Tarixin daş yaddaşı
Region

Tarixin daş yaddaşı

Qarabağ tarixi-dini abidələrlə, qalalarla, kümbəzlərlə, mağaralarla, kurqanlarla, daş fiqurlarla zəngin bir bölgədir. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan, sərvətləri erməni faşistləri tərəfindən talan edilən, meşələri qırılan, abidələri dağıdılan Qarabağı özününküləşdirməyə cəhd edən təcavüzkar, xunta rejiminin törətdiyi cinayətlər insanlığa vurulan ən ağır zərbədir.

Qarabağda və Şərqi Zəngəzurda ermənilər qədim qəbiristanlıqları viran qoyublar, abidələri söküblər, azərbaycanlılara qarşı soyqırımı törədiblər, yer-yurd adlarını dəyişiblər, talançılıqla, oğurluqla da məşğul olub, çirkin, iyrənc simalarını hər addımda büruzə veriblər. Düşmən öz məkrli xislətinə uyğun olaraq düşünürdü ki, ağalarının yardımı ilə işğal etdikləri torpaqları Azərbaycanın nəzarətindən çıxaracaq, təcavüzü donduracaq, ikinci erməni dövləti quracaqdır. Bəd niyyətləri öz başlarında çatladı, müzəffər Azərbaycan ordusunun bölmələri cəmi 44 gün ərzində Ermənistan ordusunu, onların muzdlu döyüşçülərini savaş meydanında məhv edərək Qarabağı və Şərqi Zəngəzuru azad etdi və erməni işğalına birdəfəlik son qoydu.

Qarabağda və Şərqi Zəngəzurda tariximizin daş yaddaşına qənim kəsilən erməni faşistlərinin törətdikləri vəhşilik onların necə xəyanətkar, hiyləgər və təhlükəli bir toplum olduğunu bir daha sübut edir. Son yüz il ərzində ermənilər azərbaycanlılara qarşı həmişə təxribatla məşğul olublar, minbir bəhanə ilə, hiyləgərliklə tarixi yer adlarını dəyişiblər. Heç uzağa getməyək, elə götürək Əsgəran kəndini. Balaca bir kəndi ermənilər keçmiş sovetlər dönəmində rayon mərkəzinə çevirdilər, saxta və qurama tarix yaradaraq bu torpaqlara gəlmə olduqlarını unutdurmağa çalışdılar. Xocalı rayonunun inzibati ərazi vahidliyinə daxil olan Əsgəran Azərbaycanın qədim və tarixi torpağıdır. 1992-ci ildə Əsgəranda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından qovuldular, qalanın yeləşdiyi ərazidə ermənilər onlarla azərbaycanlını qətlə yetirdilər. Əsgəranda barmaqla sayılası qədər erməni yaşayıb və hazırda isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qalıb.

Əsgəran qalasının taleyi də kəşməkeşli olub, yadelli işğalçıların hücumlarına məruz qalıb, bəzi yerlərdə qala divarları uçurulub. Tarixi mənbələrə görə, Əsgəran qalası qarabağlı Pənahəli xanın göstərişi ilə 1787-ci ildə çay daşlarından tikilib və öz quruluşuna görə daha çox müdafiə səddinə bənzəyir. Qala Şuşanın 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqar çayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir. Araşdırmaçılar Əsgəran qalasının tikintisini Qarabağ xanlığının yüksəliş dövrünə aid edirlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması üçün Heydər Əliyev Fondu tərəfindən əhəmiyyətli layihələr həyata keçirilir.

Qeyd etdiyimiz kimi, ermənilər işğal illərində Əsgəran qalasında qanunsuz olaraq "bərpa-tikinti" işləri aparıb, qalanın tarixi simasını dəyişdirməyə başlayıblar. Görünən odur ki, tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazilərdə dərin çalalar əmələ gəlib, qalanın görkəminə ciddi zərər vurulub. Düşmənin bəd əməllərinin qarşısı kəsilməli və tariximizin daş yaddaşı olan abidələr bərpa edilməlidir.

Salman ALIOĞLU,

"Respublika".