Tələbələr ölkədə təhsil imkanlarının artırılacağını düşünürlər
Elm və təhsil

Tələbələr ölkədə təhsil imkanlarının artırılacağını düşünürlər

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə yüksək həyat səviyyəsinin təminatı üçün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu məqsədlə, ölkə başçısı noyabrın 28-də Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalayıb və sözügedən universitetə publik hüquqi şəxs statusu verilib.

Təbii ki, ölkəmizdə daha bir ali təhsil ocağının yaradılması yüksək qiymətləndirilməlidir. Ölkəmizin daxilində və hüdudlarından kənarda yerləşən universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin ali təhsil müəssisələrinə qəbulolma şansının bilavasitə yüksəlməsinə təkan verəcək Qarabağ Universiteti işğaldan azad olunan ərazilərdə açılan, hələ ki, ilk ali təhsil ocağıdır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur ərazisindən olan gənclərin universitetdə çoxluq təşkil etməsi gözlənilir. Bununla belə, ölkəmizin digər bölgələrindən, hətta xarici ölkələrdən tələbələrin qəbulu da nəzərdə tutulur. Qarabağ Universitetinə qəbulun növbəti tədris ilindən başlayacağı versiyaları var. Universitet binasının təmir olunması, həmçinin ali təhsil müəssisəsinin nəzdində yeni yataqxananın tikilməsi bunu deməyə əsas verir.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kompüter Elmləri fakültəsinin I kurs tələbəsi Aysel Məmmədova Qarabağ Universitetində təhsil almaq istəyini bildirib: "Qarabağda yeni açılmış universitetdə təhsil almağı çox istəyərdim. Uşaqlıqdan bəri həm tarix dərslərində, həm də müəllimlərimizdən Qarabağda baş vermiş hadisələri eşitmişik. 2020-ci ildə isə müharibənin canlı şahidi olduq. Qarabağ hər zaman bizim qürur yerimiz olub. Eyni zamanda bu bölgə həmişə mənim marağımı çəkib. Buna görə də Xankəndidə olan universitetdə təhsilimi davam etdirmək məni çox sevindirər. Həmçinin bu universitet öz ənənəvi dizaynı ilə də diqqətimi çəkir. Əgər şansım olsa, burada təhsilimi davam etdirmək istəyərdim. Əminəm ki, bu, mənim kimi bir çox Azərbaycan gəncinin arzusudur. İnşallah, bütün Azərbaycan gəncləri istədikləri universitetdə, istədikləri təhsili alarlar".

 

Həmin universitetin magistr ixtisası üzrə təhsil alan İsayev İlham Rüstəm oğlu isə Qarabağ Universitetinin tələbələr üçün böyük imkanlar yaratdığını, hətta bu universitetdə təhsil almaq üçün müraciət edəcəyini deyib: "Mən magistr təhsilimi Qarabağda davam etdirməkdən məmluqluq duyaram. Əgər belə şans yaranarsa, Qarabağa gedib orada yaşamağı və təhsilimi davam etdirməyi çox istəyərəm. Şəhidlərimizin canı, qanı bahasına azad edilmiş bu müqəddəs torpaqlarda təhsil almaq mənim üçün qürurvericidir. Artıq bu barədə aidiyyəti orqanlara müraciət etmək barədə düşünürəm".

 

 

 

 

Türkiyənin İstanbul şəhərində "Yıldız Teknik" Universitetində təhsilini davam etdirən Bağırlı Ümid isə qalib dövlətin vətəndaşı kimi ölkə hüdudlarından kənarda təhsil almasını böyük fəxrlə qeyd edib. Ümid universitetdə bakalavr təhsili alan xarici ölkədən olan tələbələrə Qarabağ Universitetində təhsilini davam etdirməyi məsləhət görüb: "İxtisasım sənaye mühəndisliyi olsa da, Azərbaycan tarixi haqqında geniş məlumatım var. Uşaq vaxtı Xankəndi Pedaqoji İnstitutu diqqətimi çəkmişdi. Orada nə vaxtsa təhsil almaq mənə xəyal kimi görünürdü. Mənimlə burada, universitetin yataqxanasında birgə yaşayan xarici tələbələrə ölkə başçımızın bu Sərəncamından, eyni zamanda Qarabağ Universiteti haqqında danışmışam. Tələbə yoldaşlarım da burada təhsil almaqda maraqlı olduqlarını bildirirlər. Düşünürəm ki, gələcəkdə Qarabağ Universiteti regionda yüksək səviyyəli ali təhsil ocaqlarından birinə çevriləcək".

Tacir SADIQOV,

"Respublika".