AMEA-nın bir sıra institutlarının adlarında yeni elmi profillərinə uyğun olaraq dəyişiklik edilir
Elm və təhsil

AMEA-nın bir sıra institutlarının adlarında yeni elmi profillərinə uyğun olaraq dəyişiklik edilir

AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında daxili imkanlar hesabına əlavə maliyyə vəsaiti tələb olunmadan Arxeologiya və Antropologiya İnstitutunun, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun bazasında isə A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun yaradılması haqqında məsələlər də müzakirə olunub. 20 iyun AMEA Rəyasət Heyəti aparatının Media və informasiya şöbəsindən bildirilir.

Akademik İsa Həbibbəyli bildirib ki, yeraltı maddi mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan arxeologiya elmi ilə xalqların adət-ənənələrinin, maddi və mənəvi mədəniyyət nümunələrinin tədqiqi ilə məşğul olan etnoqrafiya elminin vahid elmi-təşkilati strukturda fəaliyyət göstərməsi bir çox hallarda özünü doğrultmur. Xalqların adət-ənənələrinin, mədəniyyət nümunələrinin tarix, etnoqrafiya və mədəniyyətşünaslığın nəzəri-metodoloji baxışlar sistemi əsasında araşdırılmasına daha çox ehtiyac olduğunu deyən AMEA prezidenti Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun etnoqrafik profilli şöbələrinin AMEA-nın Tarix İnstitutunun strukturuna verildiyini bildirib. Qeyd edib ki, bundan sonra institutda yalnız arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovativ elmi tədqiqatlar həyata keçirilməkdədir. Akademik İsa Həbibbəyli struktur dəyişikliyinin ölkəmizdə aparılan arxeoloji tədqiqatlara diqqətin daha da artırılmasına və onu yeni inkişaf mərhələsinə qaldırmasına təkan verəcəyini söyləyib.

Müzakirələrdən sonra AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun bazasında mövcud ştat vahidi və daxili maliyyə imkanları hesabına AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun yaradılması haqqında AMEA-nın Ümumi yığıncağı qarşısında vəsatət qaldırılıb.

“Respublika”.