Fransanın
Siyasət

Fransanın "küskün" obrazı

İkinci Qarabağ savaşı Azərbaycana kimin dost, kimin düşmən olduğunu ayırd etməyə şərait yaratdı. İstər müharibə, istərsə də postmüharibə dövründə Qərbin, xüsusilə də Fransanın qərəzi özünü açıq şəkildə büruzə verir.

Son illər rəsmi Parisin anti-Azərbaycan siyasətinin daha da artdığının şahidi oluruq. Bu gün Fransa hər vəchlə ölkəmizlə münasibətləri daha da gərginləşdirməyə çalışır. Afrikadakı keçmiş müstəmləkələrindən qovulan rəsmi Paris öz daxili problemlərini həll etmək əvəzinə, Cənubi Qafqazda sülhə və sabitliyə təhdid yaradır. Belə ki, aprelin 16-da Fransanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycandakı səfiri Ann Buayonu geri çağırıb.

Yayılan məlumatda bunun səbəbinin rəsmi Bakının "birtərəfli" qaydada atdığı addımlar olduğu bildirilib. Fransa XİN-in açıqlamasında ölkənin Azərbaycanla bağlı xəbis niyyəti bir daha özünü göstərir. Rəsmi Paris özünü elə göstərir ki, sanki bu günə qədər Azərbaycan Fransaya qarşı ziddiyyətli mövqe sərgiləyib. Halbuki Azərbaycan bütün dövlətlərlə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərə üstünlük verdiyini dəfələrlə bəyan edib. Fransanın qərəzli addımları isə Emmanuel Makronun xəbis niyyətindən qaynaqlanır. Rəsmi Bakı və Yelisey sarayı arasındakı bugünkü münasibətlərdə də bütün məsuliyyət məhz Emmanuel Makron hakimiyyətinin üzərinə düşür. Qarşı tərəfin selektiv yanaşmasına, qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan hər zaman barışıq əlini uzatmağa hazır olduğunu bildirir. Fransa isə ölkəmizin humanist mövqeyinə diplomatik nümayəndəsini geri çağırmaqla cavab verir.

Fransanın qərəzi sadəcə saydıqlarımızla kifayətlənmir. Azərbaycan hələ 30 illik tarixi ədaləti bərpa etmək üçün addımlar atanda rəsmi Paris respublikamıza qarşı beynəlxalq arenada ziddiyyətli yanaşma sərgilədi. Emmanuel Makron hakimiyyəti hətta BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycan əleyhinə qətnamələrin qəbuluna cəhd etdi. Fransanın qətnamə oyunu özünü postmüharibə dövründə də büruzə verdi. Amma Yelisey sarayı öz istəklərinə - BMT TŞ-də ölkəmiz əleyhinə qətnamə, bəyanat qəbuluna nail ola bilmədi. Şübhəsiz, bunun əsas səbəbi Azərbaycanın daim haqlı mövqe nümayiş etdirməsidir. Bununla yanaşı, ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan azad edib. Belə olduğu təqdirdə BMT Təhlükəsizlik Şurasında təmsil olunan və haqqın, ədalətin yanında olan ölkələrin buna imkan verməməsi heç də təəccüblü deyil. Yada salaq ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı kağız üzərində qalan 4 qətnaməsi var idi. İndi demokratiyadan dəm vuran rəsmi Parisin həmin qətnamələrin yerinə yetirilməməsini gözardı etməsi gülüncdür. Özünü "mədəniyyət"in beşiyi kimi qələmə verən Fransada bu yaxınlarda XIX əsr görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsinin də şahidi olduq.

Şübhəsiz, ölkəmiz Fransanın səfirini geri çağırması məsələsinə səssiz qalmayıb. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb. Bəyanatda Fransanın BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda da dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut etdiyi qeyd olunub. Bununla yanaşı, Parisdə hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə ölkə parlamentində Azərbaycana qarşı çoxsaylı əsassız ittihamların, təhqir və təhdidlərin əks olunduğu, dövlətimizin ərazi bütövlüyünü, suverenliyini sual altına qoyan, xələl gətirən, keçmiş qondarma rejimi tanıyan qərar və qətnamələr də qəbul edilib. Əlavə olaraq, Fransa Avropa Parlamentində də ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasında fəal iştirak edir. Emmanuel Makron hakimiyyətinin hələ Laçın yolunda keçirilən ekoaksiya zamanı yaratdığı "blokada şousu" da çoxlarının xatirindədir.

Bu gün Fransa Cənubi Qafqazla bağlı xain planlarının icrasında Ermənistandan istifadə edir. Öz müstəmləkələrindən biabırcasına qovulan Fransa rəsmi Bakı və İrəvan arasındakı normallaşma prosesini ləngidir, regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına əngəllər yaradır. Yelisey sarayı Hayastanı silahlandırmaqla revanşizmi təbliğ edir, regionda gərginlik ocağını alovlandırmağa çalışır. Bu qədər ziddiyyətli addımlar atmasına baxmayaraq, Parisin "küskün" obrazı yaratması E.Makronun ikiüzlülüyünün pik nöqtəsidir.

Nəzrin ELDARQIZI,

"Respublika".