Tariximizin qara səhifəsi
Siyasət

Tariximizin qara səhifəsi

Müstəqilliyin ilk illərində ölkə daxilində baş verən hadisələr daha təhlükəli xarakter almışdı

Ötən əsrin 90-cı illərinin əvvəlləri müasir tariximizin ən çətin dövrü olaraq xarakterizə edilir. Həmin dövrdə ölkə daxilində hərc-mərclik, özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. Müstəqilliyini yenicə bərpa etmiş respublikamızda hakimiyyət uğrunda mübarizə gedir, siyasi savadı, dünyagörüşü idarəçilik qabiliyyəti olmayan şəxslər rəhbərliyə gəlmək üçün bütün yollara əl atırdılar.

Vəzifə davası xalqı qardaş qırğını həddinə çatdırmış, bu hadisələr ölkənin bütün bölgələrini əhatə etmişdi. Adi situasiyadan belə çıxış yolu tapmayan savadsız, bilgisiz insanların rəhbərliyə gəlməsi ilə 1991-1993-cü illərdə xalqın rifahı gündən-günə pisləşir, hakimiyyətsizlikdən istifadə edən mənfur qonşularımız ərazi iddiaları ilə çıxış edir, soydaşlarımızı yurd yerlərindən zorla çıxarır, soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirirdilər. Sahibsiz qalan ölkəmizin torpaqlarının 20 faizdən çoxunu işğal edən Ermənistan 1 milyondan çox soydaşımızı əzəli torpaqlarından didərgin salaraq yalnız ermənilərdən ibarət dövlət yaratmaq arzularını həyata keçirdilər. O vaxt hakimiyyət postunu tutan səriştəsiz rəhbərlər ölkəni sözün əsl mənasında uçuruma sürükləyirdilər. Ölkədə hakimiyyət uğrunda mübarizələr, hərbi çevriliş cəhdləri, müxtəlif regionlardakı separatizm davamlı xarakter almışdı. Başları öz şəxsi işlərinə qarışan, öz mənfəətlərini güdən bu şəxslər, hətta vəzifə postlarına da bəzi "xidmət"lərə görə təyin olunurdular. Beləliklə, ölkədə vəzifə bölgüsü aparılırdı, hakimiyyət üstündə gedən qarşıdurmalardan zərərçəkən isə sadə xalq idi. Tarixi torpaqlar bir-birinin ardınca işğal olunur, qardaş-qardaşa silah çəkirdi, baş verən hadisələrin sonu isə bəlli deyildi. Bütün bunların fonunda, xalq iqtidara zərrə qədər güvənmir, öz müqəddəratını etibar edə biləcək yeganə insanın - ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə xahiş edirdi.

1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş hadisələr xalqın səbir kasasını daşırdı. Müdrik Azərbaycan xalqı baş verən hadisələrin qarşısının alınması, özbaşınalığa son qoyulması üçün yeganə yolu ümumxalq inamı qazanmış, bütün ömrü boyu xalqına sədaqətlə, şərəflə xidməti etmiş Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Hadisələr artıq elə bir məcraya gəlib çatmışdır ki, dövlətçilik anlayışından bixəbər olan "rəhbərlərin" özləri belə Heydər Əliyevi ölkəyə rəhbərlik etməyə dəvət edirdilər. Ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı artıq tarixi zərurət idi. Belə ki, 70 il rus imperiyasının əsarətində yaşayan xalq canı bahasına əldə etdiyi müstəqilliyini qoruyub saxlamaq iqtidarında olan yeganə insanı - ümummilli lider Heydər Əliyevi respublikaya rəhbərliyə gətirdi, ölkənin müqəddəratını, özünün taleyini ona həvalə etdi.

Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli dəvətini qəbul edərək Naxçıvandan Bakıya gəlməsi daxili və xarici düşmənlərimizin bütün planlarını pozdu. Xilaskarlıq missiyasını öz üzərinə götürən dahi lider paytaxtda hakimiyyət davası getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və bölgədə hələ də davam edən qiyamın və qardaş qırğınının qarşısını aldı.

Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyuldu, təcavüzkar Ermənistanla atəşkəs elan edildi.

Ulu öndərin gərgin əməyi nəticəsində respublikamızda cinayətkarlığa və hüquq pozuntularına qarşı barışmaz mübarizə aparıldı, bütün hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olundu. Lakin bunu gözü götürməyən xəyanətkar qüvvələr antidövlət kampaniyasına başladılar. 1994-1995-ci illərdə ölkə daxilində baş verən hadisələr daha təhlükəli xarakter aldı. Çünki xalqın təkidli xahişi ilə hakimiyyətə gələn Heydər Əliyev az bir vaxda Rəhim Qazıyevin, Əlikram Hümbətovun quldur dəstələrini zərərsizləşdirdi, bütün respublikaya meydan oxuyan Surət Hüseynov və onun tabeliyində olan qanunsuz silahlı dəstələr nəzarətə götürüldü, ayrı-ayrı bölgələrdə qatı cinayətkar ünsürlər tutulub qanun qarşısına çıxarıldılar. O vaxt Xüsusi Təyanatlı Polis Dəstəsinin komandiri Rövşən Cavadov və qardaşı Mahir Cavadov ölkədə yenidən hərc-mərclik, özbaşınalıq yaradıb hakimiyyəti ələ keçirməklə öz əməllərini ört-basdır etmək istəyirdilər. Onlar ulu öndər Heydər Əliyevin 1994-cü ilin sentyabrında ABŞ-da səfərdə olmasını əlverişli məqam kimi dəyərləndirərək Ali Sovetin sədrinin birinci müavini Afiyəddin Cəlilovun, Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun aradan götürülməsinə qərar verdilər. Hakimiyyəti ələ keçirmək istəyən quldur dəstəsi sentyabrın 29-da öz çirkin planlarını reallaşdırmaq üçün Heydər Əliyevin ətrafında olan, dövlətçiliyimizə sədaqətlə xidmət edən dövlət xadimləri - Afiyəddin Cəlilov və Şəmsi Rəhimovu qətlə yetirdilər. Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun xaincəsinə qətlə yetirilməsi Azərbaycanın müstəqilliyini istəməyən, onun torpaqlarını satan, düşməninə xidmət edən daxili qüvvələrin xainliyi idi. Onlar bununla öz hakimiyyətlərini saxlamaq, xalqın var-dövlətini talamaq məqsədi güdürdülər. Lakin Azərbaycan xalqı yenicə bərpa etdiyi müstəqilliyini bütün mənalı ömrünü xalqına, dövlətinə həsr edən ümummilli lider Heydər Əliyevin fədakar əməyi, düşünülmüş siyasəti sayəsində qoruya bildi. Heydər Əliyev prinsipial, uzun illərin gərgin mübarizə sınağından çıxmış mövqeyini ortaya qoyaraq xalqını, dövlətini qardaş qırğınından xilas etdi.

Mehparə ƏLİYEVA,

"Respublika".