Tariximizin qanlı və şanlı səhifəsi
Siyasət

Tariximizin qanlı və şanlı səhifəsi

Sovet hərbi hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı amansız faciə törətdi. 147 dinc sakin qətlə yetirildi, 744 günahsız insan yaralandı, onların çoxu əlil oldu, 841 nəfər isə qeyri-qanuni şəkildə həbs edildi. Bu cür cinayətlərə baxmayaraq, o dövrdə Mixail Qorbaçov və onun əlaltıları xalqımızın mübarizə əzmini qıra bilmədilər. Hakim təbəqələr bu faciəni törətməklə xalqımızın gözünü qorxutmağa çalışırdı. Amma bunun əksinə 20 Yanvar günü Vətənimizin müstəqilliyi və bölünməzliyi uğrunda qəhrəmanlıq səhifəsi kimi tarixə həkk olundu.

Ötən əsrin 90-cı illərində xalqımız soyqırımı və faciələrlə üzləşsə də, 20 Yanvar insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdəndir. Hadisədən 34 il keçməsinə baxmayaraq, xalqımız o günlərin acısını unutmur, başına ağır müsibətlər gətirən sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların əlaltılarına dərin nifrət bəsləyir. 20 Yanvar faciəsi keçmiş Qarabağ münaqişəsi fonunda baş verdi. Hələ SSRİ-nin süqutu ərəfəsində xain qüvvələr ölkəmizin ərazilərinin işğalı ilə bağlı xəbis planlarını həyata keçirmək istəyirdilər. Radikal erməni millətçiləri sovet rəhbərliyindən bu planlarını həyata keçirmək üçün istifadə edirdilər. Ulu Öndər Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra erməni separatizmi üçün yol açıldı və siyasi hakimiyyət erməni lobbisinin planlarının reallaşdırılmasına şərait yaratdı.

20 Yanvar faciəsi ərəfəsində başına gətirilən müsibətlərə baxmayaraq, müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın iradəsi sarsılmadı. Bu cür mürəkkəb şəraitdə hakimiyyətin keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətindəki uğursuz addımları, ölkəmizin milli maraqlarını qoruya bilməməsi, Ermənistandan və Qarabağdan qovulmuş azərbaycanlıların acınacaqlı vəziyyəti xalqın qəzəbini daha da artırdı. Nəticədə soydaşlarımız öz narazılıqlarını nümayiş etdirmək üçün dinc aksiyalara başladılar.

Vəziyyəti gərginləşdirən daha bir səbəb Azərbaycanda xalqı düzgün istiqamətə yönəldə biləcək rəhbərin olmaması idi. Azərbaycan xalqının qəzəbindən qorxuya düşən keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridildi.

Ağır texnika və müxtəlif növ silahlardan istifadə edilməklə dinc əhaliyə divan tutuldu. Faciə qurbanları arasında qadınlar, uşaqlar, qocalar, həmçinin təcili yardım işçiləri və polis əməkdaşları da var idi. Sovet ordusu hissələrinin paytaxta daxil olması respublikamız üçün böyük faciəyə çevrildi. O qorxunc gecədə vətənpərvər Azərbaycan övladları doğma torpağının, xalqının azadlığı uğrunda şəhidlik zirvəsinə ucalaraq canlarını qurban verdilər. 20 Yanvar faciəsi vətəndaşlarımızın döyüş ruhunu, vətənpərvərliyini bir daha təsdiqlədi.

Qanlı Yanvar hadisəsinə ilk münasibətini bildirən dahi Lider Heydər Əliyev oldu. 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi önündə çıxış edən Heydər Əliyev bu faciəni törədənləri sərt şəkildə tənqid etdi. Heydər Əliyev bu çıxışı ilə bir daha xalqına olan sevgisini növbəti dəfə təsdiqlədi: “Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır. Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”. Ulu Öndər, eyni zamanda, həmin gecə baş verənləri qanunsuz, demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə tamamilə zidd addım kimi qiymətləndirdi. Məhz Ulu Öndərin bu çıxışı ilə Azərbaycanın haqq səsi bir daha dünyaya çatdırıldı. Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət də ancaq Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra verildi. Bununla bağlı, 1994-cü il mart ayının 29-da xüsusi qərar qəbul edildi. Beləliklə, Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli qırğına - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Azərbaycan xalqı bu faciəni unutmur, hər il 20 Yanvar şəhidlərini ehtiramla yad edir, onların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzür. Müxtəlif ölkələrdən Azərbaycana gələn qonaqlar ilk növbədə Şəhidlər xiyabanını ziyarət edirlər. 20 Yanvar faciəsi xalqımızın yaddaşında əbədi qalacaq.

Nəzrin ELDARQIZI,

“Respublika”.