BMT-də
MÜSAHİBƏLƏR

BMT-də "Əlquds Alarabi" bürosunun rəhbəri: Ermənilər təkcə insanları öldürməyib, həm də tarixə qarşı soyqırımı ediblər

Qarabağda baş verənləri hər zaman yaxından görmək istəmişdim. Eşidirdik ki, ermənilər burada təkcə insanları yox, həm də tarixi öldürüb, tarixə qarşı soyqırımı ediblər. Gəldik, bunları gözlərimizlə gördük.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində BMT-də "Əlquds Alarabi" bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin professoru, Əl-Cəzirə, BBC, DW, "France 24" və digər media qurumlarının şərhçisi Abdelhamid Siyam deyib.

O, təkcə evlərin deyil, məscid və tarixi abidələrin də erməni vandalizminə məruz qaldığını bildirib: "Görünən odur ki, erməni vandalizmi sərhəd tanımır. Buradakı vəziyyəti ifadə etməyə söz tapa bilmirəm. Ermənilər bilirdilər ki, buranı tərk edəcəklər, ona görə heç bir tikinti işi aparmayıblar, ancaq dağıdıblar".

Abdelhamid Siyam BMT-də akkreditə olunan xarici KİV nümayəndələrinin Ağdama səfərini yüksək qiymətləndirərək deyib: "Biz, sadəcə, Amerikada fəaliyyət göstərən jurnalist deyilik. Eyni zamanda, BMT-də fəaliyyət göstəririk. BMT jurnalistlərinin burada baş verənləri görməsi lazımdır. Çünki Qarabağ mövzusu aktualdır. Sadəcə, Azərbaycanın problemi deyil, dünyanın müzakirə mövzusudur. Bizim bunları görüb, həqiqəti bilməyimiz xüsusi əhəmiyyət daşıyır".

AZƏRTAC