Təhsil sahəsindəki əlaqələr möhkəmlənir
Digər xəbərlər

Təhsil sahəsindəki əlaqələr möhkəmlənir

Azərbaycan-Qırğızıstan münasibətləri möhkəm dostluq təməlləri üzərində qurulub. Eyni kökə malik xalqlar kimi münasibətlərimiz 1993-cü ildən daha da genişlənib. Belə ki, həmin ilin dekabr ayında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əskər Akayevin görüşü keçirilmişdir. 1996-cı il noyabr ayının 11-də isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında protokol imzalanıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətləri bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir, möhkəmləndirilir. Oktyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində Azərbaycan Prezidenti Qırğızıstanın paytaxtı Bişkek şəhərində iki məktəbin açılış mərasimində də iştirak etdi. Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi: "Bizim cəmiyyətin gələcək tərəqqisi bu gün bizim gənclərimizə nəyi və necə öyrətməyimizdən çox asılı olacaq". Bəli, ümummilli liderin də dediyi kimi, cəmiyyətin tərəqqisi, yüksəlişi həm də onun elmli, bilikli gəncliyindədir. Bu mənada, Bişkekdə açılan Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziya təhsil-tərbiyə kompleksi həm də ulu öndərin şəxsiyyətinə dərin hörmət və məhəbbətin göstəricisidir. Açılış mərasimində hər iki ölkə başçıları - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər. Məktəb-Gimnaziyada tədris ikinövbəli şəkildə aparılır. Məktəbin binasında sinif otaqları, zəngin kitabxana, xareoqrafiya zalları və digər otaqlar var. Məktəbin məhz ulu öndər Heydər Əliyevin adını daşıması heç də təsadüfi deyil. Çünki Azərbaycan və Qırğızıstan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin əsasını dünyamiqyaslı şəxsiyyət Heydər Əliyev qoymuşdur. Əlbəttə ki, bu da məktəbdə təhsil alan hər bir şagird üçün böyük şərəf və fəxr hissidir. Heydər Əliyev adına 20 nömrəli məktəb Bişkekin ən böyük məktəblərindəndir.

Prezident İlham Əliyev həmin gün paytaxt Bişkek şəhərində ikinci Azərbaycan məktəbi olan, böyük şairimiz Nizami Gəncəvinin adını daşıyan 103 nömrəli məktəbin açılış mərasimində də iştirak etmişdir. 6 hektar ərazidə inşa olunan məktəbdə 30 sinif otağı, kitabxana, 240 yerlik akt zalı və digər kabinetlər var. Məktəbin həyətində isə müxtəlif idman meydançaları yaradılıb. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün məktəbdə hər bir şərait var. Yalnız Azərbaycanın deyil, həm də bütün Şərqin, türkdilli xalqların sevimli şairi Nizami Gəncəvinin adının əbədiləşdirilməsi həm də xalqımıza olan hörmətin, ehtiramın göstəricisidir. Qırğızıstanda bu məktəblərin açılması ikitərəfli münasibətlərdə, eyni zamanda ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin inkişafında mühüm rol oynayır.

Qırğızıstanla Azərbaycanın mehriban, doğma münasibəti Bakı ilə Bişkekin qardaşlaşmış şəhərlərə çevrilməsinə də yol açır. Gələcəkdə Şuşa ilə Qırğızıstanın digər şəhərlərinin də qardaşlaşmasına zəmin yaranmışdır.

 Bu münasibətləri təcəssüm etdirən daha bir fakt isə Bişkekin mərkəzində, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimi olmuşdur. Xüsusi zövqlə salınan park şəhər sakinlərinin rahat dincəlməkləri üçün nəzərdə tutulub. Bütün bunlar ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunun göstəricisidir.

 Ramidə YAQUBQIZI,

 "Respublika".