında yayılaraq bir sıra çətinliklər yaratmışdır. Lakin Azərbaycan dövləti tərəfindən vaxtında atılan addımlar, görülən təxirəsalınmaz ciddi tədbirlər xəstəliyin geniş yayılmaması üçün zəmin yaratmışdır.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunmazdan əvvəl, virusun geniş yayılma tendensiyasını nəzərə alaraq, vətəndaşların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə başçısı İlham Əliyev respublika ərazisində bir sıra tədbirlərin həyata keçirilməsinə göstəriş vermiş və əhalini Ümumdünya Səhiyyə Təşkilatının, Operativ Qərargahın tövsiyələrinə riayət etməyə çağırmışdı. Bütün ölkə ərazisində sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər görülmüş, ölkə daxilində sanitar vəziyyət ciddi nəzarət altına alınmışdır.

Uzun inkubasiya dövrünün olması, sürətli yayılma xüsusiyyətləri olan koronavirus infeksiyasının qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi fonunda xüsusi rejim tətbiq edilmişdir. Belə ki, ölkə üzrə bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri təxirə salınmış, kinoteatrların, muzeylərin, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti dayandırılmış, toy şənliklərinin keçirilməsinə qadağa qoyulmuşdur. Aptek, ərzaq mağazaları istisna olmaqla ölkə ərazisində fəaliyyət göstərən alış-veriş mərkəzlərinin, metronun fəaliyyəti dayandırılmış, ictimai nəqliyyatın fəaliyyəti dövlət strukturları tərəfindən müvafiq qaydalara əsasən tənzimlənmişdir.

COVİD-19 pandemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə səhiyyəsinin bütün imkanlarının səfərbər edilməsi və bunun müqabilində qəti tədbirlərin görülməsi, sərt karantin rejiminin tətbiq edilməsi nəticəsində koronavirusun yayılma sürətinin nəzarətdə saxlanması mümkün olmuşdur.

Vətəndaşların sağlamlığını hər zaman hər şeydən üstün tutan ölkə başçısı İlham Əliyevin müvafiq göstərişinə uyğun olaraq respublikada ən zəruri avadanlıqlarla təchiz olunmuş 10-dan çox modul tipli xəstəxanalar tikilmiş, gün ərzində 20 minə yaxın test müayinə edə biləcək gücü olan laboratoriyalar quraşdırılmışdır. Pandemiyanın yayıldığı ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əlaqələr yaradaraq maksimum dərəcədə səmərəli iş aparmaq, ölkə əhalisinin sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edən tədbirlər görmək üçün ölkə səhiyyəsinin bütün qüvvələri səfərbər edilmişdir. Bu baxımdan pandemiyadan qorunmağın ən optimal variantlarından birinin vaksinasiya olduğu nəzərə alınaraq ölkə ərazisində kütləvi surətdə vaksinasiya tədbirlərinə başlanmışdır. Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkə kimi Azərbaycan dünya miqyasında da bu təşəbbüsə qoşulan ilk ölkələrdən oldu. Belə ki, pandemiyanın ilk günlərindən vaksinasiyanın düzgün, yerində aparılmasında ədalətlilik prinsipinin qorunmasında lazımi addımlar atılmış, beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaradılmışdır. İlk olaraq 4 milyon doza vaksin sifariş edilərək bu il yanvar ayının 18-dən ölkədə vaksinasiya prosesinə başlanılmışdır.

Bununla yanaşı, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında ölkə başçısının sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavələr edilmişdir.

Eyni zamanda ölkədə koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 20 milyon manat, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılmışdır.

Ölkəmizdə və bütün dünyada bu gün hələ də bu gözəgörünməz “düşmən”lə mübarizə davam etsə də, çətin sınaq günlərinin arxada qaldığı, insanların pandemiyadan əvvəlki vaxtlara qayıtdığı müşahidə olunur. Artıq ölkə ərazisində demək olar ki, ictimai nəqliyyatın fəaliyyəti tam bərpa olunmuş, iri ticarət mərkəzləri fəaliyyətə başlamışdır. Lakin bu qorxulu, təhlükəli virusun yenidən yayılmaması, həyatımızı alt-üst etməməsi üçün hər birimiz qoyulan qayda və tələblərə ciddi riayət etməli, məsafə saxlayaraq, qoruyucu vasitələrdən istifadə edərək öz həyatımızı sığortalamalı, bu qaydalarla yaşamağa öyrənməliyik. Əks-təqdirdə laqeydlik ilk növbədə yaxınlarımıza, doğmalarımıza, ümumilikdə ölkəmizə ciddi təhlükədir.

Mehparə ƏLİYEVA,

“Respublika”.