167 yaşlı təhsil ocağına hədiyyə
Elm və təhsil

167 yaşlı təhsil ocağına hədiyyə

Lənkəran şəhərindəki M. Bağırov adına 1 nömrəli tam orta məktəb zəngin tarixə, nümunəvi təhsil ənənələrinə, qabaqcıl təcrübəyə malikdir. 167 il əvvəl Lənkəran şəhərində "İbtidai məktəb" adı ilə fəaliyyətə başlayıb. Keçən əsrin əvvəllərində "Şəhər məktəbi", sovet hakimiyyətinin ilk illərində "Birdərəcəli məktəb", az sonra "İkidərəcəli məktəb" kimi fəaliyyət göstərib. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılıb. 1922-ci ildən burada oğlanlarla yanaşı, qızlar da oxumağa başlayıb.

Dövrünün tanınmış pedaqoqları, ziyalıları bu məktəbdə dərs deyib. Görkəmli bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin təsisçilərindən biri Müslüm Maqomayev, tarixçi-etnoqraf, pedaqoq, maarifçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu Teymur bəy Bayraməlibəyov və Qori Müəllimlər Seminariyasını, Tiflis Müəllimlər İnstitutunu bitirmiş, Azərbaycan SSR xalq maarif komissarının müavini vəzifəsində işləmiş Pənah Qasımov ötən əsrin əvvəllərində müəllim kimi əmək fəaliyyətini bu məktəbdə başlamışlar.

Məktəbin məzunları sırasında Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov, "Molla Nəsrəddinçi" Mirzə Ağəli Əliyev, Mirzə İshaq Möhsünzadə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general mayoru Həzi Aslanov, neçə-neçə görkəmli dövlət və ictimai-siyasi xadim, nüfuzlu alim və tanınmış ziyalıların adları iftixarla çəkilir. 1982-ci ilin mart ayında ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan KP Mərkəzi Komitəsinin qərarına əsasən məktəbin 150 illik yubileyi geniş qeyd olunub.

Qocaman təhsil ocağının binası əvvəllər Lənkəran şəhərinin mərkəzi meydanında yerləşib. 1971-ci ildə indiki ünvanda məktəb üçün yeni bina tikilib. Məktəb bir neçə dəfə cari təmir olunsa da əsaslı təmirə ciddi ehtiyacı olub.

Heydər Əliyev Fondu məktəbə ikinci həyat bəxş edib. Fondun maliyyə dəstəyi ilə bu il yanvar ayının 19-da əsaslı təmir işlərinə başlanılıb. Məktəbin ikimərtəbəli və dördmərtəbəli korpusları, 840 şagird yerlik sinif otaqları, informatika kabinetləri, 3 laboratoriya, idman zalı, 150 yerlik iclas zalı müasir üslubda, zövqlə təmir edilib. Təhsil müəssisəsi Fond tərəfindən bütün zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri, laboratoriyalar əyani vəsaitlər və texniki vasitələrlə təchiz edilib. Təhlükəsizlik sistemi üçün çoxlu kameralar quraşdırılıb. Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib. Həyətdə açıq idman meydançası, müasir işıqlandırma sistemi qurulub.

Təhsil ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. Yeni dərs ilində məktəb qapılarını şagirdlərinin üzünə açıb. Açılış mərasimi xoş ovqatla, bayram əhvali-ruhiyyəsi ilə qeyd edilib. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov məktəbin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilməsini Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına və infrastrukturunun müasirləşdirilməsinə yüksək qayğısının təzahürü kimi dəyərləndirib. İcra başçısı 167 illik tarixə sahib olan məktəbin neçə-neçə ziyalı nəslinin formalaşmasında rolundan, misilsiz xidmətlərindən danışıb. Qarabağ uğrunda döyüşlərdə məktəbin 7 məzunu şəhidlik zirvəsinə ucalıb. Bu da təhsil ocağında Vətənə, torpağa məhəbbət, vətənpərvərlik ruhunda aparılan nümunəvi tərbiyə işinin bariz nümunəsidir.

Məktəbin direktoru Zaur Ağazadə pedaqoji kollektivin fikrini ifadə edərək deyib: "Kollektiv böyük sevinc içindədir. Məktəbimiz yüksək standartlara uyğun təmir olunub. Tədrisin müasir səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycan təhsilinin himayədarı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lənkəran təhsilinə növbəti hədiyyəsi hər birimizi hədsiz dərəcədə sevindirir, qəlbimiz razılıq və minnətdarlıq hissləri ilə doludur. Təhsilin inkişafına göstərdikləri misilsiz qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya Lənkəranın təhsil işçiləri adından səmimi və dərin minnətdarlığımızı bildiririk".

Açılış mərasimində Elm və Təhsil Nazirliyi təhsil islahatlarının əlaqələndirmə şöbəsinin müdiri Leyla Xəlilova, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirak ediblər.

Əlisəfa HƏSƏNOV,

"Respublika".