Ordumuz beynəlxalq hüquqa uyğun hərəkət edir
Digər xəbərlər

Ordumuz beynəlxalq hüquqa uyğun hərəkət edir

Ordumuz tərəfindən başlanılan lokal antiterror tədbirləri uğurla sona çatdı. Artıq terror yuvalarının dağıdıldığı və hərbi obyektlərin ordumuz tərəfindən nəzarətə götürüldüyü haqda məlumatlar bir daha göstərdi ki, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan xalqının səbri tükənməz deyil. Biz nə qədər danışıqlar tərəfdarı olsaq da lazımi anda düşmənin başına dəmir yumruq endirə bilirik.

Milli Məclisin deputatı Vüqar İskəndərov bildirdi ki, antiterror tədbirləri zamanı Azərbaycan hər zaman olduğu kimi, bu dəfə də bütün beynəlxalq norma və qaydalara əməl etdi. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılırdı. Ancaq separatçılar ordumuz qarşısında tab gətirə bilmədiyi üçün ən alçaq üsullara belə əl atırdı. Bu da mülki əhalidən istifadə etməkdir. Döyüş sursatları tükənən erməni silahlı qüvvələri Qarabağ iqtisadi rayonunda yaşayan dinc əhalini məcburi silahlandıraraq onları döyüş mövqelərinə cəlb etməyə cəhd edirdilər. Bizim ordu müharibə şəraitində belə beynəlxalq hüquq və normaları çərçivəsində  mülki əhalini hədəf almamaqla haqq mübarizəsini aparıb. Ancaq qarşı tərəf ən utancverici addımlar atmaqla özünü müdafiə etməyə çalışırdı.

Deputat qeyd etdi ki, ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılırdı. Biz 44 günlük müharibədə də gördük ki, mənfur düşmən mübarizə aparmaq əzmində olmadığı üçün mülki əhalini hədəf alırdı. Separatçılar bu dəfə də xislətindən əl çəkməyərək Qarabağda yaşayan mülki əhalini açıq hədəfə çevirirdi. Ancaq biz yenə də görürük ki, Azərbaycan ordusu lokal antiterror tədbirlərdə də sayıqlıq göstərib. Mülki əhali olan infrastrukturlara toxunulmayıb, separatçıların həmin obyektlərdə toplanmasına baxmayaraq mülki əhali olan yerlər vurulmayıb. Bu da bir daha Azərbaycan ordusunda olan güc, nizam-intizam və Ali Baş Komandanın humanizminin göstəricisidir.

M.QULUYEV,

"Respublika".